2015-2016-cı illər Türkiyə üçün itkilər və törədilən terror aktlarına görə çox ağır keçmişdi. Demək olar ki, hər ay bir neçə dəfə çoxlu sayda insan tələfatı ilə nəticələnən terror aktı törədilirdi. Xeyli şəhid verilmişdi.
Həmin dövrdə qardaş ölkədə Qazi Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alır və Ankaranın Keçiörən rayonunda dostum Etimadla birlikdə Piri-Türküstan məscidinin yaxınlığında yerləşən binada qalırdım. Binanın önündə park var idi.
15 iyul! İnsanlar gündəlik həyatını yaşayırdılar.
Axşam saatlarında evə gəldim və hava çox isti olduğu üçün Ülkü Ocaqlarından olan dostlarla bərabər parkda oturduq. Cüməni şənbəyə bağlayan gecə idi. Müxtəlif narahatlıq yaradan xəbərlər yayılırdı. İnternetdən İstanbuldan gələn görüntü və xəbərləri izləyirdik, ancaq ortada həddindən artıq kirli informasiya dolaşırdı. Bəziləri İstanbulda terror aktının törədildiyini, bəziləri isə çevriliş cəhdi olduğunu deyirdi. Getdikcə gərginlik artırdı və belə ağır məqamda yalnız bir həqiqəti dəqiq görmək olurdu: Bizi çox uzun və məşəqqətli bir gecə gözləyirdi.
Qaldığımız evdə televizor yox idi, ona görə yaxınlıqdakı kafeyə getdik. Xəbərlərin və baş verən ağır hadisələrin ardı-arası kəsilmirdi. TRT-1-də zorla xainlərin bəyanatı oxuduldu, daha sonra həmin dövrdə Baş Qərargah rəisi olan Hulusi Akarın girov götürüldüyü xəbərini, ən son Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətini izlədik. Ölkə başçısı dövlət çevrilişinə cəhd olunduğunu dedi və xalqı meydanlara çağırdı. Çevrilişi edənlər isə özünü din pərdəsi ilə maskalayan xain Fətullah Gülən və onun əlaltıları idi.
Özümü burulğanın içinə düşmüş kimi hiss edirdim. Kafedən çıxıb evə gəldim. Türkiyədən olan dostlarımız bizim orda qonaq olduğumuzu, evdə qalmağımızı xahiş etdilər. Əlbəttə ki, bununla razılaşa bilməzdim. Təşəkkür edib, Etimadla sağollaşıb yola çıxdım. Prezidentin müraciətindən sonra əhali piyada və maşınla Ankaranın mərkəzində yerləşən Kızılay Meydanına doğru axın etməyə başladı. Yolda maşınların birinə işarə etdim, saxladı və ordakılarla birlikdə Ankara Polis İdarəsinə tərəf hərəkət etməyə başladıq. Yolda oranın vurulduğu xəbəri gəldi, yol isə tamamilə bağlanmışdı. Ona görə istiqaməti dəyişərək birbaşa Kızılay Meydanına doğru hərəkət etməyə qərar verdik.
Kızılay Meydanı Ankarada çox mühüm strateji mövqeyə sahibdir. Çünki dövlətin əsas qurumları - Türkiyə Böyük Millət Məclisi, Müdafiə Nazirliyi, Baş Qərargah və digərləri meydanın mərkəzindəki Güvən Parkın üst tərəfində yerləşir. Parkın hər iki yanında isə Sıhhıyə, Ulus və Esenboğa Hava Limanına getmək, həm də Kızılay Meydanına gəlmək üçün 2 əsas yol var. Bu əsas yollarla isə “Dikimevi” metrosuna qədər uzanan Ziya Gökalp prospekti və Yeniməhəllə (Yenimahalle) rayonuna aparan Maltəpə yolu “toplama” işarəsi şəklində kəsişir.
