Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət
göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə
əsasən pullu xidmət göstərəcək.
APA-nın məlumatına
görə, bu, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri
dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb
müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə etdiyi dəyişiklikdə əksini
tapıb.
Nizamnaməyə əsasən indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi
pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri
Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış
pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə
bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığı nın
qorunması haqqında" qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət
göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə
əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən
ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Nizamnaməyə edilən digər dəyişikliyə əsasən bələdiyyə adından
yaradılan müəssisələrdə pullu tibbi xidmət göstəriləcək. Yalnız
"Əhalinin sağlamlığının qorunması haqqında" qanunda müəyyən edilmiş
pulsuz tibbi xidmət göstərmə halları istisna olacaq.
Qeyd edək ki, "Əhalinin sağlamlığının qorunması haqqında" qanun
pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən
edir. Qanuna əsasən Azərbaycan ərazisində daimi yaşayan
əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə
müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara
təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla
məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və
pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan
şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq
hüququ var. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar
üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və
ailə-nigah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair,
habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə
yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz
məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq
hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuş və
doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində
ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. Məişət
zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin
müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin
edilir. Yetkinlik yaşına çatmayanların peşə yararlığı
müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var.
Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi
yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində
tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında
sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri
hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və
reabilitasiya olunmaq hüquqları var.
Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan
çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan
vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi
yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman
vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin
olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin
aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən
istifadə etmək hüquqları var. Fövqəladə hallarda insanların xilas
edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan
çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort
müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq,
qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna
malikdir. Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslər
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi
yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş
vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna
olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika
müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar
qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və
dispanser müşahidəsi ilə təmin olunurlar.