Hazırda Azərbaycanda 300 subartezian quyusunun qazılması
işləri aparılır.
Axar.az xəbər verir ki, bunu Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə iyulun 10-da
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan
iclasında deyib.
O qeyd edib: "Möhtərəm cənab Prezident! Dünya siyasətinin
tanınmış lideri, müdrik və uzaqgörən siyasi xadim, Azərbaycan
xalqının xilaskarı, ümummilli liderimiz Heydər Əliyev tərəfindən
meliorasiya və su təsərrüfatı potensialının yaradılması, onun
inkişafı, aparılan islahatlar və böyük quruculuq işləri bu gün
Sizin rəhbərliyiniz ilə uğurla davam etdirilir. Son illərdə bu
sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artmış, sahənin
maddi-texniki bazası xeyli gücləndirilmiş, minlərlə kilometr
suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası,
yenidən qurulması və tikintisi həyata keçirilmiş, 266 min hektar
sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə
meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan
sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493
subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və
dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin
möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.
Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız nəticəsində
ölkə iqtisadiyyatının gələcək inkişafı üçün əvəzolunmaz nəhəng
infrastruktur layihələri olan Taxtakörpü və Şəmkirçay su
anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin
sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar
yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli
su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına
imkan yaranmışdır. İlkin mərhələdə Taxtakörpü su anbarı zonasında
Xızı və Siyəzən rayonlarında 10 min hektar əkin sahəsi suvarma suyu
ilə təmin edilmişdir ki, onun 8 min hektarı yeni suvarılan
torpaqlardır. Şabran rayonunda isə 14 min hektara yaxın yeni
suvarılacaq torpaqlarda meliorativ tədbirlərin layihə sənədlərinin
hazırlanması başa çatdırılmışdır. Cari ildə Xızı, Siyəzən və Şabran
rayonlarında meliorativ tədbirlər davam etdirilməklə 6200 hektar, o
cümlədən 4500 hektar yeni suvarılan torpaqların istifadəyə
verilməsi və 1700 hektar sahənin su təminatının yaxşılaşdırılması
təmin ediləcək. İki ildə ölkənin şimal zonasında 12 min hektardan
çox yeni suvarılan torpaqların istifadəyə verilməsi iri kənd
təsərrüfatı müəssisələrinin yaradılmasına geniş imkanlar açır. Eyni
zamanda, şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə su
verilməsi üçün Caqacuqçay və Qudyalçay çaylarında sugötürücü
qurğuların və nəqledici kanalların tikintisi tamamlanmış, Qusarçay
çayında isə bu işlər cari ildə başa çatdırılacaq".
ASC sədri əlavə edib ki, son illərdə yay mövsümündə Samur sərhəd
çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin
su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan
Taxtakörpü su anbarında toplanan su hesabına Bakı, Sumqayıt
şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və
kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin
qarşısının alınması mümkün olmuşdur: "Şəmkirçay su anbarı zonasında
əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr
uzunluğunda magistral kanalların tikinti işləri başa çatdırılaraq
Şəmkir və Göygöl rayonlarının əkin sahələrinə suvarma suyunun
verilməsi üçün müasir paylayıcı kanalların və suvarma şəbəkəsinin,
eləcə də Goranboy rayonunun 26 min hektara yaxın (ondan 8 min
hektardan çoxu yeni suvarılan torpaqlardır) torpaq sahələrini
suvarma suyu ilə təmin edəcək Şəmkir maşın kanalının ikinci
növbəsinin tikintisi işlərinə başlanılmışdır. Bu işləri cari ildə
davam etdirməklə Goranboy rayonunda 8 min hektar sahəyə, - onun 980
hektarı yeni suvarılan torpaqlardır, - suvarma suyunun
çatdırılması, Göygöl rayonunda isə müasir qapalı suvarma
şəbəkəsinin tikintisi aparılmaqla 3 min hektar sahə, - ondan 1200
hektara yaxını yeni suvarılan torpaqlardır, - suvarma suyu ilə
təmin ediləcək. Eyni zamanda, cari ildə Şəmkirçay su anbarında
yığılan su hesabına Şəmkir və Göygöl rayonlarının 16 min hektar
əkin sahələrinin su təminatı yaxşılaşdırılmışdır. Sizin
iştirakınızla cari ildə istifadəyə verilmiş Tovuzçay su anbarına
yığılan su hesabına Tovuz və Şəmkir rayonlarının 20 min hektara
yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılmış, 300 hektar
yeni suvarılacaq torpaqlar isə bu il istifadəyə veriləcək.
Ölkəmizdə iri kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə
əlaqədar verdiyiniz tapşırıqların icrası olaraq, Şəmkirçay su
anbarından "Şəmkir" Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma
sistemindən "Yalama" Aqroparkın 523 hektar, Hacıqabul rayonunun 400
hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu
ilə təmin edilmişdir".
Ə.Əhmədzadə bildirib ki, cari ildə Neftçala rayonunun 5620
hektar və Ağcabədi rayonunun 3 min hektar yeni suvarılacaq az
məhsuldar qış otlaq sahələrinə suvarma suyunun çatdırılması üçün
Neftçala və Yuxarı Mil kanallarının tikintisi davam etdiriləcək:
"Sabirabad və Biləsuvar rayonlarında isə 16 min hektar az məhsuldar
qış otlaq sahələrində kompleks meliorativ tədbirlər aparılacaqdır.
Pambıqçılıq və taxılçılığın inkişafını təmin etmək üçün Sabirabad,
Kürdəmir, Goranboy, Bərdə, Yevlax, Zərdab, Ağcabədi, eləcə də
qoşunların təmas xəttində və sərhəd zonalarında yerləşən Füzuli,
Qazax, Tovuz və digər rayonlarda 11 min hektar sahədə əkin
sahələrinin su təminatı və 4 min hektar sahədə torpaqların
meliorativ vəziyyəti yaxşılaşdırılacaq. Sizin müvafiq
sərəncamlarınızla ehtiyat fondundan ayrılan vəsait hesabına
2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan
həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi
üçün respublikanın 35 şəhər və rayonunun 458 yaşayış məntəqəsində
657 subartezian quyusu qazılmışdır. Əhalinin çox rəğbətlə
qarşıladığı bu tədbir Sizin sərəncamlarınızla cari ildə davam
etdirilir və hazırda 300 subartezian quyusunun qazılması işləri
aparılır".