"İlk günlər uşaqda heç bir problem müşahidə etmirdik.
İki dəfə də həkim müayinəsində olmuşduq. Həkim bizə heç nə
deməmişdi".
Bu sözlər Axar.az-a Gəncə şəhərindən daxil olan şikayət
məktubunda yer alıb. Məktubda deyilir ki, martın 10-da Gəncə sakini
Məftunə Xudiyevanın Mərkəzi Klinika Gəncə Xəstəxanasında doğuşu
həyata keçirilib. Əvvəlcədən 700 manat ödənilərək normal doğuş
nəzərdə tutulsa da, doğuşun gecikməsi və ananın təzyiqinin yüksək
olması qeysəriyyə əməliyyatını zərurətə çevirib. Bu səbəblə
xəstəxanaya əlavə ödəniş edilib və ailənin xərci 1000 manata
qalxıb. Lakin bu məbləğə reallaşan doğuşun nəticəsi də ailəni əlavə
problemlərdən sığortalamayıb və keyfiyyət göstəriciləri ilə öyünən
xəstəxananın heç də digərlərindən üstün olmadığı üzə çıxıb.
Məlumatda bildirilir ki, hamiləliyə xəstəxananın ginekoloqu
Adilə Abbasova nəzarət edib. Həmin müddətdə hər hansı ciddi problem
yaşanmayıb. Lakin doğuşun gecikməsi və ananın təzyiqinin yüksəlməsi
ailənin narahatlığını artırıb. Növbəti dəfə müraciət edərkən
həkim–ginekoloq qeysəriyyə əməliyyatına qərar verib. Ailənin
sözlərinə görə, sonradan baş verənlər də göstərib ki, həkim doğru
qərar verib: "Ananın təzyiqini sabitləşdirmək mümkün olmurdu. Bütün
müdaxilələrə baxmayaraq M.Xudiyevanın zülal səviyyəsi də qalxmışdı.
Əməliyyatı cərrah Aydın həkim reallaşdırdı. Uşağın ağciyərlərinin
açılması da xeyli vaxt aparıb. Bizə təqdim olunan video
görüntülərdən də görünür ki, uşaq xeyli müddət ağlamayıb. Orada
bizə uşağın maye udduğunu, ananın suyunun isə kifayət qədər çirkli
olduğunu dedilər. Bir sözlə, nəzərdə tutulan 3 günün tamamında "hər
şey yaxşı qurtardı" deyib, sevincək xəstəxanadan çıxdıq".
Gecikən diaqnoz
Lakin ailənin sevinci uzun çəkməyib: "İlk günlər uşaqda heç bir
problem müşahidə etmirdik. İki dəfə də həkim müayinəsində olmuşduq.
Həkim bizə heç nə deməmişdi".
M.Xudiyevanın sözlərinə görə, doğuşda uşaq həkimi Mina Qocayeva
iştirak edib. Ancaq nədənsə, uşağı həmişə Sevda Əsgərova müayinə
edib: "Xəstəxanada 2 uşaq həkimi var. Mənimlə bərabər başqa 2 ana
da vardı. Yəni 3 yeni doğulmuş uşağı S.Əsgərova müayinə edirdi.
Başqa sözlə, S.Əsgərova digər həkim həmkarına imkan vermir. Mənim
uşağımı da həmişə S.Əsgərova müayinə edib. Xəstəxanadan çıxandan
sonra 2 dəfə - martın 15-də, və 19-da uşağımla birgə məhz onun
qəbulunda olmuşuq".
Ananın sözlərinə görə, martın 21-i gecədən başlayaraq uşaqdan
bəlğəm gəlməyə başlayıb. Sonradan vəziyyət daha da ağırlaşıb, hətta
uşaqda boğulmalar müşahidə edilib. Bu dəfə uşağı qohum həkim
müayinə edib və ağır dərəcəli pnevmoniya diaqnozu qoyub.
