Yuxarı

ABŞ-dan Azərbaycana təcili "payalma" zəngi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan sülh sazişi mətninin razılaşdırılması Cənubi Qafqazda maraqlı qüvvələri hərəkətə gətirdi. Müxtəlif ölkələrdən verilən açıqlamalar əsasən razılaşmanın “alqışlanması”, “sazişin tezliklə imzalanması” yönündədir. Vaşinqtonun yanaşması isə Bakı-İrəvan xəttində əldə olunan razılaşmadan özünə “pay götürmək” cəhdi fonunda diqqət çəkdi.

Martın 13-də xarici işlər naziri Ceyhun Bayramov “sülh sazişi mətninin razılaşdırıldığını” açıqladı. Bu açıqlamadan üç gün sonra – martın 16-da ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə zəng etdi, daha sonra sosial şəbəkə hesabında yazdı: “Mən Azərbaycan Prezidenti İlham Əliyevin milli təhlükəsizlik müşaviri cənab Hikmət Hacıyevlə danışdım. Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsinə razılıqdan məmnunuq. Mən ona dedim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq”.

Vaşinqtondan Bakıya edilən zəng ABŞ-ın regionda sülh istəyi fonunda təbiidir. Təəccüblü olan, Uoltsun dedikləri kontekstində Bakıya “biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz və firavan olması üçün birlikdə çalışmalıyıq” çağırışıdır.

Birincisi, Azərbaycan və Ermənistan danışıqlar prosesini üçüncü ölkənin iştirakı olmadan aparıb, razılaşdırma da ikitərəfli formatda əldə olunub;

İkincisi, Bayden administrasiyası dövründə təşkil edilən bir neçə formal görüş istisna olmaqla, ABŞ bu prosesdə iştirak etməyib: yeni fəaliyyətə başlayan və əsas diqqətini Ukraynaya kökləyən Tramp administrasiyası isə nəinki Bakı-İrəvan danışıqları, ümumiyyətlə Cənubi Qafqazla bağlı hansısa addım atmayıb, regionla bağlı nə qədər məlumatlı olduqları da sual altındadır.

Bunu Uoltsun qeydlərində də aydın görmək mümkündür. Trampın müşaviri “məhbusları azad etməyə” çağırır. Söhbət hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan ermənilərdən gedir. Bu yanaşma Tramp administrasiyasının Cənubi Qafqazla bağlı məlumatsızlığını ortaya çıxaran amildir:

1. İttiham olunan ermənilərlə bağlı məhkəmə prosesi davam edir: məhkəmənin qərarı olmadan onları “məhbus” adlandırmaq tələsik yanaşmadır: bəllidir ki, Uolts məsələni dəqiqləşdirmədən erməniyönümlü medianın təbliğatının təsirinə düşüb;

2. Məhkəmə qarşısına çıxarılan ermənilərlə bağlı nə sülh sazişində hansısa qeyd var, nə də bu, Bakı-İrəvan gündəliyinin müzakirə mövzusudur.

Uoltsun Hikmət Hacıyevi “Azərbaycan Prezidentinin milli təhlükəsizlik müşaviri” adlandırması da Tramp administrasiyasının region haqqında nə qədər “məlumatlı” olduğunu təsdiqləyən detallardandır.

Bunun fonunda ABŞ-ın Bakı-İrəvan xəttindəki sülh razılaşmalarına yanaşmasının səbəbi Uoltsun “Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işi dayandırmayacağıq” sözlərində öz əksini tapır. “Dünyada sülhə nail olmaq”, “Ukraynada müharibəni 24 saatda dayandırmaq” vədləri verən Tramp administrasiyası “daha bir münaqişəni həll etdik” təbliğatında Azərbaycan-Ermənistan razılaşmasına “göydəndüşmə fürsət” kimi baxır. Və bir zənglə sülh sazişi mətninin razılaşdırılmasında “iştirakçı payı” əldə etməyə çalışırlar.

Tarix
2025.03.17 / 15:48
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Erməni hərbçi əsgərlərimizə qarşı, görün, nə edir - Video

Sülh mətni razılaşdırıldı: bəs, niyə Ordumuz atəşə tutulur? – Video

Leyla Əliyeva Psixologiya Mərkəzində - Foto

Minsk Qrupu və digər strukturlar ləğv edilməlidir - Nazir

Bakıda müsəlman ölkələrin səfirləri üçün iftar tədbiri oldu

Əli Əsədov Türkiyə səfiri ilə görüşdü

Leyla Əliyeva bu akademiyanı ziyarət etdi - Foto

Sahibə Qafarovaya "Dostluq" ordeni təqdim edildi

Hər il Ermənistandan 7-8 min çağırışçı Qarabağa göndərilirdi

Bayramov Fələstinin səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla