Belə söz-söhbətlər bizim
kimi xalq artistlərinə yaraşmaz.
Bu sözləri xalq artisti Həmidə Ömərova Leyla Şıxlinskayanın onun
barəsində "Həmidə Ömərovanı tanımıram. Şəfiqə Məmmədovanı isə ən
yaxşı aktrisa hesab edirəm" fikri ilə bağlı Axar.az-a danışarkən
deyib:
"Deməli, o, çəkildiyi Azərbaycan kinosunun sonrakı dövründən
xəbərsizdir. Yəqin, Leyla Şıxlinskaya uzun müddət xaricdə yaşayıb
və bizim filmləri izləməyib. Ona görə bilmir ki, 1980-cı ildən
sonra mən Azərbaycan filmlərinin 70 faizində varam. Şəfiqə
Məmmədovanı ən yaxşı aktrisa hesab edir, onu tanıyır. Yəqin ki,
Şəfiqə xanım da o dövrkü filmlərdə çəkilib. Mən də Şəfiqə
Məmmədovanı çox yaxşı xarakter aktrisası hesab edirəm. Amma
Azərbaycan kinosunda Leyla Şıxlinskayadan sonra kinoda öz tutarlı
sözünü demiş aktrisalar var. Mən Moskvada Kinematoqrafiya
İnstitutunun aktyorluq şöbəsində təhsil almışam, peşəkar
aktrisayam. Hesab edirəm ki, kinoda sözümü demişəm. Leyla
Şıxlinskayaya mənim böyük hörmətim var, baxmayaraq ki, o, 1980-cı
illərdən sonra Azərbaycan filmlərini izləmir, bizləri tanımır.
Ondan fərqli olaraq, mən Leyla xanımı tanıyıram. Çünki mən 25 ildən
çoxdur ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində kino tarixindən dərs deyirəm, kino tarixçisiyəm.
Leyla xanım isə ixtisasca həkimdir. O da öz ixtisasını yəqin ki,
yaxşı bilir. Leyla xanım xoreoqrafiyanı bitirib, amma kinoda onun
zahiri gözəlliyindən istifadə edib, çəkiblər. Yaxşı alınıb. Əsasən
atası Tofiq Tağızadənin filmlərində çəkilib. Görürsünüz, mən
Azərbaycan filmlərinin tarixini çox gözəl bilirəm".
Həmidə Ömərova Şıxlinskayaya məsləhət də verib:
"1980-cı ildən bu yana çəkildiyim filmlərdə tarixi obrazlar da
yaratmışam. "Nizami" filmində Müslüm Maqomayevlə çəkilmişəm. Belə
çıxır ki, Leyla xanım bilmir ki, Eldar Quliyev "Nizami" filmini
çəkib?! Və yaxud da ki, Leyla xanım "Qorxma, mən səninləyəm", "Yol
əhvalatı", "Üzeyir ömrü" və s. Bu kimi məşhur Azərbaycan filmlərini
izləməyib? Biz buna görə onu qınaya bilmərik. Yəqin, o həkim kimi
öz sferasında daha məlumatlıdır. Leyla xanım aktrisa olsaydı, mənim
iradım olardı. Yəni peşə etibarı ilə... Amma o həkim olub, uzaq
keçmişdə filmlərimizdə çəkilib. Ona görə mən heç incimirəm. Təbii
ki, o, Şəfiqə xanımı tanıyır, çünki yaş etibarı ilə onlar həmyaşıd
ola bilərlər. Mən ondan yaşda kiçiyəm, ona görə məni tanımır. Şəxsi
mövqeyidir, hörmətlə yanaşıram. Hesab etmirəm ki, Leyla xanım
qərəzli şəkildə deyər ki, mən Həmidə Ömərovanı tanımıram. Amma
hansısa aktrisanı tanımasaydım, efirdə heç vaxt deməzdim ki,
filankəsi tanımıram. Burada bir qərəz axtarmıram. Sadəcə, 35 ildir
Leyla xanım Azərbaycan filmlərini izləmir. Bircə onu deyirəm ki,
mən Həmidə Ömərova onu tanıyıram. Çünki uşaqlıq illərimdə onun
iştirakı ilə olan "Arşın mal alan" filminə baxmışam. Biz şou
adamları deyilik, belə söz-söhbətlər bizim kimi xalq artistlərinə
yaraşmaz. Mən Leyla xanıma uzun ömür arzu edirəm və arzu edirəm ki,
vaxtı olanda mənim çəkildiyim, heç olmasa, bir filmə baxsın. Mən
onu tanıdığım qədər qoy, o da məni tanısın, tanımasa da, canı sağ
olsun. Onsuz da xalq öz sənətkarlarını yaxşı tanıyır. Məni siz
sevirsiniz, tanıyırsınız, bəsimdir".
Xatırladaq ki, Leyla Şıxlinskaya "5-ci element" verilişində
Həmidə Ömərovanı tanımadığını, ən yaxşı aktrisa Şəfiqə Məmmədovanı
hesab etdiyini bildirib. Leyla Şıxlinskaya xalq artisti Amaliya
Pənahovanı da yamsılayıb və onun Əsmər rolunu səsləndirməsini
bəyənmədiyini qeyd edib.