Sentyabr, oktyabr aylarında dəriyə necə qulluq
etməli
Qızmar yay günəşi dərinin
parlaqlıq və təravətini itirməsinə səbəb olur. Üstəlik, fəsillərlə
bağlı hormon dəyişikliyi, xroniki xəstəliklərin aktivləşməsi
müxtəlif dəri problemlərinin meydana çıxmasında əsas rol oynayır.
Bütün bunlar, çivzə və sızanaqlar, qara ləkə və çillərlə üz
dərisində özünü açıq-aydın büruzə verir.
Bərpaedici maskalar, lasyon və toniklər,
yumşaldıcı-təravətləndirici kremlər mövsümi problemlərin qarşısını
almaq üçün geniş istifadə olunan vasitələrdəndir.
Bunları bilmək gərəkdir!
Qaynadılmış və ya filtirdən keçmiş su, həmçinin, xlorlanmış su
üz dərisinin qurumasına səbəb olur.
Kremlərin daha effektli təsiri üçün onların nəm dəriyə çəkilməsi
məsləhətdir.
Bütün növ kosmetik vasitələri dərinin tipinə uyğun seçmək
gərəkdir.
Kosmetik dermotoloji vasitələr aşağıdakı ardıcıllıqla istifadə
olunmalıdır:
Üz dərisi lasyon və təmizləyici su ilə təmizlənməli;
Tonik vasitəsi ilə təravətləndirilməli;
Maskalar qoyulmalı (həftədə 1-2 dəfə);
Gecə və gündüz nəmləndirici kremlərdən istifadə edilməli.
Xalq təbabəti
Quru həssas dəri üçün maska
Təmizləyici maska: Un halına salınmış yulaf
yarması bir neçə xörək qaşığı süddə həll olunur. Dairəvi əl
hərəkətləri ilə üzə çəkilir. 10 dəqiqə saxlanıldıqdan sonra əvvəlcə
isti, ardınca soyuq su ilə təmizlənir. Maska yuyulduqdan sonra
dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem
çəkmək lazımdır.
Qidalandırıcı maska
Yarım ədəd bananı bir yumurta sarısında qarışdırıb üzərinə 1 çay
qaşığı zeytun yağı və 10 damçı A və E vitamini əlavə edilir. Dəridə
15-20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur. Maskadan sonra
dəriyə qidalandırıcı, nəmləndirici və ya təravətləndirici krem
çəkmək lazımdır.
Yağlı dərilər üçün
1.Soyuq suda isladılmış 2-3 xörək qaşığı istənilən kosmetik
gilin üzərinə 1 yumurta sarısı və bir neçə damcı limon şirəsi əlavə
olunur. 15 dəqiqə üzdə saxladıqdan sonra ilıq su ilə yuyulur.
Maskadan sonra dəriyə yağlı və problemli dəri üçün istifadə olunan
krem və ya jel çəkilir.
2.Yumurta ağının üzərinə 10 damcı limon şirəsi və yarım çay
qaşığı bitki yağı əlavə edilib üzə çəkilir. 10 dəqiqə sonra ilıq su
ilə yuyulub yağlı dəri üçün kremdən istifadə edilir.
Qarışıq tip dəri üçün
1.30 qram qida mayası su və ya süd ilə xama qatılığında
qarışdırılır. Nazik qat üz dərisinə çəkilir. 15 dəqiqə
saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur.
Maskanın ardınca qarışıq dəri üçün kremlərdən istifadə edilir.
2. Çox da böyük olmayan alma sürtgəcdən keçirilir, üzərinə 1
yumurta sarısı, 1 çay qaşığı bal (bala qarşı allergiyanız
yoxdursa), 6-7 damcı portağal şirəsi qatılır. 10- 15 dəqiqə
saxlanıldıqdan sonra əvvəlcə isti, sonra soyuq su ilə yuyulur və
qarışıq dəri üçün kremlərdən istifadə edilir.
Diqqət!
Maskalar gözətrafı nahiyələrə çəkilmir.
Buz ilə səhər massajı
Bu massaj həftədə 2-3 dəfə səhərlər üz, boyun və dekolte
nahiyəsi üçün nəzərdə tutulur. Dərinin təravətlənməsi, qan
dövranının tənzimlənməsi, qocalma prosesinin ləngiməsi üçün bu
prosedur çox effektivdir.