Yuxarı

Xalqın həyəcanından sui-istifadə cəhdləri... – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Milli Məclisin Mədəniyyət komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayevanın müsahibəsini təqdim edir:

- Qənirə xanım, mövcud sosial-iqtisadi durum mədəniyyət siyasətimiz üçün nə vəd edir?

- Sosial-iqtisadi siyasət nəticə etibarilə mədəniyyət siyasəti ilə tamamlanır, eyni dərəcədə, mədəniyyət siyasəti sosial-iqtisadi siyasətdə təzahür edir, nəticə verir. Mədəniyyət hüququ ilə hüquq mədəniyyətini, demək olar, insan-dövlət, fərd-cəmiyyət, daxili-xarici və s. münasibətlər sistemində baş verənləri, uğurları, hansısa problemləri məhz mədəniyyət prizmasından, mədəniyyət dünyasından çıxış edərək izah etmək, dəyərləndirmək mümkündür. Bu mənada biz Komitə olaraq, ölkəmizin tanınmış kulturoloqları ilə sıx əməkdaşlıq etmək istəyindəyik. Fikrimcə, kulturoloji düşüncə cəmiyyətin laylarına daha dərindən nüfuz etməlidir.

Ümummilli liderimizin iki fikrini xatırlatmaq istəyirəm: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” və “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Elə bilirəm, bu iki kəlam mədəni həyatımızla, mədəniyyət siyasətimizlə sosial-iqtisadi həyatımız, iqtisadi bloka aid siyasətimizin bir-birini tamamladığını aydın ifadə edir. Bu tamamlama siyasəti sinxron xarakter daşıyır desək, yanlış olmaz. Vətəndaşın qarşısına rahat, geniş yol, məhsul bolluğu, yeni iş yerləri, yaraşıqlı yaşayış kompleksləri və b. formada çıxan bu sinxronlaşmanı həyatımızın müxtəlif əməli fəaliyyət sahələrində görmək mümkündür. Bunun ASAN Xidmət, DOST mərkəzləri kimi parlaq infrastrukturları, habelə Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu kimi milli donor institutlarımız ümumxalq məhəbbəti ilə qarşılanmaqdadır. Artıq ASAN Xidmət və DOST mərkəzləri vasitəsi ilə milyonlarla vətəndaşımıza, böyük sayda xidmətlər göstərilib; milli donor institutlarımız yüzlərlə layihəyə qrant ayırıb, yaddaqalan işlər görülüb, yeni ictimai təsisatlar yaranıb, zəngin təcrübələr qazanılıb, gənc kadrlar yetişib və s. Hazırda qlobal pandemiya dönəmində fəaliyyət göstəririk; heç şübhəsiz, bu da həyatın demək olar, bütün sahələrinə, özəlliklə, sosial-iqtisadi sferaya təsirsiz ötüşmür. O dövlətlər, hökumətlər uğur qazanır ki, onlar bu, “elan olunmamış dünya müharibəsi” fonunda öz xalqını, vətəndaşlarını daha az itkilərlə çıxara bilsin.

- Dediyiniz mənzərənin yaranması üçün münbit şərait görürsüzmü? Sizcə, müvafiq strukturlar bu vəzifənin öhdəsindən nə dərəcədə gələ bilir?

