Faina Ranevskaya SSRİ-nin ən
çox sevilən və maraq doğuran aktrisalarındandır.
Axar.az Faina Ranevskaya haqda yazını Samirə Əşrəfin
tərcüməsində təqdim edir:
Sənət uğrunda ailəni tərk etmək…
Faina Ranevskaya 1896-cı il avqustun 27-də Rostov vilayətinin
Taqanroq şəhərində yəhudi ailəsində anadan olub. Onun atası Feldman
Girşi quru boya istehsal edən fabrikin sahibi, anası Feldman Milka
isə evdar qadın idi. Ailədə Fainadan başqa iki qardaş və İzabella
adlı böyük bacı var idi. Fainanın 5 yaşı olanda onun kiçik qardaşı
dünyasını dəyişir.
Ranevskayanın sakit, mehriban ailəsi olsa da, o öz uşaqlığını
heç vaxt sevinclə xatırlamır: "Mənim ətrafımda baş verən kədərli
hadisələr mənə hər zaman öz tənha uşaqlığımı xatırladır".
O öz həmyaşıdları ilə dostluqdan qaçır, heç kimlə yaxınlıq
etmir, dərslərini çox pis oxuyurdu. Buna baxmayaraq, zəngin tacir
ailəsində böyüdüyündən evdə onun üçün xüsusi olaraq keçirilən
musiqi və xarici dil dərslərini səylə mənimsəməyə çalışırdı.
1913-cü ildə Faina ilk dəfə Moskva Bədii Teatrının səhnəsində
Çexovun "Albalı bağı" pyesi əsasında hazırlanmış tamaşaya baxır.
Həmin tamaşadan sonra o, teatr vurğununa çevrilir. Sonralar o,
"Albalı bağı" pyesinin qəhrəmanının soyadını özünə təxəllüs
götürür. Bu isə çox sadə bir əhvalat zamanı baş verir.
Bir gün o, rəfiqəsi ilə küçədə gəzərkən çantasından çıxartmaq
istədiyi pulu yerə salır. Güclü külək həmin pulları havaya sovurur.
Kağız pulların havada uçuşuna tamaşa edən Faina qəhqəhə ilə gülərək
deyir: "Onlar necə gözəl uçurlar". Bunu görən rəfiqəsi təəccüblənib
deyir: "Siz eynən Ranevskaya kimisiniz". Beləliklə, Ranevskaya onun
ləqəbinə, sonralar isə təxəllüsünə, rəsmi soyadına çevrilir.
Faina aktrisa olmaq üçün qərar verib teatr studiyalarının
birində səhnə dərsləri üzrə hazırlığa getməyə başlayır. Atası onun
aktrisalığa olan istəyindən xəbər tutan kimi ailədə güclü mübahisə
yaranır. Atasının qərarına əsasən, aktrisalıqdan söhbət belə gedə
bilməzdi. Bu səbəbdən də Faina ciddi olaraq arzuladığı sənətlə
məşğul olmaq üçün yaşadığı şəhəri tərk etmək məcburiyyətində qalır.
1915-ci ildə o, Taqanroqu tərk edərək Moskva şəhərinə yola düşür.
Lakin böyük ümidlərlə üz tutduğu Moskva onu xoş qarşılamır. Heç bir
teatr məktəbi onu qəbul etmir, buna görə də özəl məktəblərin birinə
qəbul olmaq məcburiyyətində qalır.
Peşəkar səhnə uğurları...
Bir müddət sonra isə Faina aktrisa Yekaterina Qelser ilə tanış
olur. Qelserin məsləhəti ilə o, Moskva yaxınlığında yerləşən
Malaxov adına yay teatrına yazılır. Faina ilk olaraq nəzərə
çarpmayacaq, epizodik rollarda çıxış etsə də, Olqa Sadovskaya,
Pevsov kimi aktyorlarla işləmək ona xoş təsir edir. Həmçinin
Fainanın böyük aktrisa olacağını proqnozlaşdıran ilk sənət adamı da
Pevsov olur. Faina bir müddət həmin teatrda işləyir. Sonra isə
ailəsinin xarici ölkəyə mühacirət etdiyini eşidir. Moskvada baş
qaldıran vətəndaş müharibəsi ərəfəsində tənha qalan Faina aktrisa
Pavla Vulf ilə tanış olub dostluq etməyə başlayır. Moskvada daimi
qalıb yaşaya bilmək üçün ona dramaturq Maks Voloşin kömək edir.
