Hazırda Azərbaycanda uşaq ölümləri 2 promilli
artıb.
Bunu Modern.az-a
açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat
Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev
deyib.
Baş pediatr ölüm səbəblərinin artmasına aydınlıq gətirib. O,
yeni doğulanlarda daha çox müşahidə olunan xəstəliklərin içərisində
doğuş asfiksiyası və yarımçıq doğuşları xüsusi qeyd edib:
"Doğum asfiksiyası hamiləliyin başa çatdırılmadan doğuşun baş
verməsidir.
Bundan başqa, yeni doğulmuşlarda bətndaxili infeksiyalara çox
rast gəlinir. Həddindən artıq az çəkili uşaqların doğuşunun artması
var.
Əvvəllər 28 həftəlikdən sonra dünyaya gələnlər yeni doğulan kimi
qiymətləndirilirdi. 28 həftədən tez doğulanlara gecikmiş düşük
deyirdilər.
2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma üzrə
yeni meyarlarını qəbul etmişik. Bu da tibbi texnikanın inkişafı ilə
bağlıdır. O meyarlara görə, hamiləlik müddəti 22 həftə və ondan
artıq, bədən kütləsi 500 qram və ondan artıq olan, həyat əlaməti
görülənlər diri doğulmuş uşaq kimi qiymətləndirilir.
500, 600, 700 qramlıq uşaqlara qulluq edilməsi də yeni əmələ
gəlmiş problemdir. Hazırda tibbi texnikanın inkişafı ilə əlaqədar
olaraq bətn xaricində 500 qramlıq uşaqlara xidmət edilir.Bunun
səbəbi də doğuş asfiksiyasıdır. Bu doğuş yollarında, bətn daxilində
uşaqların oksigensiz qalaraq boğulmasına deyilir. Bunun da çoxsaylı
səbəbləri var".
N.Quliyev eyni zamanda bildirib ki,1990-cı illərin əvvəllərilə
müqayisədə, 25 il ərzində Azərbaycanda uşaq ölümləri 3 dəfəyə qədər
azalıb:
"2015-2016-cı illərdə isə uşaq ölümləri 2 promilli artıb. Bu da
təbii olaraq yuxarıda qeyd etdiyim kimi diri doğulmanın yeni
meyarlarına keçidlə bağlıdır. Əvvəl 500 qram çəkidə dünyaya gələn
uşaq kimi qiymətləndirilmir, gecikmiş düşük adlandırılırdı. Amma
indi onlara da diri doğulan kimi yanaşıldığından uşaq ölümlərinin
sayında artım var.
22-28 həftə ərzində dünyaya gələn uşaqlarda yaşama şansı az,
ölüm riski çox olduğuna görə, 2 promillik (1 promil əhalinin mində
bir hissəsidir. Uşaq ölümləri promillə ölçülür. ) artım var. Yəni,
bizdə hər min nəfərə 2 nəfər uşaq ölümü baş verir. Məsələn Orta
Asiyada diri doğulmanın yeni meyarlarına keçiddən sonra uşaq
ölümləri 5-7 promilli artıb. Bizdə cəmi 2 promilli artım var, bu da
təbiidir və bu gün üçün qənaətbəxşdir. Biz çalışırıq ki,
göstəricilərimiz dünyanın inkişaf etmiş ölkələrinə bərabər olsun.
Hazırda bizdə körpə ölümləri 10-12 promilli arasında dəyişir.
İstəyimiz odur ki, göstəricini 4-5 promilliyə çatdıraq. Hansı ki,
1990-cı ilin ortalarında bu göstəricilər 30 promilli olub".