Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri zamanı Berlində baş verənlər iki ölkənin münasibətlərinə - səfərin məqsədi, imzalanan sənədlər, ümumiyyətlə bu ölkənin Azərbaycanla əlaqələrinə heç bir aidiyyəti olmasa da, bütövlükdə Avropanın hansı təhlükələrlə üzləşdiyi mənzərəsini də ortaya çıxardı. Söhbət Berlində təxribata cəhd edən bir qrup ünsürün çıxardığı oyundan gedir. Özlərini “siyasi mühacir” adlandıran bu ünsürlərin təxribatları – aksiya keçirmələri, yaxud hansısa şüar səsləndirməsi nə rəsmi Bakı, nə də rəsmi Berlin üçün maraqlı deyil. Hərçənd, proseslərin analizi Avropanın mərkəzində müxtəlif ölkələrin - qüvvələrin marionetka qrupları vasitəsilə “söz azadlığı”, “demokratiya”, “insan haqları” kimi məsələlər üzərindən öz məkrli planlarını həyata keçirdiyini aydın göstərir.
Berlində təxribat cəhdinin əsas hədəfi Azərbaycan idi. Təxribatçılar Bakı-Berlin xəttində strateji yaxınlaşmaya mane olmağa çalışsalar da, baş verənlər həm də Avropanın təhlükəsizliyinə ciddi risklər yaradır. Və bu risklər birbaşa müxtəlif dairələrə bağlı “siyasi mühacir” adlandırılan ünsürlər vasitəsilə edilir.
Bu ünsürlərin bir qismi özlərini “bloqer”, yaxud “jurnalist” kimi təqdim edir, bu ad altında təxribatlara əl atırlar. “Söyüş bloqeri” olan Tural Sadıqlının Berlində Azərbaycan rəsmi nümayəndə heyətinə qarşı etmək istədiyi də belə təxribat cəhdlərindən biri idi, lakin Prezidentin köməkçisi Hikmət Hacıyevin “cavab atəşi” ilə susduruldu. Bəlli idi ki, Tural Sadıqlı Prezidentin köməkçisinə yaxınlaşaraq, istədiklərini demək, daha sonra görüntüləri öz məqsədinə uyğun formada yayımlamağı planlaşdırırdı, lakin Hikmət Hacıyevin cavabı onun, ümumilikdə özlərini “siyasi mühacir”, yaxud “jurnalist” kimi təqdim edən “söyüş bloqer”ləri üçün “soyuq duş” effekti yaratdı. Hacıyev Sadıqlıya iki faktı aydın şəkildə izah etdi:
- onun və onun kimilərinin etdikləri Vətənə xəyanətdir;
- o və onunla eyni fəaliyyəti göstərənlər jurnalist deyil;
Hacıyevin dediklərinin mediada və sosial media platformalarında yaratdığı effekt təsadüfi deyildi, çünki bu ünsürlərin Avropada məskunlaşmaq imkanı qazanmaq üçün illərdir Vətənə xəyanət əməlləri, “peşəkar jurnalist” iddiaları və mənəviyyatdan uzaq fəaliyyətləri Azərbaycan cəmiyyətində ikrah doğurur. Və Prezidentin köməkçisi Azərbaycan xalqının demək istədiklərini dilə gətirdi.
“Söyüş bloqer”ləri Vətənə xəyanətlərini gizlətməyə, bunun əksini iddia etməyə çalışsa da, açıq mənbələrdə görüntülər var, hətta özləri də bunu yayıb. Misal üçün, 2023-cü ildə erməni diasporu/lobbisinin təsiri ilə Avropa Parlamenti Qarabağdakı separatçıları dəstəkləyən anti-Azərbaycan qətnaməsi qəbul edərkən, Tural Sadıqlı, Məhəmməd Mirzəli və Elşad Məmmədov bunu alqışlayırdı. Bu qətnamənin məqsədi Laçın yolunun açılmasına və Xankəndidə qalan separatçılara “nəfəsliyin” yaradılmasına nail olmaq, Azərbaycanın suverenliyini bərpa etməsinin qarşısını almaq idi. Vətən xainləri də məhz bunu dəstəkləyir, qəbul edilən qətnaməni gülə-gülə alqışlayırdılar. Bu, Vətənə xəyanət deyilsə, nədir?!
