Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305
nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş qaydaları"nda Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 08 iyul 2016-ci il tarixli 267 nömrəli Qərarı ilə
edilmiş dəyişikliklər "Gömrük sistemində islahatların davam
etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli 1853 nömrəli
Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Dövlət
Gömrük Komitəsi tərəfindən verilən təkliflər əsasında
hazırlanıb.
Bu barədə Axar.az-a Dövlət Gömrük Komitəsindən məlumat
verilib.
Qaydalara edilmiş dəyişikliklərdən biri fiziki şəxslər
tərəfindən gömrük ərazisinə gətirilən nəqliyyat vasitələri ilə
bağlıdır.
Azərbaycan Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq gömrük
bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac)
bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük
rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu
Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən
şəxs və onun nümayəndəsi onlarda göstərilən məlumatların
düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru
altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı
üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.
Belə ki, aparılmış araşdırma və təhlil nəticəsində müəyyən
edilib ki, qeyri-rezident fiziki şəxslər tərəfindən gömrük
ərazisinə müvəqqəti gətirilmiş xarici ölkələrdə daimi qeydiyyatda
olan XİFMN-in 8703 və 8711 mal mövqələrinə aid Avro-4 ekoloji norma
və standartlarına uyğun olmayan avtonəqliyyat vasitələri və onların
qoşquları (yarımqoşquları) Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 305
nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən
istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan
malların gömrük sərhədindən keçirilməsinin güzəştli və
sadələşdirilmiş Qaydaları"nın tələblərinə uyğun olaraq geri
aparılmalı və qaytarılmalı olduğu halda, həmin nəqliyyat vasitələri
bəzi hallarda gömrük ərazisindən kənara aparılmır və yaxud gömrük
ərazisinə geri qaytarılmır.
Bu cür halların baş verməsi Gömrük Məcəlləsinə və yuxarıda qeyd
olunan qaydalara əsasən gömrük borcunun ödənilməsinin təmin
edilməsi üçün təminat üsulları tətbiq edilmədən geriyə qaytarılma
barədə üzərinə öhdəlik götürmüş və gömrük ərazisinə nəqliyyat
vasitəsini müəyyən müddətdə müvəqqəti gətirən qeyri-rezident fiziki
şəxslər tərəfindən gömrük qaydalarının pozulmasına səbəb olur.
Ölkə ərazisinə müvəqqəti olaraq gətirilən nəqliyyat vasitələri
ilə bağlı qaydalara edilən dəyişikliklər gömrük orqanları
qarşısında öhdəlikləri olan fiziki şəxslər tərəfindən bu
öhdəliklərin yerinə yetirilməsinə və bunun nəticəsində də
hüquqpozma faktlarının azalmasına gətirib çıxaracaq.
Dəyişikliklər dərc edildiyi gündən (12 iyul) 30 gün sonra
qüvvəyə minəcək.