Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi ilə
Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa
əsasən, Azərbaycan jurnalistləri üçün yeni müsabiqə elan
edilib.
Bu barədə məlumatı Axar.az-a PJB-nin rəhbəri Elşad Eyvazlı
verib. O, qeyd edib ki, ideya Milli Məclisin deputatı, İcmanın
İdarə Heyətinin üzvü Rövşən Rzayevdən gəlib.
R.Rzayev bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev
dəfələrlə xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı
jurnalistlərə ehtiyac olduğunu vurğulayıb: "Prezidentin qaldırdığı
bu məsələ çox vacibdir və bu çağırışa qoşulmaq dövlətimiz, ölkəmiz,
millətimiz üçün xeyir verə bilər".
Beləliklə, məsələ İcma rəhbərliyində müzakirə olunub və sədr
Bayram Səfərov belə bir layihənin gerçəkləşməsinin gərəkli olduğunu
vurğulayıb.
Müsabiqəyə ingilis, rus və türk dilini yaxşı bilən jurnalistlər
qoşula bilərlər. Müsabiqə qalibləri iki mərhələ keçdikdən sonra
müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin
xaricdə dərc olunan yazısı təqdim edilməlidir. Bu olmadıqda həmin
jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə
bilmədiyi yazını təqdim etməlidir.
İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi
sorğudan keçəcəklər. Dil biliyi ilə yanaşı jurnalistləri hadisələrə
baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir.
Üç nəfər qalib müəyyənləşdiriləcək. Qaliblərdən biri London,
biri Moskva, biri isə İstanbula göndəriləcək. Bütün xərclər
təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqə qalibləri xaricdə həm
universitetlərdə seminarlara qatılacaqlar, həm də məhşur media
qurumlarında təcrübə keçəcəklər.
Müsabiqəyə avqustun 1-dən start veriləcək.
Bu yarışa qatılmaq istəyənlər [email protected], (0099412)4659574,
(00994)0513408183-li telefonlarla əlaqə saxlaya bilərlər.