Yanvarın 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev
Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan
"Əbədi ezamiyyət" sənədli filminin və "Qərib məzarlar"
kitab-albomunun təqdimat mərasimi keçirilib.
Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva təqdimat
mərasimində iştirak edib.
AzərTac xəbər verir ki, filmin nümayişindən
əvvəl layihə haqqında söhbət açılıb. Bildirilib ki, "Əbədi
ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin
yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi
ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin
kəşməkəşli taleyindən bəhs edir.
Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı,
Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə
araşdırmalar aparıb, bu şəhərlərdə video və fotoçəkilişlər edib,
Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə
görüşləri və söhbətləri lentə alıb.
"Qərib məzarlar" kitab-albomu isə 1919-cu ildə Parisə ezam
olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci
illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan
soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat
toplusudur. "Əbədi ezamiyyət" sənədli filmi və "Qərib məzarlar"
kitab-albomunun baş məsləhətçisi tanınmış diplomat Ramiz
Abutalıbovdur.
Təqdimat mərasimində bu layihənin ərsəyə gəlməsində göstərdiyi
dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya
təşəkkür bildirilib.
Vurğulanıb ki, Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü
uğurlara nail olmaq üçün kəşməkəşli bir tarixi yol keçib, bu yolda
çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub.
Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın
– Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin
gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də
asan başa gəlməyib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin
başa çatması ərəfəsində beynəlxalq aləmdə gedən qlobal proseslərə
siyasi qiymət vermək məqsədilə Paris Sülh Konfransının çağırılması
qərara alınıb.
Azərbaycan Xalq Cümhuriyyəti də xalqımızın milli dövlət
quruculuğu sahəsində gördüyü işlər barədə məlumat vermək, yeni
dövlətin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırmaq,
xüsusən Azərbaycanın müstəqilliyinin beynəlxalq birlik tərəfindən
tanınmasına nail olmaq məqsədilə 1919-cu ilin yanvarında Paris Sülh
Konfransına nümayəndə heyəti göndərib. Təxminən bir illik
mübarizədən sonra Paris Sülh Konfransı 1920-ci ilin yanvarında
Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur
yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib.
Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi
ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib və Paris Sülh
Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib.
Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.
Heç kimə sirr deyil ki, 70 illik sovet dövründə Paris Sülh
Konfransına göndərilmiş nümayəndə heyəti və onun xidmətləri barədə
danışmaq yasaq olunub.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu
səhifəsi də araşdırılmağa başlayıb, hətta ağır bərpa-quruculuq
işləri aparılan 1990-cı illərin əvvəllərində bu dövlətin
müstəqilliyi uğrunda həyatını qurban verənlərin xidmətləri
unudulmayıb.
Azərbaycan tarixinin yaşadılması, ölkəmizin tərənnümü, xeyirxah
və humanitar layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət
yetirən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan sənədli film
və kitab-albom mühüm layihə kimi dəyərləndirilib.
Qeyd edilib ki, "Əbədi ezamiyyət" filmi Bakı Media Mərkəzinin
Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli
filmdir. "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu"
adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya
kanalları vasitəsilə Azərbaycanda və "National Geographic" kanalı
ilə 26 ölkədə nümayiş olunub.
Sonra film təqdim olunub.
Ekran əsərindən göründüyü kimi, Azərbaycanı Paris Sülh
Konfransında təmsil edənlərin hamısı eyni tale yaşayıblar – yad
ölkə, nisgilli ömür, qərib məzar... Ünvan Fransa kimi cəlbedici
ölkə, Paris kimi gözəl şəhər olsa belə...
"Əbədi ezamiyyət" sənədli filmi Azərbaycanın müstəqillik
tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq
salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün
keçdiyi kəşməkəşli tarixə qürur hissi ilə baxmağa imkan verir.
Bir saatadək davam edən film böyük maraqla izlənilib. Bu ekran
əsəri 1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin
müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk
rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına
gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy
Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarəti ilə
yekunlaşır.
Filmdə vurğulanır ki, bundan sonra Azərbaycan Respublikası
Fransadakı istiqlal mücahidlərinin qərib məzarlarına sahib çıxıb.
Eyni zamanda, illərdən bəri baxımsız qalan bu qəbirlərin
itib-batmasının qarşısı məhz Heydər Əliyev Fondunun dəstəyi ilə
alınıb.
Bu xeyirxah layihəyə dəstək verənlərə ancaq sonsuz minnətdarlıq,
Fransadakı qərib məzarlarda uyuyanların ruhuna isə "Məkanınız
cənnət olsun!" demək düşür.