Azərbaycan və Rusiyanın əczaçılıq məhsulları şirkətləri
ümumi dəyəri 47 mln. avro olan layihə
reallaşdıracaqlar.
Axar.az-a İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən verilən
məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş
tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur
bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə
keçirilən geniş kollegiya iclasında bu qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən,
xüsusi əhəmiyyət kəsb edən əczaçılıq məhsullarının istehsalının
təşkili üzrə işlər davam etdirlir.
İranın ən böyük əczaçılıq holdinqi olan və 31 şirkətin daxil
olduğu "Tamin Pharmaceutical İnvestment Company" şirkəti ilə bu
ilin aprelində Anlaşma Memorandumu imzalanıb. Layihəyə uyğun
olaraq, istehsal müəssisəsinin yaradılması mərhələli şəkildə həyata
keçiriləcək. I mərhələdə həb və kapsula istehsalı, II mərhələdə
ampula və flakon, III mərhələdə isə antibiotik dərmanların
istehsalı nəzərdə tutulur. Müəssisə tərəfindən I mərhələdə 54
təsiredici maddə üzrə 84 adda ağrıkəsici, vitamin və antiinfektiv,
antidiabetik, antihistamin, sinir sistemi xəstəliklərinə və
qastroentroloji xəstəliklərə qarşı dərmanlar istehsal olunacaq.
Layihənin I mərhələsi çərçivəsində 60 daimi iş yeri açılacaq.
Əczaçılıq məhsullarının istehsalı üzrə danışıqların aparıldığı
digər şirkət Rusiya Federasiyasının "R-Pharm" şirkətidir. Bu ilin
iyun ayında təşkil edilmiş Rusiya-Azərbaycan biznes forumu
çərçivəsində "R-Farm", Azərbaycanın "Vita-A" MMC və Azərbaycan
İnvestisiya Şirkəti arasında əczaçılıq məhsullarının istehsalının
təşkilinə dair niyyət protokolu imzalanıb. Layihənin icrası
məqsədilə "Həyat Farm" MMC təsis edilib. Ümumi dəyəri 47 mln. avro
olan layihənin reallaşması zamanı qabaqcıl texnologiya və
avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik
işlərindən istifadə olunacaq. Birgə Müəssisə tərəfindən onkologiya,
QİÇS, hepatit, nevrologiya və psixiatriya istiqamətli dərmanlar və
antibiotiklərin istehsal edilməsi, 200 yeni iş yerinin yaradılması
nəzərdə tutulur. İstehsal ediləcək məhsulların yerli bazarla
yanaşı, Gürcüstan, İran, Türkiyə, Mərkəzi Asiya və Ukrayna
bazarlarında satışının təşkili planlaşdırılır.
Əczaçılıq məhsullarının birgə istehsalı üzrə Türkiyə, Ukrayna,
Almaniya, İsveçrə və digər ölkələrin aparıcı şirkətləri ilə
danışıqlar aparılır. Artıq dünyanın aparıcı əczaçılıq
müəssisələrindən biri Azərbaycanda yaradılacaq əczaçılıq istehsalı
müəssisəsində özünün patent hüququ qorunan dərmanlarının
qablaşdırılmasının təşkili niyyətini ifadə edib.