- Cənab Prezidentin müəyyənləşdirdiyi və rəhbərlik etdiyi dayanıqlı sosial-iqtisadi siyasət qlobal pandemiya dövründə öz çevik reaksiyaları ilə diqqəti cəlb edir. Sosial-iqtisadi blokdakı gerçəkliklərin statistikasına, başqa sözlə, rəsmi təsdiq olunmuş rəqəmlərə müraciət etməklə dediklərimizi daha anlaşıqlı şəkildə izah edə bilərik. Pandemiya elan olunandan bəri maliyyə sektorunun demək olar, bütün istiqamətləri üzrə əsas diqqət çəkən tədbir, cənab Prezidentin və Nazirlər Kabinetinin uyğun sərəncamlarının icrası olaraq Mərkəzi Bank tərəfindən qəbul edilmiş qərarlarla koronavirusun iqtisadi subyektlərə təsirinin minimallaşdırılması yönündə addımlar olub. Bank sektorundan danışırıqsa, deməliyik ki, pandemiya ilə bağlı kreditlərin restrukturizasiyası üzrə müraciətlərin qəbulu, icra prosesi davamlı şəkildə günümüzədək davam etdirilib. Məsələn, ötən ayın 21-nə olan restrukturizasiya üçün müraciət olunmuş kreditlərin ümumi məbləği, həmin tarixdən 1 həftə öncəki bilgi ilə müqayisədə 39,7 mln. manat artaraq, 1,4 mlrd. manat təşkil edib. Rəsmi hesabatlardan öyrəndiyimiz kimi, bu müraciətlərin məbləğ üzrə 94%-i biznes, 3%-i istehlak, 3%-i isə ipoteka kreditləri ilə bağlıdır. Başqa sözlə, 21 may tarixinə bu müraciətlərin məbləğ üzrə icrası, 14 may tarixinə olan bilgi ilə müqayisədə 42,8 mln. manat artaraq 301.3 mln. manat təşkil edib. Əlbəttə, peşəkar iqtisadçılar, iqtisad-maliyyə sektorunu təmsil edən, yaxud o sahə üzrə ixtisaslaşmış həmkarlarım bu barədə daha dolğun məlumatlara malikdir. Lakin ixtisas sahibi olmayan, millət vəkili mandatı daşımayan vətəndaşımız üçün də əlçatan məlumatlar əsasında ziyalılarımızın fikir yürütməsi məqbuldur. Çünki bəzən belə məlumatların tirajlanmaması, yaxud gərəyincə təbliğ olunmaması, başqa sözlə, akademik çevrələrdə, sahə təmsilçilərinin öz aralarında dolaşması, geniş xalq kütlələrinin müəyyən suallarından, hiss-həyəcanından sui-istifadəyə cəhd edən siyasi opponentlərin yanlış şərhlərinə gətirib çıxara bilir. Təsəvvür edin, koronavirus pandemiyası dövründə real sektorun maliyyə resurslarına çıxış imkanının artırılması məqsədilə Mərkəzi Bankla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında ümumi məbləği 200 mln. ABŞ dolları olan svop müqaviləsi bağlanıb. Bu məbləğin 50 milyon dolları, yəni 85 milyon manat ekvivalentinin cari ildə müvəqqəti çətinliklərlə üzləşən yerli şirkətlərə, özəlliklə də nisbətən kiçik şirkətlərə verilməsi nəzərdə tutulur. Mərkəzi Bank və AYİB arasında əldə edilmiş bu razılaşma pandemiyadan təsirlənmiş biznes subyektlərinin dəstəklənməsi ilə yanaşı, ölkəmizdə törəmə maliyyə alətlərindən istifadənin genişləndirilməsini və alternativ maliyyələşmə aləti kimi istifadəsini də təşviq edəcəkdir.

- Mərkəzi Bankının fəaliyyəti ilə bağlı media və sosial şəbəkələrin gündəmində olan əsas mövzular hansılardır? Siz mövcud rəyləri necə şərh edərdiniz?

- Bildiyiniz kimi, mənim millət vəkili kimi fəaliyyətim jurnalistikadan sonra başlayıb. Araşdırmaçı-jurnalist kimliyim, millət vəkili olduğum dövrdə də məni media ilə sıx əməkdaşlığa sövq edir, eyni zamanda, oxucu olaraq da media-analizlərə biganə qalmıram. Müşahidələr göstərir ki, media və sosial şəbəkələrin gündəmində Mərkəzi Bankla bağlı əsas mövzular dörd problemli bank və sığorta sektorunda görülən işlər haqda olub:

- “Atabank”, “Amrahbank”, “AGBank” və “NBCBank”da ləğvetmə prosesi;

- Lisenziyası ləğv edilmiş banklarda qorunan əmanətlərin qaytarılması prosesi;

- Lisenziyası ləğv edilmiş banklarda qorunmayan əmanətlərin və biznesin vəsaitlərinin gələcək taleyi;

- Bankların maliyyə hesabatlılığı;

- Sığorta sektorunda aparılan islahatlar.

Medianın diqqəti və müvafiq sahəyə məsul dövlət qurumlarının mövzu üzrə açıqlamaları, necə deyərlər, media sabitləşməsini, ictimai fikrin düzgün və vaxtında məlumatlanmasını təmin etdi. Qlobal pandemiyanın doğurduğu qeyri-adi gerçəkliklər, əhalinin, əhalinin əmanətçi hissəsinin, bank sektorunda çalışanlardan ibarət maraqlı tərəflərin yaşadıqları, yaxud düşündükləri fonunda Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər mediada ümumilikdə geniş və obyektiv işıqlandırılıb, məlumatlar daha çox informativ xarakter daşımaqla neytral mövqe ifadə olunub. Əksər media vasitələrində qorunan əmanətlər üzrə faiz dərəcəsinin artırılmasının banklara inamın artımına müsbət təsir edəcəyi, qorunan əmanətlərin qaytarılmasında problemlərin olmayacağı, kreditlərin restrukturizasiyasının davam olunduğu, manatın sabitliyini dəstəkləmək üçün yetərli valyuta ehtiyatının olduğu bildirilib, bankların maliyyə hesabatlılığı və bağlanmış banklarla bağlı görülən işlər və s. barədə yazılar verilib. Bununla yanaşı, bəzi KİV-lərdə, özəlliklə sosial şəbəkələrdə bank sektorunun durumu və sektorun sağlamlaşdırılması istiqamətində atılan addımlar, devalvasiya riskinin hələ də mövcud olması, əhalinin əmanətlərinin və biznes subyektlərinin vəsaitlərinin ödənilməsi, lombardların fəaliyyətinin tənzimlənməsi, sığorta sektorunda görülən işlər, bankların maliyyə hesabatlılığı ilə bağlı fərqli rəylər bildirildiyi də məlumdur. Bilirsiniz, maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində atılan addımlar, bütövlükdə bank sektorunun durumu, bankların bağlanması səbəbləri, onların maliyyə hesabatlılığının təmin edilməsi, əmanətlərin qaytarılması prosesi, ölkədə sığorta bazarının inkişafı istiqamətində görülən işlər çox geniş mövzulardır, bəlkə, bir müsahibəni də aşan mövzulardır; bayaq da vurğuladığımız kimi, əsas odur ki, məsələ barədə Mərkəzi Bank tərəfindən açıqlamalar, başqa janrlı yanaşmalar ictimaiyyətimizi geniş izahatlarla təmin edib. Mənimçün məsələnin bu tərəfi, mövzunun özündən az əhəmiyyətli deyil.

- Siz bir Komitə sədri, millət vəkili və araşdırmaçı-jurnalist olaraq bu məlumatlar əsasında hansı nəticələrə gəlirsiniz?

- Məsələn, makroiqtisadiyyat üzrə götürsək, hazırda valyuta bazarında durum stabilləşib və mart ayında manat üzərində təzyiqlər aprel ayında neytrallaşıb. May ayından isə valyuta bazarı tam tarazlı fəaliyyət göstərməkdədir. Makroiqtisadi sabitliklə bağlı əsasən xarici bazarla əlaqədar təzyiqlər olsa da, məmnunluqla deməliyik ki, ölkəmizin yetərli maliyyə resursları və makroiqtisadi manevr imkanları mövcuddur. Bir qədər dəqiq olsaq, yaxud vətəndaşı daha çox maraqlandıran mövzuya – artıq bağlanmış banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılmasına diqqət cəlb etməliyik. Deməliyik ki, bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının qərarına əsasən “Atabank” və “Amrahbank”da qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapital Bank” ASC seçilib və qorunan əmanətlər “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tam kompensasiya olunacaq. Kompensasiyaların ödənilməsi prosesi məbləğdən asılı olaraq mərhələli qaydada aparılacaqdır. “AG Bank” və “NBC Bank” üzrə də müvafiq proses mərhələli qaydada həyata keçiriləcək. Ləğvedici tərəfindən bankların öhdəliklərinin icrası ilk növbədə əmanətlərin qaytarılmasından başlayacaq. Aktivlərin reallaşdırılmasından və əmlakın satışından daxil olan vəsaitlər sözügedən bankların digər öhdəliklərinin qanunvericiliklə müəyyən edilmiş növbəliklə icrasına yönələcək. Hansı ümumiləşdirmələrlə çıxış edə bilərik?

1) Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi bank sektoruna etimadın bərpa olunmasıdır. Bu istiqamətdə atılacaq əsas addım bankların maliyyə hesabatlılığının şəffaflığının təmin olunması, kənar auditə olan tələbin, o cümlədən bankın daxili nəzarət bölmələrinin məsuliyyətinin artırılmasıdır.

2) “Lombard fəaliyyəti haqqında” qanun layihəsi hazırda Mərkəzi Bank tərəfindən yenidən işlənməkdədir. Bu qanunun qəbul edilməsindən sonra lombardların fəaliyyəti üzərində effektiv nəzarət təmin ediləcək. Bunun başlıca məqsədi əhalinin, xüsusilə bu xidmətin istehlakçılarının maraqlarının qorunmasından ibarətdir.