Bu, Vətən xainlərinin Avropa Parlamentində qətnamə qəbul edilməsinə nail olan erməni diasporu/lobbisinə bağlı olduğunu ispat edən faktlardan yalnız biridir. Və bu fakt həm də onu göstərir ki, Avropada məskunlaşan bu ünsürlər “jurnalist”, “bloqer”, “siyasi mühacir” adı altında müxtəlif dairələrin təsir agenti kimi fəaliyyət göstərirlər. Onların bu fəaliyyəti təkcə Azərbaycanın əleyhinə deyil, eyni zamanda, məskunlaşdıqları Avropa ölkələrinin də təhlükəsizliyinə riskdir. Avropa ölkələri bu haqda düşünməli, “siyasi mühacir” adı altında fəaliyyət göstərən təsir agentilərinin yaradatdığı riskləri hesablamalıdırlar.
Avropa bu ünsürlər arasında təkcə lobbi qruplarının yox, İranın da təsir agentlərinin fəaliyyəti haqda düşünməlidir. Çünki Berlində baş verənlər İranın Almaniyada, ümumilikdə Avropadakı təsir imkanlarının nə qədər geniş olduğunu və ciddi təhlükə yaratmaq potensialını ortaya çıxardı. Axı günlərdir Berlində Federal Kansler İdarəsinin binası qarşısında çadır quranlar heç də Qərb dəyərlərini müdafiə edən “vətəndaş cəmiyyətinin nümayəndələri” deyil. Doğrudur, hər şey – aksiyanın təşkili, “altı dindar qadına azadlıq” kimi şüarlar Avropanın “insan haqları”, “etiraz hüququ” mühitinə uyğundur və ilk təəssürat belədir ki, Qərb fondlarının maliyyəsi ilə növbəti “azadlıq marşı” səslənir. Lakin “şeytan təfərrüatlarda gizlənir” və detallar İranın Berlinin mərkəzində - Federal Kansler İdarəsinin önündə aksiya təşkil edə biləcək qədər irəlilədiyini deməyə əsas verir.
Detallar həqiqətən Avropa üçün qorxuludur. Günlərdir Kansler İdarəsinin önünə toplananların kimliyi, bu aksiyanın hansı maliyyə və sifarişlə təşkil edildiyini araşdıranda təhlükənin böyüklüyü daha aydın görünür.
Aksiyanın əsas təşkilatçısı kimi Orxan Ağayevin adı çəkilir. Özü də sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Almaniyada yaşayan bu şəxs “Müsəlman Birliyi Hərakatı”nın (MBH) Avropadakı əsas təmsilçilərindəndir. Təşkilatçılardan digəri - Ələmdar Bünyadov isə Azərbaycanda olarkən, “Müsəlman Birliyi Hərakatı”nın üzvü olub, Nardaranda törədilən təxribat planlarında iştirak edib. Bu iki faktla yanaşı, İranın tapşırığı ilə Azərbaycanda konstitusiya quruluşunu dəyişərək, şəritə rejimi qurmaq istəyən “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Tale Bağırzadənin aksiya iştirakçılarına təbrik məktubu ünvanlaması Berlinin mərkəzində “dini kanton”un formalaşdığını deməyə əsas verən detallar arasındadır. Aksiyanın təşkilinin birbaşa İranın maliyyəsi ilə həyata keçirildiyi haqda məlumatlar da var.
Baş verənlər bir sualı önə çıxarır: əslində Berlində nələr baş verir, Avropa hansı təhlükə ilə üz-üzədir?
