Köhnə filmlərimiz həm süjet xəttinə, həm dialoqlarına,
həm də aktyor-aktrisa heyətinə görə gözümüzün əzbəridir. Bu
filmlərdə böyük sənətkarlarımızla yanaşı, qonşu dövlətlərdən dəvət
olunmuş aktrisalar da uğurla çıxış edərək bizə
doğmalaşıb.
Axar.az Azərbaycan filmlərində rol alan və tamaşaçılar
tərəfindən çox sevilən əcnəbi aktrisalar haqda yazını təqdim
edir:
Fəxrəddin Manafovun sevimli Meral Konratı
Məşhur Təhminə... Türk aktrisa, müğənni, maneken və aparıcı olan
Meral Konrat əslən Krım tatarıdır. Özünü sənətin müxtəlif
sahələrində sınayan Konrat bir vaxtlar ssenarilər də yazıb. Biz isə
onu daha çox "Təhminə" filmindəki unudulmaz qadın kimi
tanıyırıq.
İlk filmi ilə mükafat alan aktrisa 1993-cü ildə rejissor Rasim
Ocaqov tərəfindən Azərbaycana dəvət olunur. Yazıçı Anarın
"Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında çəkilən
"Təhminə" filmində rol almağı məmnuniyyətlə qəbul edən aktrisa
rolunun öhdəsindən məharətlə gəlir və Azərbaycan tamaşaçısının
sevimlisi olur. Sevilən aktyorumuz Fəxrəddin Manafovla unudulmaz
bir melodram yaradan Təhminə mühafizəkar cəmiyyətə qarşı mübarizə
aparır, lakin bu mübarizədə çoxluq təşkil edən cəmiyyət qalib
gəlir. Təhminə həm tək, həm də tənha qalır. Və bu mübarizə onun
məhvinə gətirib çıxarır.
Qayınanasına zülm edən İnarə Quliyeva
"Adın qalsın, Afət!" Filmimizin ən məşhur əcnəbi qadın
oyunçularından biri, "Qayınana" filminin Afəti – İnarə Quliyeva
Moskva şəhərində dünyaya gəlib. Rusiyanın əməkdar artisti olan
aktrisanın babası azərbaycanlıdır. O, 1978-ci ildə məşhur
"Qayınana" filminə çəkilir, mərhum aktrisa Nəsibə Zeynalova, xalq
artisti Fuad Poladov, İlham Namiq Kamalla eyni filmdə rol alır.
Filmdəki obrazı haqqında danışan İnarə xanım böyük sənətkar
Nəsibə Zeynalovanı maraqlı bir zarafatla yada salır:
"Afət obrazında mənim öz xarakterimdə olan xüsusiyyətlər də var.
Amma deyim ki, Nəsibə xanımın oynadığı qayınanalar da həyatda az
deyil. Ancaq çəkiliş prosesində Nəsibə xanım hamıya qarşı həddindən
artıq mülayim, gülərüz, diqqətcil və hörmətlə davranırdı".
Filmdə rolunu məharətlə canlandıran İnarə Quliyeva bu gün də
uşaqdan böyüyə hamı tərəfindən Afət kimi tanınır. Bir sözlə, rolu
ona öz adını xatırlamağa imkan vermir.
Amaliya Pənahovanın qısqandığı qadın – Tamara
Yandiyeva
Unudulmayan qadın... İnquşetiyalı gözəl aktrisa Tamara Yandiyeva
çəkildiyi 18 filmin 16-da baş rolu canlandırıb. O, daha çox "Bəbək"
filmindəki Pərvin obrazı ilə bizə tanışdır. Hazırda Moskvada
yaşayan Tamara Yandiyeva Rusiya, Çeçen-İnquş, Şimali Osetiya və
Abxaziyanın əməkdar artisti, İnquşetiyanın xalq artistidir.
Yandiyevanın eyni zamanda müğənnilik fəaliyyəti də olub. "Loam"
qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi "Xyu sayran xita
eça" ("Sən çeşmə başına gələndə") mahnısı ilə bütün Qafqazda
məşhurlaşıb.
Bakıda faciə ilə üzləşən Nonna Paçuaşvili
Gürcü qızı Nonna Tiflis Teatr İnstitutunu bitirib və Şota
Rustaveli adına Gürcü Dövlət Dram teatrında çalışmağa başlayıb.
Teatr aktrisası olan Nonna Paçuaşvili həyatı boyu yalnız bir neçə
filmə çəkilib ki, bunun da biri Azərbaycan filmi olan "Əhməd
haradadır" filmidir. O, filmdə Əhmədin bacısı, sürücü Əhmədin
sevgilisi Ceyran rolunu canlandırır. Film çəkilişlərindən əvvəl
onun həyatında faciə yaşansa da, aktrisa maraqlı bir obraz
canlandırmağa müvəffəq olur. Nonna Paçuaşvili həmin illəri belə
xatırlayır:
"Məni bu rola dəvət edəndə həyat yoldaşım Tamazi ilə yeni
evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən
institutun 3-cü, o isə 5-ci kursunda oxuyurdu. Filmin çəkilişləri
vaxtı Tamazi məni görmək üçün Bakıya gəldi. Mehmanxanada səs
valları ilə işləyən mikrofonun düyməsini basanda qəfildən onu
elektrik cərəyanı vurdu. Yoldaşım gözümün qarşısında canını
tapşırdı. Onda mən hamiləliyimin dördüncü ayını yaşayırdım.
Çəkilişlərdən imtina eləmək istəyirdim, çünki çox ağlayırdım. Amma
elə o vəziyyətdə də işimi davam etdirdim. Sonra oğlum dünyaya
gəldi, adını elə atasının şərəfinə Tamazi qoydum".
Azərbaycan filminin Mətanəti – Tamara
Kokova
"Bir məhəllədən iki nəfər" filmində Həlimə, "İyirmialtılar"
filmində Çaparidzenin arvadı, "Torpaq, dəniz, od, səma" filmində
Gülsüm rollarını canlandıran Tamara Kokova yaddaşımızda daha çox
"Bir qalanın sirri" filmindəki Mətanət rolu ilə qalıb. Film-nağılda
amansız hökmdara qarşı kasıb, qeyrətli insanların mübarizəsindən
danışılır.
Aktrisa bu filmə görə sevilsə də, ona başqa bir filmimizin uğur
gətirdiyini bildirib:
"Azərbaycan tamaşaçılarının "Bir qalanın sirri" filminə hələ də
həvəslə tamaşa etmələrinə görə çox şadam. Bununla belə, mənim üçün
əlamətdar olan film Əjdər İbrahimovun "Bir məhəllədən iki nəfər"
filmidir. Bu film SSRİ-də və xaricdə xeyli uğur qazanmışdı və mənə
böyük şöhrət gətirdi. Bundan sonra müxtəlif filmlərə dəvət almağa
başladım".
Rəşid Behbudovun əziz dostu – Tamara
Çernova
Bəxtiyarın Saşası... Böyük Vətən Müharibəsi illərində "Uralmaş"
zavodunda çalışan, hospitallarda növbətçi olan Tamara Çernovanın
ulduzu anidən parlayır. 1947-ci ildə Leninqradda Teatr İnstitutunun
aktyorluq fakültəsinə qəbul olunur və bir ilə yaxın təhsil alır.
1950-ci ildə filmlərin çox az çəkildiyi dövrdə ekranlaşdırılan
"Qoçaq insanlar" filmində debüt edən Tamara dərhal məşhurlaşır.
Lakin ailə qurduğuna və ana olduğuna görə uğurlu film
təkliflərindən imtina edir.
1955-ci ildə "Bakı kinostudiyası"nın çəkdiyi "Bəxtiyar" filmində
Rəşid Behbudovun tərəf-müqabili, uşaqlıq dostu və sevdiyi Saşa
rolunu canlandırır. Filmdə sədaqətli dostluq bağları, hicran, saf
duyğular öz əksini tapır. Uzun çəkişmələrdən, maneələrdən sonra
Bəxtiyarla Saşa bir-birinə qovuşur.
Tamara Çernova hazırda ABŞ-da yaşayır.