3) Sığorta sektoru üzrə Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib. Bir sözlə, Mərkəzi Bankın sığorta bazarı da daxil olmaqla həyata keçirdiyi təxirəsalınmaz, məqsədyönlü çalışmaları, müzakirə etdiyimiz sahənin genişləndirilməsini, həm əhalini, həm də biznes aləmini əhatə etməsini nəzərdə tutur.

- Sizcə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu karantin, ümumən pandemiya günlərində özünü necə ifadə edir?

– Bildiyimiz kimi, ictmai faydalı fəaliyyətlə məşğul olan qeyri-kommersiya hüquqi şəxsi kimi Fond bu istiqamətlər üzrə məsuldur:

- əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması imkanlarının və yaşayış sahələrinin əlçatanlığının artırılması, yaşayış maliyyəsi bazarının inkişaf etdirilməsi;

- sahibkarların, özəlliklə kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, cəlb edilən maliyyə resurslarının dəyərinin azaldılması;

- bankların maliyyə risklərinin bölüşdürülməsi və onlara likvidlik dəstəyinin göstərilməsi. Əlbəttə, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması siyasətinin pandemiya dövründə də davam və inkişaf etdirilməsi bizimçün daha diqqətçəkicidir. İpoteka kreditlərinin verilməsini həyata keçirən Fond Qafqazda ilk ipoteka bazarı operatoru olaraq yaradılıb və 2006-cı ilin martında ölkədə ilk uzunmüddətli ipoteka krediti verib. Klassik ipoteka mexanizmi - alınan evin özünün ipotekaya qoyulması imkanı - yaradılıb. İpoteka kreditləri infrastrukturu tam formalaşıb (banklar, sığorta şirkətləri, qiymətləndiricilər, rieltorlar, habelə təkmil normativ-hüquqi baza, elektron ipoteka sistemi və s.).

Fəaliyyət göstərdiyi dövr ərzində Fondun vəsaiti hesabına 29 minə yaxın ailə ipoteka krediti ilə mənzil şəraitinin yaxşılaşdırılmasına nail olub. Verilən ipoteka kreditlərinin həcmi 1,5 milyard manat civarındadır. Mən statistikanı, rəsmi məlumatları olduğu kimi sıralamaq istəməzdim. Bu sıralamadan fərqləndirmək istədiklərimi deyim. Sözügedən kreditlərin 32%-i güzəştli kateqoriyalara aid şəxslərə, kreditlərin böyük hissəsi, təxminən 71%-i gənclərə və gənc ailələrə, 1/5 hissəsindən çoxu (23%-i) isə regionlarda verilib. Habelə güzəştli ipoteka kreditlərinin (9 297 ədəd, 465 mln. manat) strukturunda 66% hərbi qulluqçu, 7% məcburi köçkün və b. əhatə olunub.

Mənzil İnşaatı Dövlət Agentliyinin Sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də özünəməxsus bir mövzudur. Məsələn:

* 2018-ci ildən etibarən 1077 şəxsə 49 mln. manat məbləğində güzəştli ipoteka krediti, 25 şəxsə isə 859 min manat məbləğində adi ipoteka krediti verilib;

* Agentliyin sərəncamında olan mənzillərin təxminən 70%-nin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.

Bir məqamı da vurğulayaq ki, bu mexanizm çərçivəsində Fondun gəlir əldə etmək kimi bir məqsədi yoxdur. Vətəndaş tərəfindən həyata keçirilən ödənişlər yalnız mənzilin kirayə verilməsi ilə bağlı xərcləri ödəyir. Beləliklə, sərt karantin rejimi, yumşalmalar dövrü və hətta ötən həftəsonu məhdudiyyətlər də daxil olmaqla, ümumən pandemiya dönəmində sosial-iqtisadi blokda xüsusi təbəddülatların yaşanmaması milli iqtisadi dayanıqlılığımızın ifadəsi kimi qarşımıza çıxır. Dövlət sosial layihələri təxirə salınmır, əhaliyə dəyən ziyanlar qarşılanır, yeni sosial layihələr planlaşdırılır və s. Bütün bunlar cənab Prezidentin həyata keçirdiyi məqsədyönlü idarəetmə kursunun, beynəlxalq təbəddülatlar fonunda milli duruşun təmin edilməsi kimi diqqəti cəlb edir və qürur verir.

Tarix
2020.06.09 / 14:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla