Dünya kinosunun nəhəng simalarından biri Andrey
Tarkovski iki dəfə ailə həyatı qurub.
Axar.az böyük rejissor və onun həyatında olan qadınlarla bağlı
yazını Samirə Əşrəfin tərcüməsində təqdim edir:
İrme Rauş
Andrey Tarkovskinin hər evlilikdən bir oğlu doğulub. İlk
evləndiyi qadınla 1957-ci ildə tanış olub. İrme Rauş adlı bu qadın
Tarkovskinin Kinematoqrafiya Universitetində tələbə yoldaşı olub.
1957-ci ildə evlənirlər. Elə həmin il oğlan övladları dünyaya
gəlir. Tarkovski oğlunun adını atasının şərəfinə Arsen qoyur.
Körpənin dünyaya gəlişindən sonra onların ailə həyatı pozulur. İrma
Rauş "İvanın uşaqlığı" filmində İvanın anası rolunu ifa edib.
60-cı illərin əvvəlində Tarkovski artıq subay kişi olur.
Valentina Malyavina…
Lakin bir müddət sonra o, "İvanın uşaqlığı" filmində baş rolu
ifa edən aktrisa Valentina Malyavinaya aşiq olur. Aktrisa həmin
günləri belə xatırlayır: "Onunla birlikdə olmaq çox çətin idi. O,
hər zaman məni özününküləşdirmək istəyirdi. Heç vaxt məndən
ayrılmaq və qopmaq istəmirdi. O, çox dahi və istedadlı insan idi.
Sonra mən operator Pavel Arsenova ərə getdim. O isə evləndi. Lakin
münasibətimiz davam edirdi. Çox yaxın dostlarımız bizim sevgimizdən
xəbərdar idilər. Və onlar bizim münasibətimizə çox diqqətlə
yanaşırdılar.
O, çox qəribə adam idi. Bəzən çox isti havada başına qalın papaq
qoyub, boynuna şərf bağlayıb bayıra çıxardı. Bununla yanaşı o, həm
də çox müasir və səliqəli geyinərdi. Həmçinin gözəl geyimli və
baxımlı qadınların vurğunu idi. Məndən tez-tez nə üçün onunla ailə
qurmadığımı xəbər alırlar… Doğrudur, bir çox gözəl aktrisa onun
filmində çəkilməyi, onunla sevgili olmağı arzu edirdi. Onlar
ölümündən sonra belə onu öz aralarında bölə bilmədilər. Mən isə
istəmədim. Çünki belə bizim hamımız üçün asan olacaqdı…"
"İvanın uşaqlığı" filmi 1962-ci ildə Venesiya film festivalında
əsas mükafatı qazanır. Həmin festivala Tarkovski məhz Valentina
Malyavinayla gedir. Yazılanlara inansaq, Tarkovski ilə Malyavina
arasından qara pişik həmin ərəfədə keçir. Belə ki, festivala
yollanan film heyətinin tərkibində filmdə əsgər rolunu ifa edən
aktyor Andrey Konçalovski də olur. Malyavinanı dəlicəsinə sevən
Tarkovski isə sevdiyi qadını Konçalovskiyə qısqanır. Bu qısqanclıq
isə Malyavina ilə Konçalovskinin gecə barlarının birində səhərə
qədər birlikdə olmalarından sonra daha da güclənir. Onların gecəni
birlikdə keçirmələrindən hiddətlənən Tarkovski ilə aktrisa arasında
gərginlik yaranır. Həmçinin növbəti gecə Tarkovski ilə bir otaqda
qalan Konçalovski qapını nə qədər döysə də, rejissor qapını onun
üzünə açmır.
Larisa Kizilova…
"Andrey Rublev" filminin çəkilişləri başlayan zaman Tarkovskinin
bütün həyatı dəyişir. Belə ki, o, ikinci dəfə evlənəcəyi qadın
Larisa Kizilova ilə tanış olur. Larisa onun sonuna qədər evli
olduğu qadın olur. Bu evlilikdən də onların bir oğlu olur.
