Bu gün Beynəlxalq Mətbuat Mərkəzində həkim
səhlənkarlığına görə ağır vəziyyətə düşən 6 yaşlı Nihada dəstək
üçün mətbuat konfransı keçirilib.
Axar.az xəbər verir ki, konfransda Nihadın atası Rəşad Bağırov,
anası Elnarə Bağırova, hüquq müdafiəçisi Samir Zeynalov və mətbuat
nümayəndələri iştirak edib. Konfransda çıxış edən Samir Zeynalov
insanları bu kimi həssas mövzulara diqqətli olmağa çağırıb:
"2014-cü ilin yayında Diaqnoz Tibb Mərkəzində Nihad Bağırov
səhvən qoyulan adenoid tonzillit diaqnozu ilə əməliyyat olunub. Bu,
bir çox insanın keçirdiyi və səhiyyədə ən təhlükəsiz sayılan
əməliyyatlardan biridir. Ancaq əməliyyatdan 9 gün sonra Nihad
Bağırovun ağzından və burnundan ifrat dərəcədə qan gəlməyə
başlayıb..."
Atası Rəşad Bağırov əlavə edib ki, uşaq həmin gün ölümdən
dönüb:
"Qucağımda az qalsın keçinirdi, heç cürə qanı kəsmək mümkün
olmurdu. Diaqnoz Tibb Mərkəzində, cərrahiyyə əməliyyatını həyata
keçirən həkim Qəmbər Qocayevin yanına apardım, ancaq bu həkim uşağa
heç yaxın da durmadı. Heç bir müayinə-filan aparmadan birbaşa
sistem köçürdülər".
"Hələ əməliyyat edən həkim Qəmbər Qocayev utanmaz-utanmaz ailəyə
deyib ki, uşağınızın 15 gün ömrü qalıb. Alın, aparın. Əgər
Bağırovlar ailəsi öz vəsaiti və xeyriyyəçi insanların köməyi ilə
övladlarını 73 min manat xərcləyərək Türkiyədə 6 dəfə ağır
əməliyyat etdirməsəydilər, bu gün balaca Nihad həyatda olmazdı.
Bütün bunlara baxmayaraq, Diaqnoz Tibb Mərkəzindən Nihadın aqibəti
ilə heç kim bu 2 ildə maraqlanmayıb. Bizim xahişimiz odur ki, bütün
dövlət orqanları bu ailənin həyatının həkim Qəmbər Qocayevin
apardığı yanlış əməliyyat nəticəsində məhv olduğunu bilsin və
ailəyə dəstək olsunlar", - Samir Zeynalov vurğulayıb.