Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev
adına Akademiyasında məzun buraxılışı ilə əlaqədar təntənəli
mərasim keçirilib.
DTX-nin ictimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata
görə, qurumun rəisi general-leytenant Mədət Quliyev mərasimdə çıxış
edərək buraxılış münasibətilə məzunları, onların valideynlərini,
akademiyanın professor-müəllim heyətini təbrik edib, gənc zabitlərə
tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən
danışıb. Bildirib ki, müstəqilliyi, dövlətçiliyi qorumaq və
təhlükəsizliyi etibarlı təmin etmək ən ümdə vəzifələrdir: "Ölkənin
təhlükəsizliyinə cavabdeh şəxslərin yüksək keyfiyyətlərə malik
olması, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və
dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi Ulu Öndərin əsas tövsiyəsi
idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 1-də
imzaladığı tarixi sərəncama əsasən ölkəmizin xüsusi xidmət
orqanları üçün peşəkar zabit kadrlarının yetişdirilməsi məqsədi ilə
bu təhsil müəssisəsi yaradılıb. Ümummilli liderin adını şərəflə
daşıyan Akademiyada gələcək əməkdaşların spesifik ali təhsilin
incəliklərini mənimsəmələri, zəruri vərdişlərə və mənəvi
keyfiyyətlərə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bu
baxımdan, məzunların xidmətə başlayacaqları sahələrdə əzmlə
çalışmaları, cəsur, qətiyyətli və prinsipial zabit kimi xidməti
vəzifələrini vicdanla yerinə yetirmələri Ümummilli Lider Heydər
Əliyevin peşəkarlıq və vətənpərvərlik məktəbinə, milli maraqların
qorunması amallarına sədaqət göstəricisidir".
M. Quliyev qeyd edib ki, dinamik inkişaf edən Azərbaycan
bölgənin lideridir, bütün bunlar qlobal və regional xarakterli
təhdidlərin artdığı şəraitdə bizi ölkəmizin təhlükəsizliyinə daha
etibarlı təminat yaratmağa səfərbər edir. "Eyni zamanda,
təhlükəsizliyə cavabdeh orqanların əməkdaşlarından daha yüksək
peşəkarlıq, bilik səviyyəsi, əməliyyat-döyüş hazırlığı,
tapşırıqların icrasında çeviklik və səriştə tələb olunur. Ümid
edirəm ki, Ulu Öndərin adını daşıyan Akademiyanı uğurla bitirən
gənc zabitlərimiz bu müqəddəs ocaqda təhsil aldıqlarına görə həmişə
fəxr edəcək və burada qazanılan mükəmməl bilik sayəsində Dövlət
Təhlükəsizliyi Xidmətinin müxtəlif struktur bölmələrində, ərazi
orqanlarında vəzifə borclarını sədaqət və əzmlə davam
etdirəcəklər".
DTX rəisi təntənəli mərasim iştirakçıları adından Azərbaycan
prezidenti İlham Əliyevi əmin edib ki, bu gün sıralara qoşulan gənc
zabitlər də bütün şəxsi heyət kimi xalqa ləyaqətlə xidmət edəcək,
Silahlı Qüvvələrin Ali Baş Komandanının bütün əmr və göstərişlərini
bundan sonra da dərhal və vicdanla yerinə yetirəcək.
M. Quliyev xatirələrində əbədi qalacaq bu gün münasibəti ilə
gənc zabitləri bir daha təbrik edərək, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb və akademiyanı fərqlənmə ilə
bitirən məzunlara diplomları təqdim edib.
Digər məzunlara da diplomlar təqdim olunduqdan sonra
akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi
marşla tribunanın önündən keçiblər. Sonra Heydər Əliyevin abidəsi
önündə xatirə şəkli çəkdirilib.
Təntənəli mərasimin sonunda M. Quliyev məzunların valideynləri
ilə görüşüb.