Qarın ağrısı, yüksək hərarət ciddi uroloji problemin
əlaməti ola bilər. Uşaqlarda uroloji problemlərin bir çoxu
anadangəlmə patologiyalarla bağlı yaranır. Bu problemlər gec
aşkarlandıqda, ya da problemə səhlənkar yanaşdıqda fəsad yaranır,
böyrəklər zədələnir, böyrək hüceyrələri ölməyə başlayır və böyrək
çatışmazlığı inkişaf edir. Belə hallarla qarşılaşmamaq üçün
zamanında həkimə müraciət etmək vacibdir, problem varsa, vaxtında
düzgün müalicəsi aparılmalıdır.
Bunu APA TV-nin "Öncə sağlıq" proqramında uşaq
cərrahı-uroloq, Kliniki Tibbi Mərkəzin əməkdaşı, tibb üzrə fəlsəfə
doktoru Allahverdi Musayev deyib.
Həkim bildirib ki, bu gün diaqnostik metodların təkmilləşməsi
sayəsində uşaqlarda olan bir çox problemi vaxtında aşkarlamaq
mümkün olur: "Erkən diaqnostika sayəsində patologiyaların sayında
da artım müşahidə edilir. Əslində isə bu problemlər əvvəllər də
mövcud idi, sadəcə, o zaman diaqnostik imkanlar bu qədər geniş
olmadığına görə, problemləri aşkarlamaq çətin olurdu".
Onun sözlərinə görə, hətta uşaqlarda elə patologiyalar var ki,
onları uşaq ana bətnində olanda, hamiləliyin 3-4-cü ayında
aşkarlamaq mümkün olur: "Məsələn, böyrəklərdə olan genişlənməni
uşaq ana bətnində olanda aşkarlamaq mümkündür. Hətta çox cüzi
genişlənmə olsa belə bu, ultrasəs müayinəsi ilə çox rahatlıqla
aşkarlanır.
Əgər mütəmadi olaraq bu hal nəzarətdə saxlansa, böyrək
genişlənməsinin get-gedə artdığı müşahidə edilsə, hamiləliyin
7-8-ci aylarında dölə müdaxilə edib, böyrəklər zədələnməsin deyə
ora kateter yerləşdirmək mümkündür".
Belə hallara az rast gəlindiyini açıqlayan həkim onu da deyib
ki, böyrəklərdə genişlənmə varsa, uşaq doğulandan sonra da
nəzarətdə saxlanmalıdır: "Bəzi hidronefrozlar, yəni böyrək
genişlənmələri əməliyyatsız keçib gedir, nəzarət altında
saxladığımız problemin iki yaşdan sonra öz-özünə aradan qalxdığının
şahidi oluruq. Amma bəzən böyrəkdə genişlənmə get-gedə çoxaldığı
üçün əməliyyata ehtiyac yaranır".
Böyrək yolunun anadangəlmə bağlı olması hallarına da rast
gəlindiyini deyən A. Musayev bildirib ki, belə olan hallarda sidik
kisəyə süzülmür və böyrəkdə yığılır: "Bu, uşaq doğulandan bir neçə
gün sonra da baş verir və dərhal müdaxiləyə ehtiyac yaranır. Yolu
açandan sonra böyrəklər xilas olur və uşaq ömür boyu bir problem
yaşamır".
Mütəxəssis qeyd edib ki, son zamanlar daha çox uşaqlarda qarın
ağrıları, qusma şikayətləri ilə müraciətlər edilir: "Qarın ağrıları
ilə bağlı şikayətlərin çoxu uşaqlarda sidik yolları infeksiyaları,
o cümlədən sistitlərlə bağlı olur. Bu problemlərin çoxu müalicə ilə
aradan qalxır. Təbii ki, burada vaxtında diaqnozun qoyulması və
düzgün müalicənin təyin olunması önəmlidir. Bəzən isə bu
problemlərin altda yatan səbəbinin anadangəlmə patologiyalar olduğu
üzə çıxır. Məsələn, böyrəklərin özünün, onlardan gələn sidik
axarlarının ikiləşməsi kimi patologiyalara rast gəlinir".
Onun sözlərinə görə, anadangəlmə patologiyalar nəticəsində sidik
bəzən geri qayıdır, bu, temperaturun yüksəlməsinə, qusmaya səbəb
olur: "Belə hallar ayda bir-iki dəfə təkrarlana bilir. Uşaqlarda
stress nəticəsində də bu problemin meydana gəlməsi mümkündür.
Stress sidik kisəsi əzələlərində də gərginlik yaradır, uşaq sidik
qaçırır, bu, birdən-birə gecələr də yaranmağa başlayır. Tez-tez
tualetə getmə halları da müşahidə edilir. Bu hala daha çox 5-6
yaşlarda rast gəlinir. Bəzən uşaqlar dərslərin oxumasın deyə
sidiyini sıxıb saxlayır və saatlarla sidiyə getmirlər. Belə hallar
da müalicə ilə aradan qalxır".
Həkim deyib ki, uşaqlarda təkrarlanan sistitlər ciddi
problemlərdən biri sayılır və bir sıra hallarda "qapaq
çatışmazlığı" deyilən problem nəticəsində ortaya çıxır.
A.Musayev bildirib ki yüksək temperatur, sidiyə gedə bilməmək
kimi əlamətlər varsa, gündüz və ya gecələr sidik qaçırma, qarında
ağrı yaranması kimi əlamətlər valideynləri narahat etməlidir: "Yəni
bütün bunlara ciddi yanaşmaq və mütəxəssisə müraciət etmək
lazımdır. Məsələn, qapaq çatışmazlığı kimi bir problem zamanında
aşkarlandıqda bəzən cəmi on beş dəqiqəlik endoskopik bir prosedurla
problemi birdəfəlik aradan qaldırmaq mümkün olur. Daha ağır qapaq
çatışmazlığını isə məcbur qalıb əməliyyat edib, qapaq
düzəldirik.
Qapaq çatışmazlıqları çox zaman anadangəlmə olduğu üçün daha çox
1-5 yaşlarda rast gəlinir. Uşaq doğulandan sonra rast gəlinirsə,
8-10 aya, bir yaşa qədər gözləyirik, müalicə edirik. Müalicə ilə
aradan qalxmayanda problemi əməliyyatla aradan qaldırırıq. Bəzən
1-2-ci dərəcəli reflüksləri, yəni qapaq çatışmazlıqlarını kontrolda
saxlamaqla, müalicə ilə aradan qaldırmaq mümkün olur".
Mütəxəssis qeyd edib ki, uşaqlarda bir qisim uroloji problemlər
yanlış mütəxəssis, qeyri-ixtisas həkimlərinə müraciət edilməsi
nəticəsində inkişaf etməyə başlayır: "Bəzən uşağın ayda 2-3 dəfə
yüksək temperaturu olur. Bununla bağlı müalicə aparıb temperaturu
qaydaya salırlar, amma bir dəfə də olsun USM müayinəsi aparılmır.
Çox zaman yüksək temperatur boğazda olan problemlə əlaqələndirilir,
halbuki bunun boğazla bir əlaqəsi olmur. Mütəxəssisə müraciət
edilənə qədər böyrəklər sıradan çıxır. Ona görə də uşaqda tez-tez
yüksək hərarət yaranarsa, valideynlər bunun səbəbini araşdırmağa
çalışmalı, diqqətli olmalıdırlar. Bu gün dünyada qəbul olunan
normalara görə, uşaqla ayda bir dəfə temperaturun olması normal
sayılır, amma bu, ayda bir neçə dəfə təkrarlanırsa, artıq
şübhələnməyə, geniş müayinələr aparmağa ehtiyac var.
Hər bir uşaq doğulandan sonra bir yaşına qədər mütləq qarın
boşluğunun USM müayinəsi olmalıdır. Valideynlər bilməlidirlər ki,
USM müayinəsinin heç bir ziyanı yoxdur.
Bəzən uşaqda heç vaxt USM müayinəsi aparılmır və valideyn uşağı
kəskin böyür ağrısı ilə xəstəxanaya gətirir. Baxıb görürük ki,
uşaqda böyrək çıxışında anadangəlmə bağlılıq olub və bu səbəbdən
böyrək şişərək partlayacaq həddə çatıb. Hətta böyrək şişdiyi
hallarda hiperaktiv uşaq yüksəklikdən tullanan zaman böyrəyin
partladığı hal da olub. Halbuki bütün bunlar zamanında aşkarlansa,
aradan qaldırılar, heç əməliyyata ehtiyac qalmaz".
Uşaqlarda böyrək daşı problemi barədə danışan mütəxəssis deyib
ki, Azərbaycanda çox az hallarda uşaqlarda böyrək daşlarına rast
gəlinir. Onun sözlərinə görə, uşaqlarda böyrək daşları daha çox
irsi problem sayılır və əsasən beş yaşına qədər ortaya çıxır: "Daş
sidik axarına düşdüyü zaman ciddi problemlər yarana bilir. Hətta
gecikdirilən hallarda dializ müalicəsinə qədər ağırlaşmalar baş
verir. Belə ağırlaşmaların olmaması üçün daşı da zamanında
aşkarlanması lazımdır. Çox zaman bu problem vaxtında aşkarlandıqda
kiçicik müdaxilə ilə aradan qalxır. Hətta bəzən müalicəyə də
ehtiyac qalmır, daşların tipi müəyyən olunduqdan sonra müvafiq
olaraq təyin olunan ot çayları xırda daşları təmizləyə bilir".
A.Musayev deyib ki, düzgün qidalanmama ilə bağlı olaraq
uşaqlarda 11-12 yaşda, ondan sonra da böyrək daşlarına rast
gəlinir. Onun sözlərinə görə, daha çox "fast food" qidalara
üstünlük verilməsi, duzdan çox istifadə daşların yaranmasında mühüm
rol oynayır.
Mütəxəssis onu da vurğulayıb ki, ana südü ilə qidalanan
uşaqlarda böyrək daşlarına demək olar ki, rast gəlinmir: "Uşaqlara
bir yaşdan sonra əlavə yeməklər veriləndə, sonradan yeməklərə daha
çox duz qatılanda daşların beş yaşa qədər ortaya çıxma ehtimalı
artır".
Həkim onu da deyib ki, hər bir uşaq beş yaşına qədər gündə bir
litrə yaxın su qəbul etməlidir, 10 yaşdan sonra isə bu miqdar 1,5
litr olmalıdır: "Tərkibi normativlərə uyğun qazsız sular içilsə
daha yaxşı olar. Ev şəraitində standartlara uyğun filtrlərdən
keçirilən sulardan da istifadə edilə bilər".