Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin Vahid Elektron Müraciət və Təyinat Alt
Sistemi (VEMTAS) tərəfindən 11050 ailəyə ünvanlı dövlət sosial
yardımı təyin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən
məlumata görə, (VEMTAS) ünvanlı sosial yardımların təyinatı
prosesində məmur müdaxiləsi mümkün olmadan, bu prosesin bütünlüklə
elektron qaydada, tam şəffaf və obyektiv əsaslarla aparılmasına
şərait yaradıb.
Cari ilin 15 fevral tarixindən tətbiqinə başlanılan bu sistem
tərəfindən ötən dövrdə 43779 nəfər ailə üzvünü əhatə edən 11050
ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı
təyinatı aparılıb.
Ailələri təmsil edən vətəndaşlar ünvanlı dövlət sosial
yardımının alınması üçün kompüterlər, mobil telefonlar və s.
internet bağlantısı olan avadanlıqlar vasitəsilə "Elektron hökumət"
və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet
saytındakı "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi"
e-xidməti vasitəsilə müraciət edirlər. Müraciət qeydiyyata
alındıqdan sonra ailələri təmsil edən şəxsin, yəni təmsilçinin
"Ərizə-bəyannamə"də qeyd etdiyi əks-əlaqə vasitələrindən birinə
VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Həmin tarix ailənin
sosial yardımın alınması üçün müraciət etdiyi gün hesab edilir.
Təmsilçi müraciət edərkən "Ərizə-bəyannamə"də ailə üzvləri,
gəlirləri və əmlakı barədə daxil etdiyi məlumatlar
avtomatlaşdırılmış qaydada 20-dən çox dövlət orqanının və
təşkilatın informasiya ehtiyatlarına inteqrasiya şəraitində rəsmi
məlumatlar əsasında yoxlanılır.
Ünvanlı dövlət sosial yardımının alınması üçün edilmiş
müraciətlərə baxılmasının nəticəsi barədə də vətəndaşlara elektron
şəkildə məlumat verilir. VEMTAS tərəfindən ünvanlı sosial yardımın
təyin olunması barədə qərar çıxarıldığı hallarda yardımın məbləği
və təyin edilmə müddəti, onun əldə edilməsi üçün plastik kartın
hansı bankdan alınacağı barədə vətəndaşa "Ərizə-bəyannamə"də qeyd
etdiyi əks-əlaqə vasitələrinin birinə məlumat göndərilir. Həmçinin
yardım təyin olunmasından imtina edildiyi barədə qərar çıxarıldığı
halda əks əlaqə vasitələrinin birinə məlumat göndərilərək,
imtinanın səbəbləri vətəndaşın diqqətinə çatdırılır.
Ünvanlı sosial yardımın təyin olunması və ya imtina edilməsi
barədə məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
mərkəzləşdirilmiş informasiya sistemindən sadəcə telefon
vasitəsilə, yəni nazirliyin 142 - "Çağrı mərkəzi"nə zəng etməklə də
öyrənmək mümkündür. Belə ki, ünvanlı sosial yardım üçün müraciət
etmiş şəxs 142 - "Çağrı mərkəzi"nə zəng edərək 0 düyməsini, bundan
sonra 2 düyməsini yığaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini və
sosial yardımın alınması üçün ailəni təmsil etməsi barədə notarial
qaydada təsdiq edilmiş ərizənin nömrəsinin sonuncu 4 rəqəmini daxil
edir. Bundan sonra həmin şəxsə sosial yardım üçün etdiyi
müraciətinə baxılmasının nəticəsi barədə məlumat verilir.
Ümumilikdə hazırda respublika üzrə 532 373 nəfər ailə üzvünü
əhatə edən 124 320 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin
olunur. Sosial yardımların hər ailəyə düşən orta aylıq məbləği 151
manat təşkil edir.