Larisa ilə evlənməsini Tarkovskinin bir çox yaxın dostları və
qohumları qəbul etməyib. Hətta bu məsələ ilə bağlı Tarkovski öz
doğma bacısı ilə dəfələrlə mübahisə edib, münasibətini kəsməli
olub. Larisa həmin günləri belə xatırlayır: "Bizimki ilk baxışdan
məhəbbət idi. Film direktorunun kabinetində əyləşmişdim. Birdən o
gəldi. Bilmirdim ki, o, Andrey Tarkovskidir. Gördüm çox işıqlı,
zərif, gözəl geyimli kişi içəri daxil oldu. Hisslərimi büruzə
verməmək üçün mübarizə aparırdım. Onun mehriban münasibətinə cavab
verməməyə çalışırdım. Axı biz ikimiz də ailəli idik. Mənim bir
qızım, onun isə oğlu vardı. Hər ikimiz də bir-birimizə
yaxınlaşmamaq üçün mübarizə aparsaq da, nəticəsi olmadı. Bizim iş
münasibətimiz sevgiyə çevriləndə, Andrey mənim qarşımda diz üstə
çöküb dedi: "Əziz Lara, bizim münasibətimiz müəyyənləşməyənə qədər
mənim sizə olan sevgim ötüb keçməyəcək. Sizə o qədər hörmət edirəm
ki, heç vaxt sizə "sən" deyə müraciət edə bilmirəm". Mən isə cavab
verdim ki, eyni duyğuları mən də sizə qarşı hiss edirəm. Biz yeddi
il nikahsız birlikdə olduq. Nikaha qarşı çıxanda mən idim. Mənə elə
gəlirdi ki, onun mənə qarşı olan hissləri ötüb keçəcək. Lakin
sonralar belə qərara gəldik ki, evlənsək yaxşıdır. Toydan əvvəl
Andrey "Solyaris" filmi üçün xaricə uçmalı oldu. Toy günü havanın
pis olması ucbatından Andrey vaxtında gəlib çata bilmədi.
Sonralar mən onsuz, o isə mənsiz yaşaya bilmirdik. Mənim
ürəyimlə bağlı problemim olduğundan tez-tez xəstələnirdim.
Xəstələnəndə həmişə deyərdim ki, mən birinci öləcəyəm. O isə cavab
verirdi. "Sən necə xudbinsən. Əvvəlcə mən öləcəyəm".
Nataliya Bondarçuk: "Onu mənə vermədilər…"
Andrey Takovskinin növbəti sevgilisi isə aktrisa Nataliya
Bondarçuk olur. Onlar tanış olduqları zaman hər ikisi evli olur.
Onların arasındakı məhəbbət "Solyaris" filminin çəkilişləri zamanı
başlayır. Deyilənə görə, "Solyaris" filminin qəhrəmanı məhz
rejissorun ikinci arvadı Larisa Kizilovanın prototipi olur. Hətta
Tarkovski bu qadının əlindən o qədər bezir ki, "İfritə" adlı
ssenari də yazmalı olur. Nataliya ilə Tarkovski arasında yaranan
məhəbbətin ömrü çox da uzun çəkmir. Bir müddət sonra onlar
ayrılırlar. Lakin Nataliya dahi adlandırdığı rejissoru unuda
bilmir. Hətta depressiyaya düşüb intihara cəhd edir.
Nataliya Tarkovski haqqında xatirələrində yazır: "İndi onun
arvadı Larisanın haqqında çox sözlər yazılır. Onu Tarkovskini
ailəsindən ayırmaqda, xaricə köçüb orda yaşamasında və ölümündə
günahlandırırlar. Ancaq bütün hallarda o, Larisanı seçdi. Deməli
onun yanında görmək istədiyi qadın məhz Larisa idi.
