Sentyabrın 17-də Şəki Mərkəzi Rayon Xəstəxanasında
İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin
erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və
konsultasiyalar təşkil olunub.
Layihə Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai
Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələr İsrailin
Qadın Sağlamlıq Mərkəzi, Hayfa şəhərindəki "Xorev" Tibb Mərkəzi və
Torakal Cərrahiyyə İnstitutunun həkimləri tərəfindən aparılıb.
Azərtac xəbər
verir ki, müayinələrə başlamazdan əvvəl "Xorev" Tibb Mərkəzinin baş
həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri
xəstəxananın konfrans zalında tibb ocağının həkim və mütəxəssisləri
ilə görüşüblər. Görüşdə qadınlarda süd vəzi və onkoloji
xəstəliklərin müalicəsi ilə bağlı söhbət aparılıb, metodiki
məsləhətlər verilib, müalicə prosesində yeni texnologiyaların
tətbiqi ilə bağlı təkliflər səsləndirilib.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub.
Sonra israilli mütəxəssislər qadınlarda süd vəzi xəstəlikləri,
ginekologiya, onkologiya, endokrinologiya, terapevtik sahələr üzrə
müayinələr aparıblar. Ümumilikdə 100-dək xəstəyə baxış keçirilib və
onlar müvafiq təyinat alıblar.