Ana səhifə Siyasət |
Türkiyənin Sütçü İmam Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayılın Axar.az-a müsahibəsi:
- Toğrul müəllim, Ərdoğanın Azərbaycana səfəri digərlərindən nə ilə fərqlənir?
- Fərq Ərdoğanın işğaldan azad edilən bölgələrimizə səfər edən ilk dövlət başçısı olmasıdır. Bu, çox böyük tarixi, siyasi və diplomatik addımdır. Sözügedən səfər gələcəkdə başqa dövlət başçıları üçün örnək təşkil edəcək.
- Səfərin NATO Zirvə toplantısından, Ərdoğan-Bayden görüşündən dərhal sonra gerçəkləməsinin xüsusi mənası varmı?
- Əslində, NATO Zirvə toplantısı çərçivəsində görüş təklifi qondarma “soyqırım” bəyanatından bir gün öncə, 23 aprel tarixində Bayden tərəfindən gəlib. Türkiyə və Amerika arasında bir çox sahələrdə əməkdaşlıq olsa da, ciddi problemlər də mövcuddur. Türkiyə və Amerikanın bölgədə öz maraqları mövcuddur. Ancaq ABŞ əksər hallarda Türkiyənin təhlükəsizlik maraqlarını nəzərə almadan öz maraqlarını gerçəkləşdirməyə çalışır. Nəticədə ikitərəfli münasibətlərdə böhran vəziyyəti meydana gəlir. Digər tərəfdən beynəlxalq münasibətlərdə bu cür səfərlərin öz məqsədi, missiyası və verdiyi mesajlar var. Hazırki səfərin də məqsəd və missiyasını bilmək üçün prosesləri dərindən araşdırmaq lazımdır. Səfərin NATO Zirvəsindən sonra gerçəkləşməsi və səfər ərzində Bakıda futbol oyununun oynanması əslində məsələnin görünən tərəfidir. Türkiyə Prezidentinin səfərdən öncə hərtərəfli müqavilənin imzalanacağını bəyan etməsi 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, qardaş ölkənin Azərbaycanı dəstəkləyəcəyinin açıq şəkildə ifadəsidir. Türkiyə bununla diplomatik mübarizə meydanında Azərbaycanın yanında var olduğunu göstərir.
- Son günlər bəzilərinin “status” məsələsini diriltməyə cəhd göstərdiyi hiss edilir. Bu tarixi səfərin bu cəhdlərə “cavabı” ola bilərmi?
- Bu cəhdlər edilir, hətta Minsk Qrupunun aktivləşməsi də bu məqama hesablanıb. Hətta müəyyən məqamlarda aşağı səviyyədə də olsa, məsələ ilə bağlı Türkiyəyə dolayı yolla mesajlar verilir, bir qisim isə “ağıl öyrətməyə” çalışır. Təbii ki, bu kimi addımlar beynəlxalq diplomatiya sahəsində hər zaman atılıb. Ancaq mənə görə, bu səfər eyni zamanda “status” cəhdlərinə ölümcül zərbə olacaq. Bununla yanaşı, Füzuli və Şuşa səfəri ilə dünyaya ciddi mesajlar göndəriləcək. Bildiyimiz kimi, delimitasiya və demarkasiya prosesi zamanı sərhəddə baş verən son gərginlikdən sonra ABŞ və Fransa kimi ölkələr Azərbaycandan həmin ərazidən qoşunları çıxartmağı tələb etmişdilər. Ərdoğanın səfəri həm də belə ölkələrə verilən tutarlı cavabdır.
- Bölgədə Rusiya və Türkiyə təsirini nəzərə alsaq, bu səfəri Rusiyanın da ciddi şəkildə izlədiyi şübhəsizdir...
