Ana səhifə Siyasət |
2016-cı ildə Venesuelanın Marqarita adasında keçirilən sammitdən sonra dünyada ciddi dəyişiklik baş verib.
Axar.az xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Bakıda keçirilən Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının XVIII zirvə görüşündə çıxışında deyib.
“Yeni geosiyasi ssenarilər üzə çıxıb. Bütün bunlar bizdən adekvat yanaşmalar tələb edir. Bu gün QH-nin üzvləri səylərini birləşdirərək, sülhün və sabitliyin təmin olunması istiqamətində çalışırlar. Biz dünyada qlobal qərarların qəbul edilməsində iştirak etməliyik. Türkmənistan inanır ki, bu çağırışların dəf edilməsində bizim imkanlarımız var. Bizim atdığımız addımlar, qəbul etdiyimiz qərarlar bu gün də aktuallığını itirmir. Beynəlxalq ictimaiyyət bizi qlobal təhlükəsizliyə çalışan təşkilat kimi qəbul etməlidir. Bunun üçün etimadın təmin edilməsi, beynəlxalq səviyyədə əsaslandırılmış qərarların qəbulu vacibdir.
Öz məsuliyyətimizi qavrayaraq, Türkmənistan BMT Baş Assambleyasının qəbul etdiyi qərarları tam qəbul edir. Biz dünyada sülhün təmin olunmasına bundan sonra da tam dəstək verəcəyimizi bəyan edirik. Ötən müddət ərzində BMT-nin qəbul etdiyi qərarların 23-nün qəbul olunmasında iştirak etmişik. Bu, sülh və təhlükəsizliklə bağlı qərarlardır. Bu çərçivədə ən əhəmiyyətli qərar qlobal təhlükəsizliyə qarşı mübarizə aparılmasıdır. Türkmənistan qlobal antiterror strategiyasının həyata keçirilməsinin tərəfdarıdır. Bu həm qlobal, həm də milli səviyyədə aparılmalıdır. Bu ölkələr birbaşa terrordan, hədələrdən əziyyət çəkirlər. Bir problem də qaçqınlar problemidir. Bir sıra dövlətlər bu problemlə üzləşir. Beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal etməliyik. Deməliyəm ki, Türkmənistan son 10 ildə 20 mindən artıq qaçqına və vətəndaşlığı olmayan şəxsə vətəndaşlıq verib”, - türkmən lider bildirib.
Q.Berdiməhəmmədov qeyd edib ki, digər məsələ QH-nin qlobal iqtisadiyyatda iştirakı ilə bağlıdır:
“İnkişafda olan ölkələr öz legitim hüquqlarının təmin edilməsinə qalxmalıdırlar. Süni baryerlərin aradan qaldırılmasında Qoşulmama Hərəkatı vahid mövqedən çıxış etməlidir. Bu baxımdan olduqca vacibdir ki, eyni prinsiplər olmalıdır, resurslara çıxış olmalıdır. Hasilatçıların, tranzit ölkələrin maraqları tarazlı şəkildə təmin olunmalıdır. Əhatəli enerji təhlükəsizliyi paktı tərtib edilməlidir”.
Türkmənistan Prezidenti Xəzəryanı ölkələrdən birinin paytaxtında olduqlarını xatırladıb:
“Bildiyiniz kimi, avqust ayında Xəzərlə bağlı forum keçirdik. Biz bu forumda Xəzər dənizinin ekoloji proqramını tətbiq etdik”.
Türkmənistan Prezidenti qeyd edib ki, gələn il Türkmənistanın neytral statusunun tanınmasının ildönümü qeyd olunacaq:
“Gələn il bizim hərəkata üzvlüyümüzün 25 illiyi tamam olacaq. 1995-ci ilin oktyabr ayında Kolumbiyanın Kartaxena şəhərində keçirilən sammitdə biz bu təşkilata qoşulmuşuq. Türkmənistan neytral dövlətdir və belə də qalacaq. Keçmişdən irəli gələrək bir çox tədbirlər təşkil etmişik. Bu da bizim fəlsəfəmizdən, məqsədlərimizdən, dəyərlərimizdən irəli gəlir. O xalqlar sülhü arzulayırlarsa, bir-birilərinin işinə qarışmamalıdırlar. Dekabr ayında bu istiqamətdə Aşqabadda tədbir keçiriləcək. Mən hamınızı bu tədbirdə iştirak etmək üçün Aşqabada dəvət edirəm”.
Tarix
2019.10.25 / 16:27
|
Müəllif
Axar.az
|