Bu sualın cavabı Azərbaycan təcrübəsində var. İranın dini klerikal dairələrinə bağlılığını gizlətməyən Tale Bağırzadə 2015-ci ildə “Müsəlman Birliyi Hərəkatı”nı yaratdı və həmin il Nardaranda terror aktı ilə “Azərbaycanda şəriət rejimi qurmaq” planını həyata keçirməyə cəhd etdi. Nardaranın seçilməsi təsadüfi deyildi, çünki bu qəsəbədə illərlə Azərbaycan qanunları yox, İrandan verilən göstərişlər əsas götürülürdü. İran qəsəbəni faktiki olaraq, “dini kanton” hesab edirdi. Terror aktından sonra dövlət “dini kanton” planını darmadağın etdi və İrana bağlı şəbəkəni böyük ölçüdə neytrallaşdırdı. Lakin hər şey yekunlaşmamışdı. 2018-ci ildə Gəncə terroru ilə “Azərbaycanda şəriət rejimi qurmaq” planını yenidən işə salmağa çalışdılar. Bu dəfə keçmiş Azərbaycan vətəndaşlarının İranda yaratdığı “Hüseyniyyun” terror qruplaşması icraçı rolunda idi. Qruplaşmanın Suriyada təlim keçən üzvü Yunis Səfərov terror planını həyata keçirmək üçün Azərbaycana göndərilmişi. Nardarandan sonra Gəncədə də terror planının qarşısı dövlət tərəfindən alındı. Məhz bundan sonra İranın Azərbaycandakı şəbəkəsinin üzvləri Avropaya, xüsusilə Almaniyaya axın etməyə başladılar və “siyasi mühacir”, “insan haqlarının müdafiəçisi” kimliyinə büründülər. Yeni kimlik onlara həm “siyasi mühacir” kimi yaşamaq, Avropa ölkələrinin yaratdığı şəraitdən yararlanmaq, həm də İrandan verilən tapşırıqları “insan haqlarının müdafiəsi” adı altında icra etmək imkanı verir. Axı “qadın azadlığı” şüarı səsləndirməklə avropalıların gözündə Qərb fondlarının dəstəklədiyi prinsiplərin müdafiəçisi kimi görünmək çox asandır. Və beləliklə, gerçəkdə İrançı olan bu ünsürlər özlərini Qərb dəyərlərinin daşıyıçısı kimi göstərə, bu kamuflyaj altında gizlənə bilirlər.
Lakin faktlar deməyə əsas verir ki, İran vaxtilə Nardaranda yaratdığı “dini kanton”u hazırda Almaniyada qura bilib və bir göstərişlə - fətva ilə istənilən vaxt Avropada onları hərəkətə keçirərək, istədiyi planları icra edə bilir. İranın proksi qüvvələrinin fəaliyyət metodu da buna əminlik yaradır. Çünki bu qüvvələr birbaşa silahlanmır, əksinə, müxtəlif mədəniyyət mərkəzləri qurur, icmalaşır, cəmiyyətə təsir etmək istiqamətində işləyir, lazımi qüvvə toplandıqda və şərait yetişəndə hərəkətə keçirlər. Nardaran hadisələrinə qədər Azərbaycanda da belə etmişdilər: illərlə şəbəkələşmiş, müəyyən qüvvə toplamışdılar və şəraitin yetişdiyini düşünərək, hərəkətə keçdilər.
İndi eyni ssenari Almaniyada tətbiq edilir və təcrübə göstərir ki, İrana bağlı bu radikal ünsürlər şərait yetişəndə Tehranın direktivi ilə hərəkətə keçəcək. Hələki “dini kanton”un tam formalaşması mərhələsindədirlər. Almaniya bunun qarşısını almasa, Nardaran ssenarisi ilə üz-üzə qalacağı qaçılmaz görünür.