Nizami rayonu Qara Qarayev
prospektinin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri
arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək
vətəndaşların istifadəsinə verilib.
Azəryol ASC-nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata
görə, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa
olunuraraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni
səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı
frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi
işləri həyata keçirilib. Bundan başqa Şirin Mirzəyev küçəsindən
Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində
yeni yol ayrıcı da inşa olunub.
Hal-hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə
kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri
həyata keçirilir. Bu səbəbdən prospektin Nəsimi küçəsi ilə
kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin
hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə
kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin
qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan köməkçi yolunda da
təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri
(Neftçilər metrosu) arasında yerləşən uzunluğu 750 m, eni 12 m olan
köməkçi yolda isə təmir işləri davam etdirilir.
Ümumiyyətlə təmir-tikinti işləri prospektin sonuna qədər ( Babək
prospektinə kimi ) 2850 m-lik hissədə davam etdiriləcək. 6 hərəkət
zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 m təşkil
edir. Prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki
daşının düzülməsi, 90 min kvadrat metrdən artıq ərazinin
asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında
olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən
Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə
təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə
tutulub.
Qeyd edək ki, Qara Qarayev prospektində təmir işləri Bakı şəhəri
Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin
davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol"
ASC tərəfindən aparılır. Artıq bu çərçivədə Nizami rayonunda
bir-neçə küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb,
bəzilərində hazırda da davam etdirilir.
Təmiri yekunlaşdırılmış küçələr Mikayıl Əliyev (2.8 km), Bəkir
Çobanzadə (2.3), Mehdi Abbasov (1 km), Naxçıvanski (850 m) və
Nəsimi (620 m) küçələridir. Həmçinin Rüstəm Rüstəmov küçəsinin 1,3
km-lik hissəsində (M.Əliyev küç.-Q.Qarayev pr-ti arası) təmir
işləri aparılaraq yekunlaşdırılıb, 700 m-lik bir hissəsində isə
(Q.Qarayev pr-ti - Bakıxanov qəs. arası) bu istiqamətdə işlər davam
etdirilir.