Mən ondan çox güclü təsirlənmişdim. O, ilk dəfə məni görəndə
"Baxın, necə də gözəldir. Bu ki, lap mələkdir", - demişdi. O, mənə
rəsm əsəri kimi saatlarla baxmağı çox sevərdi. Maraqlı olan bu idi
ki, o, məni özünə yaxın buraxmışdı. Hətta sonralar deyirdi ki, mənə
elə gəlir, səni mən yaratmışam".
"Solyaris" filmi Kannda əsas mükafata layiq görüləndə biz onunla
bir yerdə idik. Lakin mən bilirdim ki, bizim sevgi romanımızın başa
çatmasına az qalıb. Elə də oldu. Festivaldan qayıdanda hava
limanında onu həyat yoldaşı və oğlu qarşılayırdı.
Onunla ayrılıq mənə baha-başa gəldi. Çünki mən onun məşuqəsi
olmaq istəmirdim. O da bunu başa düşürdü. Lakin onsuz da yaşaya
bilmirdim. Sonra mən intihara cəhd etdim. Damarlarımı kəsdim… İndi
həmin hərəkətimi çox dəhşətli və qorxulu addım hesab edirəm. Ancaq
o vaxtı bircə fikir məni məşğul edirdi.
"Onu mənə vermədilər…
Bu məhəbbət ailəmin dağılmasına səbəb oldu.
Bu təhlükəli sevgidən sonra mən kilsəyə gedib, müqəddəs suda
təmizləndim.
Bədbəxtlikdən ikinci ərim xilas etdi məni.
Bizi yaxınlaşdıran həm də Tarkovskiyə olan məhəbbət idi. Çünki
Nikolay Burlyaev "İvanın uşaqlığı" filmində baş rola çəkilmişdi.
Mən onu Tarkovskinin xəyali oğlu kimi sevdim".
Əsrarəngiz Marqarita Terexova…
Andrey Tarkovskinin həyatında daha bir qadının olması da güman
edilir. Bu "Ayna" filminə çəkilən aktrisa Marqarita Terexova idi.
Rejissorun bacısı müsahibələrinin birində qeyd edir ki, Marqarita
ilə qardaşı arasında bir yaxınlaşma olmuşdu. Bu fikri Tarkovskinin
ikinci arvadı Larisa Kizilovanın qızı Olqa da öz müsahibəsində
təsdiqləyir. Lakin aktrisa özü heç vaxt Tarkovski ilə sevgi
münasibəti olduğunu açıqlamayıb. Həmçinin bir çox mənbələrdə
rejissorun qızlığı olan Olqadan da xoşu gəldiyi bildirilir. Hətta
Larisa qızını Tarkovskidən uzaq tutmaq üçün əlindən gələni
edirmiş.
Rejissor ölümündən az əvvəl Aleksandr adlı daha bir oğlu
olduğunu da öyrənir. Bu oğlanın anası isə Skandaviyalı Berit
idi.
Tarkovski əlli dörd yaşında xərçəng xəstəliyindən dünyasını
dəyişir. Ölümündən bir müddət əvvəl o, arvadı Larisa və oğlu ilə
birlikdə Fransaya köçür və heç vaxt Moskvaya qayıtmayacağı xəbərini
mətbuata açıqlayır: "Nə diri, nə də ölü halda mənim və mənim
yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəmə
qayıtmaq istəmirəm".
Qohumlarının və bacısı Mariyanın israrına məhəl qoymayan,
rejissorun son anına qədər onun yanında olan arvadı Larisa onun son
vəsiyyətini yerinə yetirərək Tarkovskinin "Sent Jenevyev de Bua"
qəbiristanlığında dəfn etdirir.
Rejissor özü aktrisalarla olan sevgi münasibətlərinə belə
açıqlama gətirir: "Əgər aktrisanın yaxşı oynamağını istəyirsənsə,
onunla yatmalısan".