M.Xudiyevanın sözlərinə görə, uşağının həyatının təhlükədə
olması səbəbindən səhvə yol verib: "Mənim səhvim onda oldu ki, zəng
edib telefonla məlumat aldım. Oradan elə qiymətlər oxudular ki,
dilim-damağım qurudu. Düşündüm ki, həmin qiymətlərin altından qalxa
bilməyəcəm. Halbuki "Xəstəxananın yaratdığı, ya da vaxtında üzə
çıxarmadığı problemdir", - deyib qapısına dirənməli və onlarla
mübarizəyə elə o andan başlamalıydım. Lakin ilk övladım olduğundan
nə edəcəyimi bilmədim. Qalıb müalicə almaq bir yana, hətta uşağa
ilkin yardım göstərilməsi və onun Bakıya göndərilməsi üçün mənə elə
qiymətlər oxudular ki, ora getməklə vaxt itirmək istəmədim. Məncə,
deyilən həmin qiymətlər sağlamlığa yox, xəstəxananın xidmətindən
istifadə edənləri uzaqlaşdırmağa xidmət edir".
Çatışmayan oksigen
Çarəsiz ana Azərbaycanın ən böyük şəhərlərindən birində ən böyük
uşaq xəstəxanalarının qapısını döyüb. 2 saylı Gəncə Uşaq Klinik
Xəstəxanasında aldiği cavab həyəcanlı ailənin ümidsizliyini daha da
artırıb. Xəstəxana qapısına gələn çarəsiz ailəyə oksigen olmadığı
bildirilib.
Qeyd edək ki, regionların əksəriyyətində bu problem özünü
göstərir. Bir sıra uşaq ölümü faktlarında xəstəxanalarda məhz
oksigenin olmaması problemi mətbuatda dəfələrlə hallanıb. Hər dəfə
də ənənəvi olaraq, xəstəxanalar bu faktı təkzib edib. M.Xudiyeva da
eyni situasiya ilə qarşılaşıb. Xəstəxanaya müraciəti zamanı məlum
olub ki, klinik tibb ocağında uşağı müvəqqəti vəziyyətdən çıxartmaq
üçün də şərait yoxdur: "Axır ki, başqa bir özəl xəstəxananın
xidmətlərindən istifadə etdim və sonradan öz imkanlarım hesabına
uşağımı Bakıya çatdırdım. Elmi Tədqiqat Pediatriya İnstitutunda
reanimasiyada intensiv müalicə aldıqdan sonra əlavə 1000 manat xərc
çəkməklə uşağımı yenidən qucağıma aldım".
İndi ailə üçün də maraqlıdır ki, xəstəxananın kadr heyəti və
müasir avadanlıqları yeni doğulan uşaqda mövcud olan problemi niyə
vaxtında üzə çıxarmayıb? Onların sözlərinə görə, uşağı müayinə edən
bütün həkimlər problemin bir neçə gün deyil, doğuşdan meydana
gəldiyini söyləyib: "Hətta həkimlərdən biri doğuş zamanı çirkli su
udması və pnevmoniyanın buradan qaynaqlanması ehtimalını da qeyd
etdi. Həmin vaxt başa düşdüm ki, uşağım pnevmoniyaya məhz
xəstəxanada tutulub".
Odur ki, başına gələnlərdən "Mərkəzi Klinika" Gəncə
Xəstəxanasını sorumlu bilən ailə həkimin kəskinləşmiş formada olan
pnevmoniyanı mart ayının 19-da da müəyyən etməməsinin səbəbi ilə
maraqlanıb. Lakin bu səbəb hətta Mərkəzi Klinika MMC-nin
Rəhbərliyinin elektron poçtuna ünvanladığımız sorğuya göndərilən
cavabdan sonra da qaranlıq olaraq qalır.
