Səhiyyə Nazirliyi mətbuatda
adı dəfələrlə qalmaqallarda hallanan Ucar Mərkəzi Rayon
Xəstəxanasının cərrahı Cavanşir Qədirovla bağlı araşdırmaya
başlayıb.
Bu barədə Axar.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli açıqlamasında bildirib. Nazirlik sözçüsü əlavə
edib ki, mətbuatda cərrahla bağlı dəfələrlə şikayət xarakterli
yazılar dərc edilməsinə baxmayaraq, hələ ki, nazirliyə müraciət
edən olmayıb:
"Əgər bu həkimlə bağlı bu qədər şikayət varsa, bəs niyə
nazirliyə müraciət etmir həmin şəxslər? Mətbuata bildirməkdənsə,
şikayətçi olan neçə nəfər varsa, hamısı nazirliyə müraciət etsin.
Bu, həmin həkimə qarşı şantaj, əvvəlcədən hazırlanmış kampaniya da
ola bilər ki, onu mətbuat vasitəsilə gözdən salırlar. Çox qəribədir
ki, bütün rayonun narazı olduğu həkimlə bağlı nazirliyə bir dəfə də
müraciət olunmayıb. Belə müraciət daxil olsa, nazirlik dərhal
araşdırma başladar".
A.Qədirli əlavə edib ki, mətbuatda C.Qədirovla bağlı dəfələrlə
şikayət məktubları işıqlandırıldığı üçün nazirlik artıq araşdırmaya
başlayıb:
"Mən artıq rayon rəhbərliyi ilə bununla əlaqədar danışmışam. Baş
həkimə də müraciət edib bildirmişəm. Artıq araşdırma da aparılır.
Ancaq hələlik heç bir fakt qeydə alınmayıb. Araşdırmanın nəticəsi
barədə ictimaiyyətə məlumat veriləcək".
Xatırladaq ki, cərrah Cavanşir Qədirovla bağlı mətbuatda
dəfələrlə rüşvət alması ilə bağlı qalmaqallı şikayət məktubları
işıqlandırılıb. Bu barədə təkcə Axar.az-a son bir ayda iki şikayət
məktubu daxil olub ki, onların da hər biri cərrahın qeysəriyyə
əməliyyatından sonra xəstənin qohumlarından rüşvət tələb etməsi ilə
bağlıdır. Ucar rayon sakini Purqafari Azər Ələsgər oğlu şikayətində
həkimin onlardan 400 manat pul tələb etdiyini, pulu vermədikləri
üçünsə xəstəxanada onları yüksək səslə söyüb təhqir etdiyini
bildirmişdi.
Həmçinin, cərrah ötən ilin dekabrın 25-də də qeysəriyyə
əməliyyatı ilə uşaq dünyaya gətirmiş ananı onlardan tələb etdiyi
iddia edilən 400 manatı verə bilmədikləri üçün evə buraxmırdı.
Bundan başqa, 2014-cü ilin aprel ayında sözügedən xəstəxanada
xəstədən pul tələb edən C.Qədirovun əməliyyat etdiyi 19 yaşlı qadın
uşaq dünyaya gətirdikdən sonra ölmüşdü. Həkim qadının təbii doğuşla
azad ola bilməyəcəyini deyərək, qeysəriyyə əməliyyatını məsləhət
bilmişdi. Ölüm faktı ilə bağlı xəstəxanadan bildirmişdilər ki,
ananın vəziyyəti qeysəriyyə əməliyyatından sonra yaxşı olub. Lakin
əməliyyatdan sonra o, ayağa durmaq istəyəndə yıxılaraq başını
möhkəm əzib, komaya düşüb və komadan ayılmayıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bu günlərdə cərrahla bağlı
Axar.az-a göndərilən növbəti şikayət məktubunda onun içki düşkünü
olduğu qeyd edilib. Mənbə həmçinin bildirib ki, cərrah hətta bütün
əməliyyatlara da içkili vəziyyətdə girir:
"Bütün ucarlılar bilir ki, Cavanşir Qədirov aşırı alkoqol qəbul
edən biridir. Pasiyentləri də bunun şahididir. Həmçinin çox kobud
və söyüşcüldür. Dəfələrlə xəstəxanada içkili vəziyyətdə yüksək
səslə kimisə təhqir edib".