Ana səhifə Siyasət |
11:18
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Sosial Tədqiqatlar Mərkəzində (bundan sonra – Mərkəz) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Mərkəzin nizamnaməsinin təsdiqi;
2.1.2. nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.1.3. icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.1.4. Mərkəzin yenidən təşkili və ləğvi;
2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
2.2.1. Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;
2.2.2. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;
2.2.3. xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi;
2.3. Mərkəzə:
2.3.1. inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və fəaliyyət planlarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;
2.3.2. strukturunun Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etsin;
3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq tədbirlər görsün;
3.5. bu Fərmanın 3.4-cü bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Mərkəzin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Mərkəz:
4.1. dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş Nizamnamənin 5.1-ci bəndində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 dekabr tarixli 1890 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1172; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 7, maddə 841; 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “2012–2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın 2.4.14-cü yarımbəndinin “İcraçılar” sütunundan “, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti” sözləri çıxarılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 22 fevral tarixli 537 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. “7. Strateji hədəflər” hissəsi üzrə:
1.1. 7.2.2-ci yarımbəndin “Tədbir 2.2.1: İntensiv ferma modeli əsasında iri heyvandarlıq komplekslərinin yaradılmasının təşviqi” abzasında “Aqrolizinq” ASC” sözləri “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi” sözləri ilə əvəz edilsin;
1.2. 7.4.2-ci yarımbəndin “Tədbir 4.2.3: Müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi” abzasının birinci cümləsində “Aqrolizinq” ASC xətti ilə lizinqə” sözləri “Lizinqə” sözü ilə əvəz edilsin;
1.3. 7.4.3-cü yarımbəndin “Tədbir 4.3.3: Aqroservis xidmətləri bazarının inkişaf etdirilməsi” abzasının ikinci cümləsindən “Aqrolizinq” ASC-nin, eləcə də” sözləri çıxarılsın.
2. “10. Tədbirlər planı” hissəsi üzrə:
2.1. 4.2.3-cü yarımbəndin “Digər icraçılar/Tövsiyə” sütunundan “Aqrolizinq” ASC,” sözləri çıxarılsın, “Əsas icraçı” sütununa “Kənd Təsərrüfatı Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC” sözləri əlavə edilsin;
2.2. 4.3.1 – 4.3.3-cü yarımbəndlərin “Digər icraçılar/Tövsiyə” sütunundan “Kənd Təsərrüfatı Nazirliyi,” sözləri çıxarılsın və həmin yarımbəndlərin “Əsas icraçı” sütununda “Aqrolizinq” ASC” sözləri “Kənd Təsərrüfatı Nazirliyi” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Tarix
2019.04.12 / 17:48
|
Müəllif
Axar.az
|