Ana səhifə Siyasət |
İrəvandan olan bir qrup jurnalist ermənilərin kənd həyatını nümayiş etdirmək üçün ölkənin kənd və rayonlarından silsilə reportajlar hazırlamaq qərarına gəlib.
Axar.az xəbər verir ki, jurnalistlər erməni kəndlərini bir neçə gün gəzdikdən sonra İrəvana qayıdıblar.
Müəyyən vaxt keçdikdən sonra erməni mediasında yalnız bir məqalə dərc olunub: “Kiçik kənd estetinin arzuları”. Məqalədə Ermənistanın bir çox kəndlərinin boşalmasının hiss olunduğu qeyd olunub.
“Adamsızlıq ən çox yayda hiss olunur, bu vaxt küçələrdə heç kim olmur. Aruç kəndində də belədir. Burada kəndlilər əsasən bağçılıqla məşğul olur, kasıb yaşayır, buna görə hərdən evlərini tərk edib Ermənistanın və ya Rusiyanın yaşayış ərazilərinə köçürlər”, - məqalədə bildirilib.
Jurnalistlər uzun müddət boş küçələrlə gəzib, danışmaq üçün yerli sakin “tutmağa” çalışıb. Lakin Hollivudun “Mən əfsanəyəm” trillerində olduğu kimi, burada da jurnalistlər bir nəfər belə tapa bilmir.
“Əlacsız müxbirlər bundan sonra həyətlərə girməyə və günəşdən gizlənən qocalarla ünsiyyətə başlayıb. Bəxti gətirənlərin qarşısına uşaqlar çıxıb. Onlardan biri də 12 yaşlı Ayk olub. Aykın ən böyük arzusu kəndlərində yarıuçmuş evlərin olmaması və atasının evə qayıtmasıdır”, - erməni jurnalistin məqaləsində deyilib.
Məsələ burasındadır ki, Ermənistan əhalisinin kütləvi şəkildə miqrasiyası hər ötən il daha da çoxalır. Hətta Ermənistan rəhbərliyi də dəfələrlə etiraf edib ki, miqrasiya məsələsi ölkənin ən yaralı və kəskin problemlərindən biridir və hakimiyyəti daha çox narahat edir. Statistikaya əsasən, ermənilərin 80 faizi MDB ölkələrinə (əsasən Rusiya), 15 faizi Avropaya, 5 faizi isə ABŞ-a yollanır.
Erməni jurnalistin qarşısına çıxan kəndli uşağa qayıdaq. O, belə deyib:
“Kilsəyə daxil olub, orada qarğaların uçduğunu görmək çox kədərlidir. Hərdən onların səsindən nəfəs kəsilir, elə bil qorxu filminə baxırsan. Zəngin, çox zəngin olmaq istəyirəm. Kəndin bütün uşaqlarına velosiped almaq istəyirəm. Bir də atalarımızın heç bir yerə getməməsini istəyirəm”.
Uşaq bəlkə də problemin bütün ciddiliyini anlamır, ancaq jurnalist dəqiq bilir ki, uşağın arzusu yerinə yetə bilməz. Çünki ataları ailəsi aclıqdan ölməsin deyə ölkəni tərk etməyə məcburdur.
Rəsmi məlumat
Əmək miqrantları olmadan Ermənistan iqtisadiyyatı çoxdan çökə bilərdi. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, yalnız son bir neçə il ərzində bank köçürmələri ölkənin ÜDM-nun əsas hissəsini təşkil edib.
Xaricdəki miqrantlardan daxil olan maliyyə gəliri illik 2 milyard dollar təşkil edir. Ermənistan iqtisadiyyatı transferlər hesabında saxlanılan 15 ölkədən biridir.
Tarix
2019.07.15 / 13:56
|
Müəllif
Əli, Orxan
|