Nazirlər Kabineti "Ümumi təhsil müəssisəsinin
kitabxanasının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib.
APA-nın məlumatına görə, bu Nümunəvi Əsasnamə
Azərbaycan ərazisində yerləşən bütün ümumi təhsil müəssisələrinin
kitabxanalarının fəaliyyətini tənzimləyir.
Ümumi təhsil müəssisənin kitabxanası tədris və tərbiyə
prosesinin informasiya təminatını həyata keçirən, biliyi, elmi,
mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və
elektron resursları toplayıb mühafizə edən, onların müəllim və
şagird kontingenti tərəfindən sistemli istifadəsini təşkil edən
sosial institutdur. Kitabxana, minimum kitabxana fondu
(azkomplektli ümumi təhsil müəssisəsində 500, tamkomplektli ümumi
təhsil müəssisəsində 1000 çap vahidindən az olmamaqla), müvafiq
sahə (oxu zalı və fond üçün otaqlar), avadanlıq və kadr potensialı
olduqda, müəssisənin struktur bölməsi kimi onun infrastrukturuna
daxil edilir. Bu Nümunəvi Əsasnamə hər bir kitabxana üçün fərdi
Əsasnamənin hazırlanmasında əsas hesab olunur. Kitabxananın
fondundan və informasiya resurslarından bütün oxucular və
istifadəçilər tərəfindən tam istifadə edilməsi üçün müvafiq şərait
yaradılır.
Kitabxana ümumi təhsil müəssisəsinin təlim-tərbiyə prosesində
fəal iştirak edir, müəllim və şagird kontingentinə,
valideyn-müəllim assosiasiyalarının üzvlərinə kitabxana xidmətləri
göstərir. Kitabxananın fonduna dərsliklər, dərs vəsaitləri,
tədris-metodik ədəbiyyat, elmi-pedaqoji ədəbiyyat, bədii ədəbiyyat,
universal məzmunlu kitablar (ensiklopediyalar, məlumat kitabları,
soraq kitabçaları, biblioqrafik nəşrlər), dövri nəşrlər (dövri
nəşrlərin sayı ümumi təhsil müəssisəsinin növündən, şagird
kontingentinin sayından və milli tərkibindən asılı olaraq
müəyyənləşdirilir), müəllim üçün metodik vəsaitlər, elektron
resurslar və digərləri daxildir. Kitabxana ümumi təhsil
müəssisəsinin direktoruna tabedir və direktor kitabxana xidmətinin
təşkilinə və bu xidmətin keyfiyyətli olmasına görə məsuliyyət
daşıyır. Kitabxanaya rəhbərlik öz işinə görə məsuliyyət daşıyan
kitabxananın müdiri (və ya kitabxanaçı) tərəfindən həyata
keçirilir. Kitabxananın müdiri (və ya kitabxanaçı) ümumi təhsil
müəssisəsinin direktoru tərəfindən qanunla müəyyən edilmiş qaydada
vəzifəyə təyin və vəzifədən azad olunur və işlədiyi müddətdə
müəssisənin pedaqoji kollektivinin üzvü hesab edilir. Kitabxananın
müdiri (və ya kitabxanaçı) ümumi təhsil müəssisəsinin Pedaqoji
Şurasının tərkibinə daxil edilir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil
müəssisələrində kitabxana işinin elmi-metodik təminatı onların
elmi-metodik əlaqələndirmə mərkəzi statusuna malik olan Təhsil
Nazirliyinin Respublika Elmi Pedaqoji Kitabxanası tərəfindən həyata
keçirilir. Kitabxananın kadr təminatında peşə üzrə ixtisas təhsili
olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda, müvafiq
peşə-ixtisas təhsili olmayan, lakin yüksək təcrübəyə və kitabxanada
çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə
bilərlər. Kitabxananın oxuculardan itirilmiş və ya yararsız
vəziyyətə salınmış kitabxananın fonduna məxsus çap əsərlərinin və
digər materialların müvafiq çap əsərləri və materiallarla əvəz
edilməsini, bu mümkün olmadıqda, vurulmuş ziyana görə yeni
qiymətləndirmə əmsalları nəzərə alınmaqla, onların qiymətinin 10
misli məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququ var.
Kitabxananın vəzifələri sırasında isə "informasiya günü", "müəllim
günü", "sinif günü" adlı tədbirləri təşkil etmək və ayda bir dəfə
kitabxanada sanitariya günü keçirmək də yer alıb.
Nümunəvi Əsasnaməyə əsasən kitabxananın fonduna daxil olan çap
və informasiya resurslarından istifadə qaydaları da
müəyyənləşdirilib. Abonement vasitəsilə kitabxananın çap resursları
evdə istifadə etmək üçün götürülə bilər. Evə götürülən resurslardan
istifadə müddəti aşağıdakı kimi müəyyənləşdirilir:
- dərslik, dərs vəsaiti – bir tədris ili;
-elmi-populyar və bədii ədəbiyyat – bir ay;
- dövri və çox istifadə olunan nəşrlər – 15 gün;
Oxu zalında istifadə üçün nəzərdə tutulan resurslardan, o
cümlədən qiymətli və soraq xarakterli informasiya resurslarından
yalnız kitabxana daxilində istifadə edilir. Bir kompüterdə eyni
zamanda iki nəfərdən artıq istifadəçinin işləməsinə icazə verilmir.
İnternetin pullu resurslarından istifadə edilməsinə də icazə
verilmir.