Bu gün Azərbaycan teatr və kino aktyoru, əməkdar
incəsənət xadimi Cahangir Novruzovun doğum günüdür.
Axar.az xatırladır ki, Cahangir Novruzov 1954-cü il iyulun 31-də
Bakıda doğulub. 1971-ci ildə orta məktəbi bitirib, sonra Mirzəağa
Əliyev adına incəsənət institutunun rejissorluq fakültəsinə daxil
olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə
təhsil alıb.
1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi
Mirzə Fətəli Axundovun 175 illik yubileyinə həsr olunan teatr
festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" və
Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi "I mono
tamaşalar festivalı"nda (1991-ci il) Şekspirin "Hamlet" əsərinin
motivləri əsasında hazırlanan "Olum ya Ölüm" tamaşası ilə
birincilik qazanıb.
Cahangir Novruzov Azərbaycan kinosunun əvəzolunmaz aktrisası
Nəsibə Zeynalovanın oğludur. O, Nəsibə xanımla bağlı xatirəsində
anasının necə tələbkar və qayğıkeş biri olduğunu deyir:
"Nəsibə xanım mənə uşaqlıqdan işimdə tələbkar olmağı öyrədib.
Musiqili Komediya teatrında işlədiyim müddət ərzində mənim onunla
aktrisa və rejissor kimi gözəl münasibətim olub. Sizə maraqlı bir
əhvalat danışım. Nəsibə xanım hər səhər işə gələndə yaxın
aktrisalarla 15 dəqiqəyədək söhbət etdiyinə görə məşqə gecikirdi.
Bir dəfə də anam işə gələndə özüm onlara yaxınlaşıb dedim ki,
"hörmətli aktyorlar, xahiş edirəm, məşqə vaxtında gəlin". Dedim və
salona keçdim. Gördüm, Nəsibə xanım bir az gecikir, ona görə də
başqa səhnələri məşq eləməyə başladıq. 10-15 dəqiqə keçəndən sonra
gəldi və baxıb gördü ki, onu gözləməmişik. Məndən soruşdu ki, "Adə,
ay... məni niyə gözləməmisiniz?" Mən də bir az ciddi və rəsmi
şəkildə cavab verdim ki, "hörmətli Nəsibə xanım, məşqə vaxtında
gəlmək lazımdır". Mənə tərs-tərs baxıb getdi. O hadisədən sonra
mənimlə çox soyuq davrandı. Ondan bir neçə gün sonra qonaqlıqda
olduğuma görə axşam səhərki məşqə hazırlaşmamış yatdım. Səhər
gəldik məşqə və səhnələri məşq etməyə başladıq. Bir neçə yerdə
replikalar yadımdan çıxdı. Onda anam mənə dedi ki, "yoldaş
rejissor, məşqə hazırlıqlı gəlmək lazımdır".
Qeyd edək ki, Cahangir Novruzov 1995-ci ildə Türkiyəyə dəvət
olunub. Hazırda Adana şəhərində Çuxurova Universitetinin Dövlət
Konservatoriyasının teatr bölməsində çalışır.