Etiraf və inkar
Xəstəxanadan göndərilən cavabda etiraf edilir ki, yeni doğulmuş
uşaq 2 dəfə həkim-pediatr kontrolunda olub. Uşağın həyat
göstəriciləri normal olub və çəki artımı qeyd edilib: "10.03. 2014-
cü il tarixində Mərkəzi Klinika Sağlamlıq Qurumu Gəncə
Xəstəxanasında Xudiyeva Məftunə Turman qızı hamiləliyin 41
həftəsində normal doğuş üçün müraciət edib. Lakin doğuş
fəaliyyətinin zəif olması və ananın arterial təzyiqinin yüksəlməsi
səbəbilə tibbi göstərişə uygun olaraq Məftunə Xudiyeva üzərində
qeysəriyyə əməliyyatı icra olunub. Yeni doğulmuş uşaq Apqar şkalası
üzrə 7/8 balla qiymətləndirilib. Xəstəxanada yatış müddətində (3
sutka) yeni doğulmuş uşaq normal rejimdə pediatr təqibində olmuş,
peyvəndləri müvafiq qaydada icra olunmuş və 13.03.2014-cü il
tarixində praktik sağlam olaraq evə yazılıb. Evdə uşaq aktiv olmuş
və normal qidalanıb. Körpə həyatının 5-ci sutkasında MKSQ Gəncə
Xəstəxanasında həkim-pediatrın kontrol müayinəsində olmuş və heç
bir patologiya aşkarlanmayıb. Həyatının 9-cu sutkasında (19.03.2014
tarixində) yenidoğulmuş Dr. S. Mustafayeva tərəfindən təkrar
kontrol müayinə olunmuş, çəkisində 200 qr. artım olduğu və heç bir
patologiya aşkarlanmadığı qeyd edilib. Kontrol müayinələr zamanı
həkim tərəfindən anaya yenidoğulmuşa qulluq və qidalandırılma haqda
tövsiyyələr verilib. Ananın dediyinə əsasən həyatının 10-cu
sutkasından yenidoğulmuşda burun axmaları qeyd edilib, ertəsi
gündən xışıltılı tənəffüs artmağa başlayıb. 22.03.2014-cü il
tarixində yenidoğulmuş qohum pediatr tərəfindən müayinə olunub və
"Pnevmoniya" diaqnozu qoyulub".
Cavab məktubunda xidmətlərin tamamilə tibbi təyinatlar
çərçivəsində aparıldığı, müalicə həkimi tərəfindən hər hansı tibbi
səhvə, səhlənkarlığa yol verilmədiyi bildirilir.
M.Xudiyeva isə iddia edir ki, xəstəxanada S.Əsgərovaya qarşı
xüsusi münasibət var. Onun Gəncə Xəstəxanasına Bakıdan gəldiyi
deyilir. S.Əgərova bütün xəstələri özü müayinə edir. Mən
xəstəxanada olarkən 3 yenidoğulmuşun hamısını S.Əsgərovaya
yazmışdılar. M.Qocayeva doğuşda iştirak edən pediatr olsa da, mənim
uşağımı da məhz S.Əsgərova müayinə edirdi. Mənim şikayətimdən sonra
zəng edənlər mənə deyirdi ki, S.Əsgərovaya bir şey olan deyil. Olan
bizə olacaq. Xəstəxananı bağlayacaqlar, onu isə aparıb daha yaxşı
yerdə yerləşdirəcəklər. Səbəbini bilmirəm, ancaq S.Əsgərova
xəstəxanada "himayə olunur".
Həkim pediatr S.Əsgərova Axar.az-a açıqlamasında "uşağın həkimi
olaraq adının niyə yazıldığını" anlamadığını bildirib: "Mən doğuşda
iştirak etməmişəm. Doğuşda başqa pediatr olub. Mənim adımı niyə
yazıblar, bilmirəm. Ancaq olsun, uşağı mən müayinə etmişəm. Müayinə
etdiyim zaman uşaqda pnevmaniya olmayıb".
Xatırladaq ki, Mərkəzi Klinikanın Gəncədə ayrıca Qadın və Uşaq
Xəstəxanası da fəaliyyət göstərir. Ümumiyyətlə, hər il ən ucqar
rayonlarda belə müasir tibb mərkəzləri açılır. Ancaq təəssüf ki,
uşaqların sağlamlığı üzrə ixtisaslaşan çoxsaylı tibb
müəssisələrinin ya qiymətləri, ya da xidmət səviyyələri uşaqları
ora daxil olmağa, ya da oradan sağlam çıxmağa imkan vermir.