Axının çoxluğu səbəbindən meydana maşınla getmək mümkün olmadı. Sürücü maşını Sıhhıyədə saxladı və biz, yəni maşında olan dörd nəfər birlikdə hərəkət etmək qərarı verdik, ancaq meydana tərəf qalxdıqca axın hərəmizi bir tərəfə atdı. Meydana yaxınlaşanda başımızın üzərindən qırıcı təyyarə keçdi və güclü partlayış meydana gəldi. İnsani refleks ilə özümü qorumaq məqsədilə yerə uzanmaq üçün arxaya dönüb aşağı çökdüm və başımı əllərimin arasına aldım. Həmin an təxminən 8-10 yaşlı övladının əlindən tutaraq meydana doğru gedən ananı gördüm, bütün həyəcan və qorxum keçdi. Daha sonra bu təyyarələrin F-16 olduğunu öyrəndim. İnsanların danışdığına görə, o gecə pilotlar bu qırıcıların sürətini azaldaraq insanları qorxudacaq qədər təyyarəni aşağıya endirir və bəlli məsafədən sonra yenidən sürəti artırırdılar. Təyyarənin arxasından çıxan güclü alov onu irəliyə atırdı. Nəticədə bomba partlayışına bənzəyən bir partlayış baş verirdi.
Mən hərbçi deyiləm, yəqin ki, hərbçilər bu məsələni daha dəqiq bilərlər.
Güvən Parka yaxınlaşan məqamda yolun solunda yerləşən Yapı Kredi Bankının qarşısındakı yolda işıqforun altında gülləbaran edilmiş və tankla əzilmiş polis maşını gördüm. Bundan əlavə parlamentə doğru gedən yolda tankla əzilmiş taksi və digər mülki maşınlar var idi. Güvən Parka yenicə çatmışdım. Oradakı bir qrup insan Atatürk prospekti ilə TBMM-nin Çankaya qapısına gələn tərəfə qalxmağa başladı. Axına qoşuldum. Yenicə hərəkətə başlamışdıq ki, həmin istiqamətdən atəş səsləri gəlməyə başladı, lakin əhali dayanmırdı. Bu zaman axın edən kütlənin içərisindən bir neçə nəfər əhalini meydana qayıtmağa və oranı boş buraxmamağa çağırdı. Çünki meydan boş qalsaydı, xainlər daha rahat şəkildə manevr edə bilərdi. Əhali geri qayıdaraq meydanı doldurdu. Beləliklə, xainlərin yolu kəsildi və onlarla vuruşan hərbçilərin, polislərin də işləri asanlaşdı.
Belə vaxtlarda zehindən silinməyən anlar, məqamlar olur. Mən də meydana qayıdanda belə bir anla qarşılaşdım. Bunu ölənədək unutmayacam. Bir ana öz körpəsiylə meydanda idi. Baş verən hadisələrdən xəbərsiz arabasında yatmağa çalışan körpənin üzərinə ana Şanlı Türk Bayrağını örtmüşdü. Körpə özü də bilmədən vətən müdafiəsində bir əsgərə çevrilmişdi. Təəssüf ki, hadisələrin gedişatı onların taleyini bilməyimə imkan vermədi. O ananın əllərindən öpürəm, əzəməti, cəsarəti və hünəri qarşısında baş əyirəm.
Şəhərdə bütün məscid minarələrindən səlahlar oxunurdu. Məlumat üçün deyim ki, Türkiyədə səlahlar iki məqamda oxunur. Birincisi, kiminsə vəfat etdiyini bildirmək üçün, ikincisi isə xalqı vətənin müdafiəsi üçün cihada çağıranda.
Gecə boyunca terrorçular Baş Qərargahın və Daxili İşlərinin Nazirliyinin qarşısındakı insanları helikopterlərlə atəşə tutdular. F-16 və helikopterlərlə TBMM bombalandı. O anlarda parlamentdə fövqəladə iclas gedirdi və bütün millət vəkilləri dövlətin gücünü, millətin qətiyyətini, iradəsini göstərmək üçün orada idilər.
