Yuxarı

Bakıda V Beynəlxalq Teatr Konfransı işə başladı - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 5-də Bakıda V Beynəlxalq Teatr Konfransı işə başlayıb.

Kult.az xəbər verir ki, “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” adı altında Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən konfrans Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində ötən beynəlxalq teatr konfranslarından bəhs edən fotosərgi və Milli Kitabxana tərəfindən təşkil edilən kitab sərgisi ilə tanış olublar.

Açılış mərasimi səhnədə quraşdırılan monitorda Beynəlxalq Teatr Konfransının tarixini, Azərbaycan teatrının şanlı keçmişini əks etdirən videomaterialın nümayişi ilə başlayıb. Sonra “British Council Azerbaijan” təşkilatının “Unlimited” proqramı çərçivəsində əlilliyi olan və əlilliyi olmayan insanlar səhnədə çıxış ediblər.

Azərbaycan Respublikası Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva tədbir iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Konfransın açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə iki ildən bir gerçəkləşən konfransın əhəmiyyətindən danışıb.

Bildirib ki, konfrans Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na əsasən keçirilir. Builki konfransda 40-dan çox ölkədən 120 xarici qonaq iştirak edir. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alır.

Ə.Qarayev söyləyib ki, konfransın məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır. Müxtəlif ölkələrdən teatr xadimlərinin yenidən bir araya gəlməsi və belə bir tədbirin Bakıda keçirilməsi bizdə qürur hissi doğurur. İki gün davam edəcək konfransda dünyanın məşhur teatr, incəsənət xadimləri – rejissorlar, aktyorlar, dramaturqlar, ssenaristlər, bəzi ölkələrin teatr xadimləri ittifaqlarının, teatrla bağlı tanınmış qurumların, eləcə də müxtəlif ölkələrin teatr rəhbərlərinin iştirakı ilə məruzələr dinləniləcək, ümumilikdə konfransın gündəliyində yer alan məsələlər teatr bilicilərinin canlı ünsiyyətini təmin etməklə yanaşı, uğurlu nəticəyə, qarşılıqlı yeni əlaqələrin qurulmasına zəmin yaradacaq.

“Azərbaycan dövləti teatr sənətinin inkişafına böyük diqqət yetirir. Teatrımız XXI əsrdə yeni mərhələyə qədəm qoyub. Teatrlarımız dünyanın ən məşhur festivallarında uğurla çıxış edir. Ölkəmizdə həyatın bütün sahələri kimi, mədəniyyət sahəsinə də xüsusi qayğı var. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizə keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, beynəlxalq yarışlar, reallaşdırılan layihələr ümumilikdə dövlətimizin daha yaxından tanınmasına xidmət edir. Bu gün təkcə Bakıda deyil, bölgələrdəki teatrlarımız da yeni inkişaf yoluna qədəm qoyub. Bu yaxınlarda Sumqayıt Dövlət Teatrı və Mingəçevir Dövlət Dram Teatrı 50 illiyini qeyd etdik. Bizim teatr sənətimizin bir əsrdən çox yaşı var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin yerlərdə teatr binaları, incəsənət, mədəniyyət abidləri, çoxsaylı tarixi abidlər dağıdılıb. Bu gün Ağdam, Füzuli, Şuşa, İrəvan teatrları qaçqın taleyi yaşayır və öz mövcudluqlarını qoruyub saxlamaq üçün bütün çətinliklərə sinə gərir. Xalqımıza məxsus bütün mədəni dəyərləri qorumağa, ona sahib çıxmağa çalışmalıyıq”,- deyə Ə.Qarayev söyləyib.

Builki konfransın əvvəlkilərdən fərqləndiyini diqqətə çatdıran nazir deyib ki, burada iştirak edən qonaqlar YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festivalda da iştirak edəcəklər.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov, Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxam, UNESCO-nun Sülh Artisti Əli Mahdi, Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutar, GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin , Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardi çıxış edərək konfransın əhəmiyyətindən danışıb, dünya teatrlarının bir araya gəlməsi və qarşılıqlı fikir mübadiləsi baxımından önəmini vurğulayıblar.

***

Prezident İlham Əliyevin V Bakı beynəlxalq teatr konfransının iştirakçılarına məktubunu təqdim edirik:

"Hörmətli konfrans iştirakçıları!

Sizi V Bakı beynəlxalq teatr konfransının açılışı münasibətilə salamlayır və konfransın işinə müvəffəqiyyətlər arzu edirəm.

Mədəniyyət bütün dövrlərdə insanların ünsiyyətinin başlıca vasitəsi və sivilizasiyalar arasında qarşılıqlı əlaqələrin etibarlı körpüsü olmuşdur. Bununla əlaqədar teatr sənəti də mənəviyyat və mədəni tərəqqi tarixi ilə daim dərin bağlılıqda təşəkkül tapmış və bədii-estetik fikrin zənginləşməsində həmişə mühüm rol oynamışdır.

XIX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda cərəyan edən və maarifçilik hərəkatını canlandıran ictimai-siyasi hadisələr ədəbiyyat, mədəniyyət və incəsənət sahələrində forma və məzmun dəyişikliklərinə yol açdı. Həmin dövr Azərbaycan teatrının inkişafı baxımından olduqca əlamətdardır. Böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən milli dramaturgiyanın təməlinin qoyulması ölkəmizdə xalq teatrının peşəkar teatr sənətinə çevrilməsi ilə nəticələndi. Ötən müddət ərzində dolğun fəaliyyət göstərmiş və əsl milli sərvətə çevrilmiş Azərbaycan teatrı bu gün də xalqımızın sosial-mədəni həyatında özünəməxsus layiqli yer tutur.

Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, konfransın ölkəmizin paytaxtında “Azərbaycan teatrı 2009–2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində təşkili xoş bir ənənə halını almışdır. Dünyanın 40-dan çox ölkəsindən gəlmiş teatr xadimlərinin, mötəbər teatr qurumlarının rəhbərləri və təmsilçilərinin, teatr mütəxəssislərinin iştirakı bu konfransın artan nüfuzundan xəbər verir. Sürətli qloballaşma şəraitində müasir teatrın imkanları, qarşılaşdığı problemlər və gələcək inkişafının əsas istiqamətlərinə dair mövzularda səmərəli fikir mübadiləsi aparılacağına və birgə layihələr işlənib hazırlanacağına əminəm.

Ümidvaram ki, konfrans geniş müzakirələr yolu ilə yaradıcılıq məsələlərinin uğurlu həllinə müvəffəq olaraq ölkələrimiz və xalqlarımız arasında mədəni əməkdaşlığın dərinləşməsi və dostluq tellərinin möhkəmlənməsinə dəyərli töhfələr verəcəkdir.

Hər birinizə gələcək fəaliyyətinizdə nailiyyətlər diləyirəm".

Tarix
2018.11.05 / 12:39
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla