Yuxarı

Bakı dəhlizi İrandan açdı: Tarixi sənəd imzalandı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:15

Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

Axar.az xəbər verir ki, martın 11-də Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və İran İslam Respublikasının yollar və şəhərsalma naziri Rüstəm Qasiminin həmsədrliyi və hər iki ölkənin aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası keçirilib.

Dövlət Komissiyasının iclasında iki ölkə arasında əlaqələrin dostluq, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər üzərində qurulduğu bildirilib.

Cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycanla İran arasında ali siyasi dialoqun mövcud olduğu məmnunluqla vurğulanıb. Ötən ilin noyabrın 28-də Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında keçirilmiş görüş bunun təzahürü kimi qiymətləndirilib.

İki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

2021-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin 30 faiz artdığı vurğulanıb, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Birgə sənaye-investisiya layihələrinin əhəmiyyəti qeyd edilərək müxtəlif sahələrdə müştərək istehsal müəssisələrinin yaradılması üçün perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.

Nəqliyyat-tranzit sahəsində əməkdaşlığın səviyyəsi yüksək dəyərləndirilib, iki ölkə arasında avtomobil daşımalarının həcminin 2021-ci ildə əhəmiyyətli dərəcədə - 70 faiz artdığı xüsusi vurğulanıb.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunularaq həm Azərbaycanın, həm də İranın bu dəhlizin fəaliyyətə başlaması və gələcək inkişafı işində çox böyük səylər göstərdiyi bildirilib.

Eyni zamanda, bölgədə nəqliyyat kommunikasiyalarının açılmasının əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığı qeyd edilib. Bu baxımdan iki ölkə arasında bu gün imzalanacaq İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumunun önəmi vurğulanıb.

Həmçinin İran şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işə başlamalarından məmnunluq ifadə olunub.

Neft-qaz sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, Türkmənistan qazının İran üzərindən Azərbaycana tranzitinin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Elektroenergetika sahəsində əməkdaşlığın nəticələri təqdir edilib, iki ölkənin enerji sistemləri arasında elektrik enerjisi mübadiləsinin uğurla həyata keçirildiyi bildirilib. Azərbaycan, İran və Rusiya arasında enerji dəhlizinin yaradılması layihəsi üzrə müvafiq işlərin davam etdiyi qeyd olunub.

İclasda Azərbaycanla İran arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin Astaraçay üzərində yeni avtomobil və piyada yolu körpüsünün, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi, digər birgə layihələrin icra vəziyyəti, həmçinin gündəlikdə duran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Memorandumun məqsədi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Sonda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasının Protokolu imzalanıb.

Tarix
2022.03.11 / 19:45
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan idxal etməmişik. Nöqtə! - Hacıyev

Putinin xəbərdarlığına Trampın sözçüsü cavab verdi

Bayramov özbəkistanlı həmkarını təbrik etdi

Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…

Valentina Matviyenko Azərbaycana gələcək

Berbok Bakıda: Təfərrüat barədə heç nə deyə bilməyəcəm!

Əli Əsədov daha bir qərar imzaladı

MM-in növbəti 3 iclasının tarixi və gündəliyi açıqlandı

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla