Azərbaycanda son günlər sarı qarpızın Geni Modifikasiya
Olunmuş (GMO) məhsul kimi becərilməsinə dair yayılan məlumatlar
əsassızdır.
Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a daxil olan məlumata
görə, bunu nazirlik yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin
(DFNX) rəisi Camal Quliyev bildirib. Xidmət rəisi sarı qarpızın adi
qarpız kimi "Qabaqkimilər" fəsiləsinə aid olduğunu və yabanı
qarpızla adi qarpızın çarpazlaşdırılması nəticəsində alındığını
diqqətə çatdırıb.
Onun sözlərinə görə, bu məhsul adi qarpızdan rənginə və
toxumların mət daxilində az olmasına görə fərqlənir: "Belə
qarpızlar əvvəllər Taylandda, İspaniyada becərilirdi və qırmızı
qarpızlara nisbətən daha məşhur idi. Rusiyada da belə sortlar
yetişdirilir və adi qarpızdan həm şirinliyinə, həm də ekzotik
dadına görə fərqlənir. Bəzi hallarda dadı limon və manqo
meyvəsinin, bəzi hallarda isə qabaq meyvəsinin dadını verir.
Qarpızın tərkibində olan A vitamini insanlarda görmə qabiliyyətinin
artmasına və göz xəstəliklərinin qarşısının alınmasına kömək edir,
C vitamini insanlarda viruslara və bir çox xəstəliklərə qarşı
immuniteti gücləndirir, kalsium dırnaqların, saçların və sümüklərin
möhkəmlənməsinə xidmət edir, dəmir isə qanı az olan və anemiya
xəstəliyinə məruz qalan xəstələrin sağalmasına, həzm prosesinin
yaxşılaşmasına müsbət təsir göstərir və bağırsaqları artıq
mayelərdən və çöküntülərdən təmizləyir".
C.Quliyev meyvənin tərkibində yağ və xolesterinin olmadığını,
həmçinin az kaloriliri məhsullara aid edildiyini diqqətə çatdırıb:
"Buna görə də bu qarpızdan arıqlama məqsədi ilə və atiskleroz
zamanı istifadə etmək mümkündür. Mətbəxdə əsasən desertlərin və
mürəbbələrin hazırlanmasında da geniş istifadə olunur. Qeyd edək
ki, bu məhsuldan istifadə bəzi insanların psixologiyasına mənfi
təsir göstərə bilər. Buna görə də həmin şəxslərin bu qarpızdan
istifadə etməmələri məsləhət görülür".
DFNX rəisi vurğulayıb ki, bu məhsulun yetişdirilməsində də adi
qarpızda olduğu kimi, pestisidlərdən və nitratlardan istifadə oluna
bilər: "Buna görə də istehlakçılara yoxlanılmış yerlərdən və
fitosanitar yoxlamadan keçmiş məhsullardan istifadə etmələrini
tövsiyə edirik. Bu məhsul Azərbaycan bazarına yeni daxil olduğu
üçün insanlarda qeyri-adi maraq yaradıb. Burada qeyri-adi heç nə
yoxdur və uzun illərdir dünya miqyasında məti ağ və yaşıl qarpız
sortları da becərilir. Bu məhsulların GMO tərkibli olması yayılan
məlumatların heç bir əsası yoxdur və bu iddialar heç zaman təsdiq
olunmayıb".