Yuxarı

Bu gün Vaşinqtonda çox ciddi qərarlar qəbul olunacaq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda regionumuz və ölkəmizlə bağlı baş verən prosesləri tarixi hadisə adlandıra bilərik. Çünki Cənubi Qafqaz sülh və əməkdaşlıq üçün yeni tarixi mərhələ astanasındadır. Azərbaycan Ermənistanın 30 illik işğal siyasətinə öz gücü ilə son qoyub. Bundan sonra isə bölgədə yeni səhifə açılmalıdır. Bu baxımdan, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona səfəri böyük əhəmiyyət kəsb edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, səfər təkcə regional məsələlərin deyil, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin gələcəyi baxımından da önəmlidir:

“Məlumdur ki, Donald Trampın yenidən Prezident seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Bayden administrasiyası dövründə gərginləşən ikitərəfli əlaqələr, hazırda qarşılıqlı etimad və siyasi dialoq əsasında yenidən canlanır. Prezident İlham Əliyevin ABŞ-a səfəri Azərbaycanın qlobal siyasi proseslərdə prinsipial mövqe nümayiş etdirən diplomatik xəttinin davamıdır. Bu səfər, həmçinin ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunduğunun növbəti təsdiqidir. Vaşinqtonda dövlət başçıları tərəfindən aparılacaq müzakirələrin nəticələri yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərinə təsir göstərə bilər. Çox təqdirəlayiqdir ki, artıq Tramp Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişin icrasının dayandırılması haqqında qərar verib. Bu qərar ölkəmizə qarşı ədalətsiz yanaşmanı ortadan qaldırır.

Düşünürəm ki, ötən gün Vaşinqtonda Prezident İlham Əliyevlə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü də kifayət qədər səmərəli oldu. Dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması da gələcək əməkdaşlığın perspektivlərindən xəbər verir”.

Millət vəkilinin sözlərinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit şərait yaranıb:

“İndiyədək müəyyən beynəlxalq aktorların Azərbaycan və Ermənistan arasında vasitəçilik təşəbbüsləri konkret nəticə verməyib. Tərəflər yalnız ikitərəfli platforma çərçivəsində irəliləyiş əldə ediblər. Bu ilin əvvəlində tərəflərin sülh sazişinin mətnini razılaşdırması məhz ikitərəfli danışıqlar nəticəsində əldə olunub. Bununla belə, beynəlxalq aktorlar proseslə bağlı tərəfsiz mövqe nümayiş etdirib optimal təşəbbüslər irəli sürərsə bunu dəyərləndirmək mümkündür. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsinin fonunda Moskvanın Cənubi Qafqazda mövqeləri zəifləyib. Son illər qardaş Türkiyənin qlobal güc kimi meydana çıxması isə regionumuzdakı proseslərə də təsirsiz ötüşmür. Nəzərə alaq ki, Ankara Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəal təşəbbüslər göstərir. Bir müddət öncə Nikol Paşinyanın Ankaraya dəvət olunması da bunun göstəricisidir.

Digər tərəfdən, Qərbin enerji və nəqliyyat dəhlizlərinə marağının yüksəlməsi ABŞ-a da proseslərə daha fəal qoşulmaq şansı yaradıb. Bayden administrasiyası dövründə Vaşinqton bir sıra vasitəçilik təşəbbüsləri göstərsə də, ermənipərəst mövqe sərgilənməsi həmin təşəbbüslərin fiaskosuna səbəb oldu. Lakin hazırda Tramp administrasiyası fərqli mövqe nümayiş etdirir. Bu gün rəsmi Vaşinqton Cənubi Qafqazda sülhün tezliklə əldə olunmasının tərəfdarıdır. Eyni zamanda, Tramp administrasiyası Zəngəzur dəhlizinin də açılmasına maraqlıdır”.

Millət vəkilinin sözlərinə görə, Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək:

“Gündəliyin əsas mövzusu da iki ölkə arasında sülh sazişinin imzalanması üçün vacib addımların atılmasıdır. Donald Tramp bəyanat verərək bu hadisənin tarixi əhəmiyyətini vurğulayıb. Verilən açıqlamalar və şərhlərdən belə qənaətə gəlmək olar ki, bu gün Vaşinqtonda çox ciddi qərarlar qəbul olunacaq. Həm sülh sazişi, həm də Zəngəzur dəhlizinin açılması istiqamətində müvafiq sənədlərin imzalanması gözlənilir”.

Samir Vəliyev qeyd edib ki, Donald Tramp yenidən Prezident seçildikdən sonra dünyada müharibələrin dayandırılmasına çalışacağını bəyan etmişdi:

“Nəzərə alaq ki, bu gün beynəlxalq birliyin diqqəti Vaşinqtondadır. Xüsusilə, Azərbaycan ictimaiyyəti Vaşinqtondan xoş xəbərlər gözləyir. Ümid edirik ki, nəhayət, Cənubi Qafqazda yeni bir səhifə açılacaq, xalqlarımız bundan sonra sülh və əməkdaşlıq şəraitində yaşayacaqlar. Xüsusilə, xalqımız Prezidentimiz İlham Əliyevin növbəti zəfərinə şahid olacaq”.

Tarix
2025.08.08 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hökumə Əliyevaya görə Bakı aeroportunda sükut - Video

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan

ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan

Netanyahunun Qəzzanı işğal planı təsdiqləndi

Vaşinqton sazişi: Putin buna risk etməyəcək – Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla