Gündə üç stəkan espresso qəhvəsi içmək prostat xərçəngi riskini 50% azaldır.
Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu, İtaliyadakı “İstituto Neurologico Mediterraneo Neuromed” tədqiqatçılarının gəldiyi nəticədir.
İtalyan alimlərinə görə, səhər bir stəkan məhz espresso prostat şişləri riskini maksimum 53% azaltmağa kömək edir. Onların fikrincə, gündə üç stəkan espresso içmək kişi xərçənginin əsas növlərindən birinin inkişaf riskini yarıya endirir və qəhvə də şiş böyüməsini basdırır.
Statistika göstərir ki, təxminən hər altı kişidən birinə ömürləri boyu prostat xərçəngi diaqnozu qoyulacaq, lakin yalnız 36 kişidən biri bu xəstəlikdən öləcək. Prostat xərçəngi kişilər arasında ölümün üçüncü əsas səbəbi olduğundan, alimlər yüksək kofein istehlakının xəstəliyin yayılmasının azalmasına kömək edəcəyinə ümid edirlər.
Tədqiqatın müəllifləri mərkəzi İtaliya bölgəsində 7 min kişinin sağlamlığını dörd il ərzində izləyərək onların qəhvə istehlakını diqqətlə təhlil ediblər. Daha sonra tədqiqatçılar onların sağlamlıq vəziyyətini prostat şişlərinin yayılması ilə müqayisə ediblər.
Məlum olub ki, gündə üç və ya daha çox stəkan espresso içənlərdə gündə iki və ya daha az stəkan içənlərlə müqayisədə bu növ xərçəngə tutulma halları 53% daha azdır. Daha sonra bu nəticələr laboratoriya təcrübələrində təsdiqlənib və tədqiqatçılar prostat xərçəngi hüceyrələrini qəhvə ekstraktına məruz qoyublar. Məlum olub ki, kofeinli ekstrakt müsbət təsir göstərib.
Burada qəhvə xüsusi italyan resepti ilə yüksək təzyiq altında qaynar su ilə və filtrsiz istehsal olunur. Bu üsul dünyanın digər yerlərində espresso hazırlanmasından əhəmiyyətli dərəcədə fərqlənir və nəticədə yerli qəhvədə bioaktiv maddələrin daha yüksək konsentrasiyası yaranır.