Müstəqil Azərbaycan bu gün öz daxili və xarici siyasəti,
təbii sərvətləri ilə nəinki Qafqazın, eləcə də dünyanın nüfuzlu
dövlətlərindən birinə çevrilib. Ölkəmizdə milli mənəvi, əxlaqi
dəyərlərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.
Respublikamızın sürətli inkişafı Azərbaycan rəhbərliyinin müdrik
siyasətinin bəhrəsidir.
Axar.az xəbər verir ki, bu fikirlər Qafqaz Müsəlmanları
İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının
iyulun 21-də Zaqatala şəhərində dini icma rəhbərləri ilə
keçirdikləri görüşdə səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsinin, Dövlət Komitəsinin və Zaqatala
Rayon İcra Hakimiyyətinin rəsmiləri əvvəlcə ümummilli lider Heydər
Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə
gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra icra hakimiyyətində aidiyyəti qurumların rəhbərlərinin
iştirakı ilə görüş keçirilib.
Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər
Zaqatala Şəhər Cümə Məscidinə gəlib, namaz qılıb, dualar
ediblər.
Daha sonra Bakı İslam Universitetinin Zaqatala filialında
rayonda fəaliyyət göstərən dini icma rəhbərləri və dindarlarla
görüş olub. Görüşü rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə açaraq, Zaqatalada mövcud dini durum barədə məlumat
verib. Bildirilib ki, rayonda hazırda 42 məscid fəaliyyət göstərir,
32 dini icma rəsmi olaraq qeydiyyatdan keçib. Vurğulanıb ki,
qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının
alınması, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması
istiqamətində Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlər əhali
tərəfindən razılıqla qarşılanır.
Zaqatala rayonunda bir neçə dəfə olduğunu xatırladan şeyxülislam
Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın bütün rayonları kimi,
Zaqatala da sürətlə inkişaf edir. QMİ-nin sədri deyib ki, bölgəyə
budəfəki səfərinin məqsədi bu rayonlarda mənəvi həyatın necə
inkişaf etdiyini öz gözləri ilə görmək, din xadimlərinin insanlara
necə xidmət etmələri, müqəddəs "Qurani-Kərim"i xalqa necə
çatdırmaları ilə əyani tanış olmaqdır.
Sovet dövründə dini təhsil verən ali məktəblərin açılmasının
necə çətin olduğunu diqqətə çatdıran QMİ-nin sədri, bu baxımdan
Azərbaycanın rayonları içərisində yeganə olaraq Zaqatalada
fəaliyyət göstərən Bakı İslam Universitetinin filialının çox böyük
əhəmiyyət daşıdığını bildirib.
Savadlı din xadimlərinə böyük ehtiyac duyulduğunu vurğulayan
Allahşükür Paşazadə deyib: "Sovet vaxtında və sonrakı dövrlərdə din
xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz
işlərini bitmiş hesab edirdilər. Ancaq indi cəmiyyət də, dünyadakı
vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb
ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar. Ona görə
də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa
çatdıra bilsinlər".
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı bildirib ki, hazırda dünyada olan
münaqişələrin böyük hissəsi təəssüf ki, müsəlman dünyasına aiddir
və bu, hər birimizi narahat edir. Komitə sədri İslam dünyasında
belə hadisələrin baş verməməsi üçün əməli tədbirlərin həyata
keçirilməsinin vacibliyini önə çəkib.
Vurğulanıb ki, müstəqilliyimizin bərpasından sonra ölkəmizdə
bütün sahələr üzrə dövlətin siyasəti müəyyən edilib, istiqamətlər
müəyyənləşdirilib. Azərbaycanın uğurları göz önündədir və bu
uğurlar bölgələrin timsalında da aydın hiss olunur.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, müfti
Salman Musayev çıxış edərək, dövlətimizin dindarlar üçün hər cür
şərait yaratdığını bildirib, din adamlarına bunu layiqincə
qiymətləndirmələrini tövsiyə edib.
Görüşdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin
müvafiq əmri ilə Zaqatala-Balakən bölgə qazisi vəzifəsində çalışan
İbrahim İbrahimovun Balakən rayonunun qazisi vəzifəsinə, Zaqatala
rayonunun qazisi vəzifəsinə isə Malik Bilalovun təyin edildiyi
bildirilib.
Günün ikinci yarısında şeyxülislam Allahşükür Paşazadə, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və
onları müşayiət edən şəxslər Balakən rayonunda da olublar.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül
dəstələri düzülüb.
Rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyəti
başçısının birinci müavini Azad Balayev Balakəndə mövcud dini durum
barədə məlumat verib.
Sonra şeyxülislam Allahşükür Paşazadə və komitə sədri Mübariz
Qurbanlı Balakən şəhər məscidində dindarlarla görüşüb, məscidlərin
imamlarına, dini icmaların rəhbərlərinə tövsiyələrini veriblər.