Teatr aktyorları truppasına üzv yazılan Faina rejissor Pavel
Rudinin hazırladığı "Roman" tamaşasında Marqarita Kavalina obrazını
çox ustalıqla ifa edir. Ardınca o, "Sonuncu qurban", "Canlı meyit",
"Müfəttiş", "Fırtına" kimi tamaşalarda aparıcı rolları ifa
edir.
1925-ci ildə o, Pavla Vulf ilə birlikdə Moskva Xalq Teatrına
qəbul edilir. Burada işlədiyi müddətdə onu Kamera Teatrında işləmək
fikri məşğul edir. Faina Kamera Teatrının baş rejissoru Aleksanr
Tairova məktub yazmaq qərarına gəlir. İlk məktuba heç bir müsbət
cavab ala bilmir. Lakin sonra rejissor öz qərarını dəyişib Fainanı
teatra qəbul edir. Xeyli vaxt həmin teatrda işlədikdən sonra Moskva
Qızıl Ordu Teatrına, daha sonra Malıy Teatrına dəvət olunur. Moskva
Qızıl Ordu Teatrı onu buraxmaq istəmir. Faina teatrdan böyük
mübahisə ilə ayrılır. Lakin bu dəfə də Malıy Teatrı onu qətiyyətlə
truppaya qəbul etməkdən imtina edir.
Teodor Drayzerin diqqət mərkəzində
Aktrisanın kino ilə ilk tanışlığı 1934-cü ildə rejissor Mixail
Rommun dəvəti ilə "Toppuş" filmində baş tutur. Həmin ərəfədə
Moskvada səfərdə olan yazıçı Romen Rollan filmi seyr edərək
Ranevskayanın ifasını xüsusi qeyd edib, filmin Fransada
göstərilməsini xahiş edir. Film fransız tamaşaçıları tərəfindən də
maraqla qarşılanıb, böyük uğur qazanır.
"Toppuş" filmindəki uğurundan sonra Faina təkrar kinoya çəkilmək
istəməyərək "bütün bunlar çox yorucu işlərdir" kimi fikirlər
səsləndirdi. Buna baxmayaraq, üç ildən sonra işsiz qalan, teatrdan
uzaq olan aktrisa rejissor İqor Savçenkonun filminə çəkilməyə
razılıq verir. Kino onu ələ almağı bacarır. Ard-arda gələn film
təkliflərinin heç birinə yox demir. 1940-cı ildə aktrisa yenidən
Mixail Rommun dəvəti ilə "Arzu" filminə çəkilir. Həmin film
aktrisanın kino karyerasında önəmli yer tutur. Aktrisa öz
xatirələrində yazırdı: "Bütün həyatım boyu mən o cür sevinc
yaşamamışam. Nə teatrda, nə kinoda. Mixail Romm ilə mənim həmin
filmdəki işim unudulmazdır. Mən Mixail müəllimdən aktyora necə
davranmağın, insan xasiyyətinə incə yanaşmağın, xeyirxahlığın, əsl
müəllim sənətinin sirlərini öyrənmişəm. Həmişə bu böyük insana
qarşı olan minnətdarlıq hissimi qoruyub saxlamağa çalışmışam. Hər
zaman ona məni məhz "Arzu" filminə dəvət etdiyi üçün sonsuz
təşəkkür hissləri duymuşam".
Həmin filmi izləyən yazıçı Teodor Drayzer aktrisanın ifasını çox
yüksək qiymətləndirib.
Böyük Vətən müharibəsi başladıqdan sonra o, bir müddət Daşkənd
şəhərinə evakuasiya olunur. Lakin 1943-cü ildə yenidən Moskvaya
qayıdıb. Mayakovski adına Dram Teatrına qəbul olunur. Rejissor
İsidor Annenskinin "Toy" filmində gəlinin anası rolunu ifa edir.
Həmin filmdə aktrisa güclü aktyor ansamblı ilə işləyir. Bu film
uzun illər tamaşaçıların sevimli filmi olur. Aktrisanın həmin
filmdə işlətdiyi frazalar uzun illər dillərdə gəzir. O, müharibədən
sonra 1947-ci ildə "Bahar", "Küllücə" filmlərinə çəkilir. "Küllücə"
filmindəki ögey ana obrazı kino tənqidçiləri tərəfindən onun ən
yaxşı komik rolu kimi qeyd olunur.
Əzizim, sizin paxıllığınızı çəkirəm
Həyatı boyu aktrisa heç kimlə ailə qurmayıb. Bir dəfə kiminsə
"heç sevmisinizmi" sualına o, gəncliyində baş vermiş hadisəni nəql
edir: "Mən çox uzaq keçmişdə cavan və yaraşıqlı bir aktyoru
sevirdim. Bir axşam o, mənim evimə qonaq gələcəyini bildirdi. Həmin
gün çox zəhmət çəkməli olmuşdum. Amma doğrudan da gözəl süfrə
alınmışdı. Gözlədiyim sevgili isə içkili vəziyyətdə, üstəlik də
yanında cavan bir qızla yanıma gəlib dedi: "Əzizim, bəlkə yarım
saatlığına çıxıb bir yerdə gəzişib, sonra qayıdasan?" Həmin gündən
sonra kişilərə tərəf baxa bilmirəm. Onlar alçaq və
sürünənlərdir".
60-cı illərin əvvəlində aktrisa təklikdən əziyyət çəkir. O,
Fransada yaşayan bacısı İzabelladan məktub alır. Həmin ərəfədə
bacısının həyat yoldaşı yenicə rəhmətə getmişdi. Faina israr edirdi
ki, bacısı gəlib onunla birgə yaşasın. Mədəniyyət Nazirliyinin
köməkliyi ilə o, bacısını öz yanına gətirə bilir. Xeyli müddət
birlikdə yaşayan iki bacı bir gün faciə ilə qarşılaşır: İzabellada
xərçəng xəstəliyi aşkar olunur. Bütün müalicələr, keçirilən
əməliyyatlar köməksiz olur. 1964-cü ildə İzabella vəfat edir.
Aktrisanın filmdəki son işi "Bu gün yeni attraksion" filmi olur.
60-cı illərin ortalarında aktrisa yenidən teatra qayıdır və ömrünün
sonuna qədərə teatra bağlı qalır. Mürəkkəb xarakteri ucbatından
Faina Ranevskaya yaşının ahıl çağlarında daha da tənhalaşır və
ətrafındakı insanlarla kobud rəftar edir. Onun daima çəkişdiyi,
ağlatdığı insanlardan biri də aktrisa İya Saavina olub. Lakin bir
dəfə onun xətrinə bərk dəydikdən sonra İyaya zəng vurub üzrxahlıq
edir: "Əzizim, mən çox tənhayam. Dostlarımın hamısı dünyadan köçüb.
Mənim bütün həyatım işdən ibarətdir. Qəfildən isə hiss etdim ki,
sizin paxıllığınız çəkirəm. Bu ərköyünlük və ya özündənrazılıq
deyil. Mən çox çətinliklə işləyirəm, qızım. Daimi qorxu məni həmişə
izləyir. Səhnə, publika, hətta tərəf-müqabili qarşısında yaranan bu
qorxunu sizə başa sala bilmərəm. Bu, mənim həyatımdır və həyat
haqqında düzgün qərarlar tətbiq edə bilməmək çox qorxuludur".
Əxlaqsızlıq buz üzərində baletdir
Ölümündən bir il əvvəl aktrisa səhnədəki son rolundan imtina
edir: "Özümü yaşlanmış əşya kimi hiss edirəm. Bütün sümüklərim
ağrıyır. Çox yorulmuşam, çox. Bu günə qədər bir çox teatrlarda
işləsəm də, heç birində rahatlıq tapmadım. 87 il! Mən axı
Aleksandra Yabloçkina deyiləm ki, yüz il səhnədə olum. Yox, artıq
səhnəyə çıxmayacağam.
Ranevskaya aktrisalıqla yanaşı, bir çox məşhur sitatların da
müəllifi olub:
"Təklik budur ki, evdə telefon ola-ola, saatın zəng çalır".
"Homoseksuallıq, mazoxizm, sadizm əxlaqsızlıq deyil. Əxlaqsızlıq
buz üzərində balet, ot üzərində xokkey oynamaqdan ibarətdir".
"Sizə yaxın adamlarla münasibətinizdə ən bağışlanmaz günah -
uğurdur".
"Əgər gördüyün yuxunu kiməsə danışa bilirsənsə, deməli, tək
deyilsən".
Qeyd edək ki, Faina Ranevskaya 1984-cü il iyulun 19-da sətəlcəm
və infarktdan dünyasını dəyişib.