Yuxarı

Ərdoğan o qədər narahat oldu ki, özü hərəkətə keçdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ Moskva üç Ukrayna gəmisini ələ keçirdikdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün vasitəçi rolunu oynaya bilər.

Bu sözləri Axar.az-a açıqlamasında ALFAAZ Təhsil və Mədəniyyət Cəmiyyətinin prezidenti və təsisçisi, Mərkəzi Avrasiya Araşdırmaları Mərkəzinin sədri, hindistanlı ekspert Şoaib Xan deyib.

O bildirib ki, Qara dəniz sahilində ölkələr arasında münaqişənin bölgədəki qeyri-stabilliyi daha da artıra biləcəyindən narahat olan Türkiyə burada hər hansı bir gərginlik görməkdə maraqlı deyil:

“29 noyabr 2021-ci ildə Türkiyə Ukraynanın şərqindəki vəziyyətin nizamlanmasında iştirak etməyə hazır idi, Ukrayna və Rusiya arasında nizamlanma danışıqlarında vasitəçilik təklif etdi, lakin bu təklif Moskva tərəfindən rədd edildi”.

Şoaib Xan həmçinin bildirib ki, Ukrayna və Rusiya ilə olan möhkəm əlaqələri nəzərə alsaq, Türkiyə şimalda yeni müharibənin başlanmasını qətiyyən istəmir:

“Ərdoğan Donbasda gərginlikdən o qədər narahat olub ki, Moskva və Kiyev arasındakı münasibətləri balanslaşdırmaq üçün özü hərəkətə keçməli olub. Son illərdə Türkiyə Ukraynanın əhəmiyyətli hərbi texnika tədarükçüsünə çevrilib. Bu günə qədər Ankara Ukrayna donanması üçün müasir döyüş gəmiləri, həmçinin, silahlı pilotsuz təyyarələr təmin edib, birgə hərbi sənaye layihələri üçün müqavilələr təklif etməyə də razılaşıb. COVİD-19 pandemiyasının qlobal ticarətə zərbə vurmasına baxmayaraq, Türkiyə bu vəziyyətdə belə Ukraynanın ən böyük investoru olub.

Türkiyə Rusiya ilə “kooperativ rəqabət” kimi xarakterizə edilən münasibətləri qoruyub saxlayıb. Rusiya Türkiyənin ən böyük enerji tədarükçüsü olaraq qalır və Ankara ABŞ-la münasibətləri pozmaq bahasına olsa belə, S-400 raket sistemini almağı bacarıb”.

Analitik Türkiyənin iki ölkə ilə arasındakı münasibətlərin təməlini belə izah edib:

“Türkiyə-Rusiya münasibətləri - iki Qara dəniz qonşusuna əməkdaşlıq etməyə və çoxsaylı regional münaqişələri idarə etməyə imkan verən, olduqca funksional bir sistem olan “liderdən liderə” dinamikası ilə qorunur. Türkiyə-Ukrayna dinamikası isə Türkiyənin müstəqil bir aktor kimi özünü tanıtmaq üçün həyata keçirdiyi geniş səylərinin bir hissəsidir.

Ankaranın Moskva ilə münasibətləri çoxşaxəlidir və çox vaxt səhv başa düşülür. Türkiyə Soyuq müharibə illərində Sovet İttifaqına qarşı idi, lakin türk milli elitası həmişə ölkənin daha böyük qonşusu ilə yaxınlığının tərəfdarı olub və Moskva rəhbərliyi ilə əlaqələri idarə etməyə çalışıb. Sovet İttifaqının dağılmasından sonrakı onilliklərdə türk elitası Ankaranın dünyadakı rolunu, ölkənin ABŞ ilə müttəfiqliyini və Türkiyənin keçmiş Sovet məkanında maraqlarını maksimum dərəcədə necə artırmaq barədə müzakirələr aparıb. Ümumiyyətlə, Türkiyədə ölkənin Rusiya da daxil olmaqla, bütün qonşuları ilə münasibətlərini dərinləşdirməkdə iqtisadi və siyasi maraqları olduğu barədə fikir birliyi mövcuddur”.

Hindistanlı ekspert onu da vurğulayıb ki, Ankara Ukrayna sərhədlərindəki böhranın diplomatik yolla həll olunacağına ümid bəsləyir. Bununla belə, Rusiya rəsmiləri Ankaranın Kiyevlə hərbi-texniki əlaqələrini və Krım tatar icması ilə münasibətlərini təxribatçı indikatorlar kimi qəbul edirlər:

“Söhbət Ukraynadan gedirsə, Türkiyə NATO-nun sıradan üzvü deyil. O, bu yaxınlarda Kiyevə Ukrayna ordusunun Donbasda rusiyayönlü hədəflərə qarşı istifadə etdiyi silahlı pilotsuz təyyarələr satıb. Türkiyə həm də Rusiyanın yaxın müttəfiqidir və əsas ticarət tərəfdaşıdır. Ankara müxtəlif münaqişə zonalarında Moskvanın ayağını tapdalamamaq üçün ehtiyatlı davranır”.

Ekspert qeyd edir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin dövründə Türkiyə və Rusiya göründüyündən daha çox şey paylaşır:

“İki dirçələn güc dünya nizamını dəyişmək istəyir, onların hər biri liberal dəyərlərə nifrət edir və hər ikisi öz ölkələrinin dünya səhnəsində daha böyük rol oynamasını istəyir. Türkiyə və Rusiyanın həmçinin Liviya, Suriya və Cənubi Qafqazdakı münaqişələrdə əks tərəfləri dəstəklədikləri, lakin bunu “bir-birlərinin genişlənən təsir dairəsini tanıyan” şəkildə həyata keçirdikləri və əlaqələrini “rəqabətli əməkdaşlıq” adlandırılan unikal münasibətlər formasında inkişaf etdirdikləri də nəzərə çarpır.

Moskva da, öz növbəsində, bəlkə də qarşılıqlı iqtisadi maraqlara görə və ya sadəcə olaraq Ankara ilə NATO müttəfiqləri arasında reaksiyaları dərinləşdirmək istədiyi üçün Türkiyəni özündən uzaqlaşdırmamağa diqqət yetirir. Kremlin motivasiyası nə olursa olsun, Birləşmiş Ştatlar və NATO Alyansın ikinci ən böyük ordusunun masaya gətirdiyi aktivlərdən, xüsusən də Rusiya ilə əsrlər boyu davam edən münaqişə və əməkdaşlığın idarə edilməsini saxlayan diplomatik müdriklikdən istifadə etməyin qiymətini olduqca yaxşı başa düşür”.

Nəticə olaraq, ekspert maraqlı bir məqama da toxunur:

“Ankara Ukraynanın ərazi bütövlüynü dəstəkləyir, bununla belə, Donbasda hasil edilən kömürü Rusiyadan almağa davam edir. Şərqi Ukraynadakı kömür mədənləri Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən idarə olunur və özünü “Donetsk xalq respublikası” və “Luqansk xalq respublikası” elan edən qurumlar Ukrayna kömürünü Rusiyaya ixrac edir. Moskva daha sonra onu bir neçə ölkəyə, o cümlədən Türkiyəyə təkrar ixrac edir. Rusiya-Türkiyə-Ukrayna üçbucağında Ankara hələ ki, ən praqmatik mövqeyə sahib kimi görünür”.

Tarix
2022.01.21 / 09:00
Müəllif
Tural Əzimzadə
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla