Yuxarı

Erməni xalqı müharibənin dərslərini unutmayıb...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda ictimai-siyasi müstəvidə cərəyan edən hadisələr bu ölkədə əsasən revanşit qüvvələrdən təşkil olunan müxalifət düşərgəsinin ölkədə zorakı yolla növbəti dəfə hakimiyyət dəyişikliyinə can atdığını göstərir. Bu hal müxalifətin özü tərəfindən açıq etiraf edilir. Lakin bu vaxta qədər sözügedən istiqamətdə müxaliflərin bütün cəhdləri iflasa uğrayıb.

Müxalifətin ölkədə hakimiyyəti devirmək cəhdləri beynəlxalq miqyasda, o cümlədən Qərb dairələrində mənfi qarşılanır. Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin açıqlamaları da göstərir. Xanım Treysi diplomatik tərzdə Ermənistanda hakimiyyət dəyişikliyinə qarşı olduqlarını bildirib:

“Biz erməni xalqına 2018-ci ildə tutduğu və 2021-ci il parlament seçkilərində bir daha təsdiq etdiyi yola əsaslanan gələcək qurmasına kömək etməyə sadiqik”.

ABŞ-ın Ermənistandakı səfirinin bu açıqlaması bir daha təsdiq edir ki, rəsmi Vaşinqton Ermənistanda hakimiyyətin zorakı yolla dəyişməsinə qarşıdır və Nikol Paşinyan iqtidarı ilə işbirliyinin davam etdirilməsini istəyir. Məhz bu yanaşma erməni müxalifəti və lobbi qüvvələri tərəfindən süngü ilə qarşılanır. Müxalifət, ona bağlı media orqanları ABŞ səfirinə qarşı “səlib yürüşü”nə başlayıblar. ABŞ-da fəaliyyət göstərən erməni lobbisi rəsmi Vaşinqtondan Linn Treysinin geri çağırılmasını, onun başqa diplomatla əvəz edilməsini istəyir. Ermənilərin ABŞ-da ən böyük diaspor təşkilatı olan Amerika Erməniləri Milli Komitəsi (ANCA) bu xüsusda Co Bayden administrasiyasına müvafiq müraciət ünvanlayıb.

Ermənistan müxalifətinin və okeanın o tayında fəaliyyət göstərən erməni lobbisinin fəaliyyətinin amerikalı səfirin dəyişdirilməsi istiqamətində cəhdlərinin nəticəsiz qalacağı şübhə doğurmur. Çünki səfir Linn Treysinin yanaşması ABŞ dövlətinin rəsmi mövqeyini ifadə edir. Digər tərəfdən, Vaşinqtonda nəzərə alınır ki, Ermənistan müxalifəti ABŞ-ın rəqibi olan qüvvələrin, indiki halda Rusiya və İranın bu ölkədə təsir və gücünün, artmasına çalşırlar. Bu da ABŞ-ın geosiyasi maraqları ilə bilavasitə ziddiyyət təşkil edir. Erməni müxalifətinin liderlərindən olan parlamentin vitse-spikeri İşxan Saqatelyan qeyd edir ki, Rusiya Ermənistan üçün stateji müttəfiqdir, ABŞ və Avropa İttifaqı isə sadəcə, tərəfdaşdır. Bundan başqa, ABŞ, eləcə də Avropa İttifaqı üçün Cənubi Qafqazda prioritetlərdən biri regionda sülh, əməkdaşlıq mühitinin bərqərar olmasıdır. Bu məqsədlə sözügedən Qərb təmsilçiləri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının tezləşməsini istəyirlər. Bunu ABŞ Dövlət katibi Antoni Blinkenin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə son telefon danışıqları və digər formada təmaslarından da aydın görmək mümkündür. ABŞ və Avropa İttifaqı nəzərə alır ki, Ermənistanda mövcud müxalifət hakimiyyətə gələcəyi təqdirdə sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Çünki müxalifət sülh prosesinə qarşıdır. Bu halda regionda gərginlik səviyyəsinin yüksəlməsi qaçılmaz olacaq. Elə bu səbəbdən sülh üçün təhdid yaradan Ermənistan müxalifəti və müxtəlif ölkələrdəki erməni diaspor, lobbi qüvvələrinin mövqeyi ABŞ və Avropa İttifaqı tərəfindən rədd edilir. Ermənistan müxalifətinin hadisələrə yanaşması erməni cəmiyyətinin mütləq əksəriyyəti tərəfindən də dəstəklənmir. Elə bu səbəbdən müxalifətin təşkil etdiyi aksiyalara çıxanların sayı elə də çox deyil. Müxalifət liderləri bu aksiyalara yüz minə qədər insan çıxarmağa çalışsa da, onların sayı ən yaxşı halda heç on mini də keçmir. Digər tərəfdən, aksiyalara çıxanlara müxalifət liderləri tərəfindən pul verilməsi halları da məlumdur və artıq bir neçə belə fakt üzrə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.

Ermənistan cəmiyyətində müxalifətin dəstəklənməməsinin əsas səbəblərindən biri də budur ki, erməni xalqı 44 günlük müharibənin dərslərini unutmayb. Azərbaycanın indi də bu dərslərin yenidən təkrarlamaq üçün bütün imkan və vasitələrə sahib olduğunu ermənilər yaxşı bilirlər. İndiki halda isə revanşist mövqedən çıxış edənlərin addımları yeni müharibəyə də səbəb ola bilər ki, bu halda Azərbaycan Ermənistana daha sarsıdıcı zərbələr endirmək məcburiyyətində qalacaq. Halbuki, Azərbaycan postmüharibə dövründə qarşılıqlı əməkdaşlıqda, sülh prosesində maraqlı tərəfdir. Elə bu səbədəndir ki, Azərbaycan sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyən edilməsi ilə bağlı postmüharibə dövründə həm konkret təşəbbüslər irəli sürüb, həm də üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində əməli addımlar atıb. Lakin erməni xalqına Azərbaycanla sülh vədi verərək ötən il yenidən hakimiyyət başında qalmağı bacaran Nikol Paşinyan iqtidarı da sülh üçün qəti addımlar atmaqda hələ də tərəddüd edir. Ermənistan hakimiyyətinin sözləri ilə əməlləri bu xüsusda da hələ ki, tərs mütənasiblik təşkil edir. Məsələn, sərhədlərin delimitasiyası üzrə işçi qrupunun iclasının keçirilməsi ilə bağlı Ermənistan Azərbaycandan fərqli olaraq üzərinə götürdüyü öhdəlikləri hələ də icra etmir. Litvalı həmkarı Gitanas Nauseda ilə görüşdən sonra mətbuata səsləndirdiyi bəyanatda Prezident İlham Əliyev bu xüsusda qeyd edib ki, Ermənistanın sərgilədiyi məsuliyyətsiz mövqe narahatlıq doğurur. Məhz bu məsuliyyətsizlik sülh müqaviləsinin imzalanmasını, sərhədlərin müəyyən edilməsini, münasibətlərin normallaşdırılması üçün digər müvafiq addımların atılmasını əngəlləyir, lüzumsuz vaxt itkisinə səbəb olur. Bütün bunlara səbəb heç şübhəsiz ki, Ermənistan hakimiyyətinin müxalifətin şantaj mövqeyindən çəkinməsi, siyasi iradə nümayiş etdirə bilməməsi, eyni zamanda yenə Azərbaycandan fərqli olaraq müstəqil siyasət yürütmək qətiyyətində olmaması, kənardan gələn göstərişlər əsasında hərəkət etməsidir.

Məhz kənardan gələn göstərişlər əsasında hərəkət etməsi Ermənistan həm Avropa İttifaqının, həm də Rusiyanın sülh vasitəçiliyinə zərbə vurur. Belə ki, Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsi zamanı və ondan sonra Rusiyadan, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) istədiyi dəstəyi almadığı üçün sülh prosesində Avropa İttifaqının əsas vasitəçi olmasını istədi. Azərbaycan isə sülh əldə edilməsində maraqlı olduğu üçün buna etiraz etmədi və sözügedən təşkilatın rəhbərliyi tərəfindən təşkil edilən görüşlərdə iştirak etdi, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirdi. Lakin Azərbaycan və Ermənistan liderlərinin postmüharibə dövründə bir neçə görüşünü təşkil edən, üçtərəfli bəyanatlara imza atan tərəflərdən biri olan Rusiya Ermənistanın bu addımlarına biganə qalmadı. Məhz Moskvadan edilən təzyiqlər fonunda Ermənistan bu dəfə Avropa İttifaqını sülh prosesindən kənarlaşdırmağa çalışır. Lakin Avropa İttifaqının Ermənistana ayırmaq istədiyi 2,6 milyard avro həcmində maliyyə yardımının dayanacağı, qurumun digər formada Ermənistana təsirləri artacağı halda İrəvan yəqin ki, Moskvanı sülh prosesindən kənarda qoymağa çalışacaq. Elə bu da indi həm Moskvanın, həm də Brüsselin gözündə Ermənistanın prinsipsiz, öhdəliklərini pozan, etimadı doğrultmayan bir ölkə kimi qəbul edilməsini şərtləndirir. Mövcud vəziyyət bir daha təsdiq edir ki, Ermənistan əvvəlki kimi müstəqil dövlət deyil. Bu ölkə, onun siyasi qüvvələri indiki halda Moskvadan gələn göstərişlərlə hərəkət etdiyi üçün Ermənistan Rusiyanın koloniyasıdır, regionda “Kalininqrad”dır. Azərbaycan isə istənilən halda sülh əldə edilməsində, Ermənistanla sərhədlərinin müəyyən edilməsində maraqlıdır. Bu prosesdə rəsmi Bakı həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşır. Amma ən əsası odur ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə, verdiyi vədlərə sadiq qalsın, vasitəçilər məsələsində ləngər vurmasın. Əks halda bundan ən çox uduzan yenə Ermənistan özü olacaq.

Tarix
2022.05.19 / 20:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla