Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun
23-də 2016/2017‑ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul
olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları
üzrə qəbul imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Axar.az-a verilən xəbəər görə,
imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə,
Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və
Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların
idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil
müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi
qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunacaq.
İmtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan
16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə
imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan
bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850
nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993
nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlanlar (II qrup
üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə
qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər).
28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil
müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili
müəssisələrinin məzunudur. 198 abituriyent xarici ölkələrin
vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə
2001-ci ildəndir.
Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda
1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda
1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006
abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi
TQDK-da akkreditasiyadan keçib.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq
və 3 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənədi
- şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış
vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda
və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana
buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt
və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt
tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər
tərəfindən test suallarının ekspertizası aparılacaq. İmtahanda
istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın
internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.
İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa
çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının
qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil
telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə
biləcəklər.