- Azərbaycanın zəfərindən sonra Cənubi Qafqazda yeni yaranan geosiyasi reallıq fonunda Türkiyə və Rusiyanın ikitərəfli əməkdaşlığı mövcuddur. Bildiyimiz kimi, Ağdamda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir. Səfərlə həm də Rusiyaya mesaj verilir. Mesaj isə ondan ibarətdir ki, Rusiya 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə riayət etməli və vəzifələrini nöqsansız şəkildə yerinə yetirilməlidir. Zəngəzur dəhlizinin açılması, minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verməsi gecikdirilir. Bu da doğru deyil. Yəni biz tezliklə bölgədə sülhün bərqərar olmasını istəyiriksə, Ermənistanın lazımlı addımları atması vacibdir. Rusiya 10 noyabr bəyanatına əsasən bölgədə sülhməramlı missiya yerinə yetirir. Rusiyanın bu missiyası daha çox Ermənistan üçün faydalıdır. Azərbaycan isə öz torpaqlarını işğaldan azad etdiyinə görə onun üçün heç bir problem yoxdur. Ona görə də Rusiya Ermənistanı bəyanata atdığı imzaya hörmətlə yanaşmağa və vəzifələrini yerinə yetirməyə məcbur etməlidir. Əks halda, 10 noyabr bəyanatı avtomatik olaraq pozulmuş sayılır.
- Səfər ərəfəsində və indi Şuşada Türk Ordusunun hərbi bazasının yerləşdirilməsi məsələsi gündəmə gəlib. Sizcə, baza məsələsi nə dərəcədə realdır?
- Şuşada hərtərəfli və dərinləşdirilmiş anlaşmalar imzalanacaq. Hələ 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə imzalanmışdı. Ancaq Ərdoğanın ölkəmizə səfəri zamanı qeyd edilən anlaşmanın əhatə dairəsi genişləndiriləcək, mexanizmlər daha işlək və çevik hala gətiriləcək. İndiki halda bazaların yerləşdirilməsini bir az erkən hesab edirəm. Çünki Türkiyə Azərbaycanın qonşu dövlətidir. Ancaq Türkiyə hərbi qüvvələrinin balanslaşdırılmış şəkildə Azərbaycanda yerləşdirilməsi mütləqdir. Əgər Rusiya sülhməramlıları Qarabağda ermənilərin həyatının təhlükəsizliyini təmin edirsə, Türkiyə ordusu da sülhməramlı kimi qaçqın və köçkünlərin “Böyük Qayıdış” zamanı və sonrasında təhlükəsizliyini təmin edə bilər. Rusiya da daha öncə Türkiyə hərbçilərini ölkəyə yerləşdirmənin Azərbaycanın daxili işi olduğunu bildirmişdi. Bölgədə qüvvələr balansının təmin edilməsi baxımından gələcəkdə hərbi bazaların qurulması mühüm şərtdir. Əgər Ermənistanda Rusiyanın hərbi bazası varsa, Azərbaycanda da Türkiyənin hərbi bazasının olmasında fayda var. Azərbaycan dost və müttəfiq ölkələrlə daha sıx əməkdaşlıq etməklə bölgədə böyük güclər qarşısında qüvvələr balansını qoruya bilər. Çünki böyük dövlətlərin istədikləri zaman vəziyyəti öz xeyirlərinə dəyişməsi örnəkləri tarixdə mövcuddur.
- Laçın dəhlizində ortaq patrul xidmətinin təşkili mümkündürmü?
- Laçın dəhlizində ortaq patrul xidmətinin təşkilinə ehtiyac yoxdur. Çünki Füzuli və İranla sərhəd bölgələrimizdə hərbi kontingentin mövcud olması bizim proseslərə təsir gücümüzü kifayət qədər artıracaqdır.
- 10 noyabr bəyanatından sonra prosesin yekunlaşması üçün nələr edilməlidir?
- Ümumiyyətlə onu deyə bilərəm ki, Azərbaycan qalib və şərtləri diktə edən dövlətdir. Proses yekunlaşmalıdır. Prosesin yekunlaşması üçün sülh sazişi imzalanmalıdır. Bunun da başlıca şərtləri Ermənistanın Türkiyə və Azərbaycana olan ərazi iddialarından imtina etməsidir. Əgər şərtlərə əməl etsə, özü də qarşılıqlı əlaqələrdən xeyir götürəcək. Ancaq Ermənistanın yenə də əvvəlki kimi, Türkiyə və Azərbaycana ərazi iddialarına davam etməsi intihar etmək cəhdindən başqa bir şey deyil.
Tarix
2021.06.15 / 09:23
|
Müəllif
Söhrab İsmayıl
|