Təəssüf ki, ondan istifadə
olunmadı.
Bu fikri dünən axşam saatlarında vəfat edən istedadlı aktyor,
əməkdar artist Ələsgər Məmmədoğlu haqda danışarkən sənət dostu,
əməkdar artist Əli Nur Axar.az-a deyib.
Əli Nur onun ölümünə görə çox sarsıldığını bildirdi:
"Ələsgərlə mən 1966-cı ildən bir yerdə olmuşuq. O vaxt "26-lar"
Mədəniyyət Sarayında tanış olmuşduq. Ələsgər çox orijinal, gözəl,
təbii aktyor idi. Təəssüf ki, ondan istifadə olunmadı. Ümumiyyətlə,
bu sözlər bizim məşhur aktyorlarımız, korifeylərimiz haqda da
deyilib. Deyənlərin hamısı da əcnəbi rejissorlar olub. Deyiblər ki,
heyf bu aktyorlardan istifadə olunmadı. Ələsgər nadir aktyorlardan
idi ki, tamaşaçılar onun vurğunu idi. Ələsgər səhnədə pıçıltı ilə
danışanda ən arxada oturan tamaşaçı onun aydın səsini, gözəl
ləhcəsini eşidirdi. Bilirsiniz, belə aktyorlar Akademik Milli Dram
Teatrında çox az olub. Vaxtilə dahi Stanislaviski deyirdi ki,
Moskva Bədii Teatrı kənardan aktyor götürmür, o öz aktyorlarını
kolleksiya kimi yığıb saxlayır. Ələsgər Məmmədoğlu kolleksiya kimi
qorunan bir aktyor idi. Vəfat etdiyini eşidəndə sarsıldım. Çox
təəssüf... heyf Ələsgərdən, heyf".
Sabir Məmmədov da Ələsgər Məmmədoğlunun ən sevilən
aktyorlardan olduğunu dedi:
"Çox təmiz, sadə, qeyri-adi dərəcədə istedadlı insan idi.
Ələsgər həqiqətən də ən çox sevilən aktyorlardan biri idi. Onun
yaratdığı obrazlar həmişə böyük maraq doğururdu. Nəinki
Azərbaycanda, hətta Azərbaycan hüdudlarından kənarda da sevilirdi.
Bildiyimiz kimi, o, "Tehran 43" kimi populyar bir filmdə rol alıb.
Fransa ilə SSRİ-nin bir yerdə çəkdiyi filmdir. O filmdə Alen Delon
da oynayırdı. Bütün keçmiş Sovet ölkələrində Ələsgəri tanıyırdılar.
Azərbaycan teatrı böyük bir istedadını itirdi. Son aylarda bir neçə
aktyorumuz rəhmətə gedib. Onlar kimi Ələsgərin də yeri teatrda,
kinematoqrafiyada görünəcək".
Qeyd edək ki, Azərbaycan kinematoqrafiyasında yaddaqalan
obrazlar yaradan aktyor uzun sürən xəstəlikdən sonra dünən vəfat
edib.