"Akademik M.A.Topçubaşov
Adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Yusif Əliyev
xəstəxanada özbaşınalıqla məşğuldur".
Bu barədə Axar.az-a şikayət məktubu ilə müraciət edən mühafizə
xidmətinin əməkdaşları bildiriblər.
Onların sözlərinə görə, baş həkim Y.Əliyev xəstəxanada öz
maraqlarına xidmət edən, dövlət qeydiyyatına alınmayan və qanunsuz
fəaliyyət göstərən "mühafizə xidməti" yaradıb.
Şikayətçilər bildirir ki, baş həkimin mühafizə xidməti
xəstəxananın həyətinə daxil olan maşınlardan, xəstə ziyarətinə
gələnlərdən pul tələb edir və bunu Y.Əliyevə ödəyirlər.
Baş həkimin xəstəxanada yaratdığı özəl qaydalar təkcə bununla
bitmir. Şikayətçilər qeyd edirlər ki, baş həkim məlumat şöbəsinin
Ayan adlı işçisinə yanına gətirdiyi hər xəstə üçün faiz ödəyir:
"Ayan xanım mədə-bağırsaq, damar, zob xəstələrini birbaşa baş
həkimin qəbuluna aparır. Buna görə də baş həkim ona faiz ödəyir.
Yusif Əliyev gün ərzində külli-miqdarda pul almaqla 2-3 xəstəni
əməliyyat edir. Xəstəsi çox olduqda isə onları başqa həkimlərə
satır. Bir sözlə, baş həkim xəstəxanada xəstə alveri edir.
Xəstəxanada pulsuz heç bir şey mümkün deyil".
Məktubda o da qeyd edilib ki, xəstəxananın bütün həkimləri
apteklər və 60-a yaxın dərman firması ilə alver edir.
"Apteklər, əksər dərman firmaları xəstəxanada öz reseptlərini,
dərmanlarını təqdim edirlər. Hansı həkim xəstəyə daha çox dərman
yazırsa, firmalar həmin həkimə pul ödəyir. Bunun üçün də onlar baş
həkim Yusif Əliyevdən buraxılış qəbzi alırlar. Hər qəbz bir il üçün
500 manatdır".
Şikayətçinin sözlərinə görə, Səhiyyə Nazirliyinin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göndərişi ilə gələn
imkansız xəstələri baş həkim müayinə etməkdən imtina edərək, zəif
və bacarıqsız həkimlərə həvalə edir:
"Nəticədə keçən ay Topçubaşov adına xəstəxanada 6 xəstə ürək
əməliyyatı ilə yerləşdirilən anjo-stentdən dünyasını dəyişib".
Qeyd edək ki, şikayətçilər xəstəxanada baş həkimin
özbaşınalıqları ilə bağlı Prezident İlham Əliyevə, Səhiyyə naziri
Oqtay Şirəliyevə, H.Əliyev fondunun prezidenti Mehriban Əliyevaya
məktub ünvanlayıblar və bu rüşvətxor baş həkimin əməllərinə qiymət
verilməsini xahiş edirlər.