Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci Mədən, korpus 170,
ev 17 ünvanında yaşayan Novruzova Lətafət Mirqəzəb qızı Kütləvi
İnformasiya Vasitələrinə müraciət ünvanlayıb.
Həmin müraciəti diqqətinizə çatdırırıq:
"11.01.2014-cü il tarixdə saat 23:30 radələrində həyat yoldaşım
Novruzov Elbrus Novruzəli oğlu ilə Binəqədi rayonu, S.S.Axundov ilə
Azadlıq prospektinin kəsişməsində yerləşən piyada zolağının üstü
ilə avtobus dayanacağına tərəf keçmək istəyərkən, gümüşü rəngdə
"Mersedes" markalı minik maşını hər ikimizi vuraraq, hadisə
yerindən qaçıb.
Həyat yoldaşım ciddi xəsarət almasa da, mən ağır xəsarətlər
alaraq, əməliyyat olunmuş və uzunmüddətli yataq rejimində qalmağa
məcbur olmuşam.
Cinayət hadisəsinin baş verməsindən təxminən 45 gün keçməsinə
baxmayaraq, bu günə qədər də təqsirkar cinayət məsuliyyətinə cəlb
edilməyib.
Şəhərin hər 100-200 metrdən bir videomüşahidə qurğularının
yerləşdirilməsinə baxmayaraq, hadisəni törətmiş nəqliyyat
vasitəsinin dövlət qeydiyyat nişanının və sürücünün şəxsiyyətinin
müstəntiq tərəfindən müəyyən edilməməsi ölkəmizin bütün
hüquq-mühafizə orqanlarına utancverici bir nəticədir.
Bizim əslimiz Saatlı rayonundandır, bura işləyib, ailəmizi
dolandırmağa gəlmişik. Lakin hər addımda qanunlara riayət etməyə
çalışmışıq. Hətta avtomobil yolunu keçəndə belə piyadalar üçün
müəyyən olunmuş yerdən keçmişik. Məhz həmin piyada zolağının
üstündə gəlib bizi vurub, az qala üstümüzdən keçən və heç nə
olmamış kimi, hadisə yerindən qaçan cinayətkar hələ də
azadlıqdadır.
İş icraatında olan Binəqədi Rayon Polis İdarəsinin müstəntiqi
Nuru Həsənov bu günə qədər dəqiqləşdirdiyi məsələ - maşının gümüşü
rəngdə "Mersedes S Class" markalı olmasıdır. Biz araşdırmanın
gedişindən və araşdırmaya prosessual rəhbərlik edən Binəqədi Rayon
Prokurorluğundan narazıyıq.
Bu narazılığımızı 23.01.2014-cü il tarixli əsaslandırılmış ərizələr
şəkildə Bakı şəhər prokuroru Əziz Seyidova, Binəqədi prokuroru
Nazim İmanova, Daxili işlər naziri Ramil Usubova bildirsək də, bu
günə qədər hər hansı tədbir görülməyib.
Piyada zolağının üstündə piyadaların vurulması hadisələrinə
ciddi diqqət yetirilməlidir, çünki bu hal birbaşa piyadaların və
sürücülərin yol hərəkəti qaydalarına diqqətinin və inamının
artmasına gətirib, çıxaracaqdır.
Müstəntiqin "maşının nömrəsi kameraya düşməyib" ifadəsi məlumdur
nəyə hesablanıb! Axırda bizə deyiləcək ki, guya cinayətkar
tapılmadı və iş dayandırıldı. Halbuki, Daxili İşlər Nazirliyinin və
ümumiyyətlə hüquq-mühafizə sisteminin ən son modelli texniki
avadanlıqları imkan verir ki, gecə vaxtı avtomaşınların dövlət
qeydiyyat nömrələrini asanlıqla müəyyən edə bilsin, onlar bilir
hansı mütəxəssis işindən mən danışıram.
Bizdə olan məlumatlara görə, həmin cinayətkarın kimliyi
bəllidir, sadəcə bu cinayətkar öz vəzifə səlahiyyətlərindən
sui-istifadə edərək işi "ört-basdır" etməyə qadirdir.
Qeyd etdiyim şikayətlərdən bir aydan çox vaxt keçməsi və hələ də
cinayət işi üzrə ciddi tədbirlərin görülməməsi səbəbindən Sizlərdən
– kütləvi informasiya vasitələrindən yardım istəməyə qərar
verdim.
Xahiş edirəm bu məsələni ictimaiyyətin diqqətinə çatdırın, bəlkə
Prezident Administrasiyasının Şöbə müdiri Fuad Ələsgərov, daxili
işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və ya
hüquq-mühafizə orqanlarından olan digər bir rəhbər şəxs bu yazını
oxuyandan, mənim ağır vəziyyətimi görəndən sonra həmin cinayətkarın
ifşa edilməsində və istintaqın düzgün aparılmasında yardımçı
olsun". ("Musavat.com")