Məqsəd sözün əsl mənasında işğal idi. Əsas dövlət orqanları ələ keçirilməli, millət isə əsarət altına salınmalı idi. Baş Qərargah və Daxili İşlər Nazirliyinin önündə helikopterlər tərəfindən atəşə tutulan insanlar özlərini qorumaq üçün yerə çökürdülər, Əskişəhər yolunu Atatürk prospekti ilə birləşdirən tuneldə gizlənirdilər. Əlbəttə, yaralananlar olurdu, amma Şanlı Bayraq əllərdən yerə düşmürdü. Yaralılar çox idi və yaşanan çətin anlarda onlar qan itirməsin deyə insanlar sarğı kimi bayraqdan istifadə etmişdilər. Bayraq yenə öz rəngini vətən övladlarının qanından alırdı. Həmin anlarda Kızılay Alış-Veriş Mərkəzinin qarşısında insanlarla birlikdə metroya enən liftin önündə idim. Millət nə F-16 səsindən, nə də güllələrdən qorxurdu. İnsanların ölümün nəfəsini çox yaxınlarında hiss etdikləri anlar idi.
Maltəpə yolundan atışmanın getdiyi, insanların yaralandığı istiqamətə gedən təcili yardım maşınların sayı-hesabı yox idi. Sıhhıyədən parlamentə tərəf qalxan TOMA (kütləvi iğtişaşlarda istifadə olunan su maşını – Toplumsal Olaylara Müdahele Aracı) maşınlarının önündəki zirehin arxasında “Ölürüm, Türkiyəm” mahnısının sədaları altında Bozqurd işarəsi tutaraq qorxmadan düşmənin üzərinə gedən polis və əsgərləri gördüm. Gecə saatlarında Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin Atatürk Hava Limanına təhlükəsiz şəkildə endiyi xəbəri gəldi. Terrorçuların planı baş tutmamışdı. Səhərin ilk saatlarında əhali birlikdə sübh namazı qıldı. Gecə boyunca təkbirlərin səsi yeri-göyü titrətdi. Getdikcə dalana dirənən terrorçular bu dəfə Beştəpədə yerləşən Külliyənin önündəki insanların üzərinə bomba yağdırdılar.
Kızılayda, Güvən Parkda idim. Güvən Parkda gəzərkən orada hər zaman olan qanköçürmə stansiyasının yanından qanlı türk bayrağı tapdım. Onu səliqəli şəkildə qatlayıb evə apardım. Daha sonra bir yaxın dostumun xahişi ilə bayrağı ona verdim. Gün ərzində orada oldum və Daxili İşlər Nazirliyinin qarşısında xainlərin necə həbs edilmələrinə də şahidlik etdik. Daha sonra Keçiörənə getdim və 17 iyul günü Kocatəpə məscidində şəhidlərin dəfn mərasiminə qatıldım.
Türkiyə bir gecədə 253 övladını şəhid verdi, 2737 nəfər isə yaralandı. Həmin gecə yaşananlar 20 yanvar 1990-cı ildə Bakıda yaşanan hadisələrlə mahiyyət etibarı ilə eyni idi. Düşmənin məqsədi millət iradəsini sındırmaq, onu yox etmək idi.
Artıq həmin hadisələrin üzərindən 10 il keçir. Ancaq həmin tarixdə yaşananlarla bütün dünya bir daha türk millətinin cəsarətinin, hünərinin, vətən sevgisinin, fədakarlığının şahidi oldu. Bu dünyada yalnız azadlıqları üçün yeri gələndə can verə bilən xalqlar tarixdə şərəfli iz qoya və ləyaqətlə yaşaya bilirlər.
Türk milləti də 15 iyulda bunu bir daha sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun!