Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki,
jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz
ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna
isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi
məsələsinə baxılacaq.
Report-un xəbərinə görə, bunu Azərbaycan
Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov milli mətbuatımızın yaranmasının 141-ci ildönümünə həsr
olunmuş mərasimdəki çıxışında deyib.
"Ümid edirik ki, bu, hələ son deyil", - Ə.Həsənov
vurğulayıb.
Regionumuzda, dünyada baş verən hadisələrə və proseslərə nəzər
salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını
xatırladan Prezident Administrasiyasının rəsmisi vurğulayıb:
"Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları,
sosial fəlakət və bu kimi digər mənfi hallar artıq günümüzün
reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri
güclənir, müxtəlif xarici dairələr transmilli media resursları
vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları
müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və
əfsuslar ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini
demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin,
xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün geniş
vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə
dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin
maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə
müdaxilə edir, hakimiyyət çevrilişlərini, vətəndaş qarşıdurmasını
stimullaşdırır.
Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərlə tolerantlığın hökm
sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox
ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik
qrupların, dinlərin dinc yanaşı yaşadığı məkandır. Azərbaycan
multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha
göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq
bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və
qardaşlıq mühitində yaşaya bilərlər. Əlbəttə, burada Azərbaycan
mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi
üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyildir. Hesab edirəm
ki, bu da Azərbaycan mediasının Azərbaycan Prezidentinin çağırışına
cavabı, "Əkinçi" ənənələrinə sadiqliyinin təzahürüdür".