NATO Təkmilləşdirilmiş Elmi Araşdırma Konfransının
iştirakçıları ilə Azərbaycanın ABŞ-dakı Səfirliyində görüş
keçirilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, cari ilin iyulun 24-də
özündə müxtəlif ölkələrin bir sıra nüfuzlu QHT-lərini birləşdirən
"Minillik Layihəsi" və NATO tərəfindən birgə təşkil olunmuş NATO
Təkmilləşdirilmiş Elmi Araşdırma Konfransının iştirakçılarının
şərəfinə Azərbaycanın ABŞ-dakı Səfirliyində ziyafət verilmişdir.
Məlumat üçün bildirək ki, 3 gün davam edəcək bu Konfransa məhz
Azərbaycanın sözügedən tədbiri ilə start verilib.
Qeyd edək ki, "Minillik Layihəsi"ndə iştirak edən QHT-lər əsasən
tanınmış alimlər, analitiklər və ekspertlərdən ibarətdir və bir
sıra nüfuzlu beynəlxalq təşkilatlarla birgə proqramlar həyata
keçirir. Hazırkı Konfrans olduqca aktual olan "Potensial
terrorçuların müəyyən olunması və onlara qarşı cavab tədbirlərinin
görülməsi – Yaranmaqda olan texnologiyalar və terrorizmə qarşı yeni
mübarizə strategiyaları" mövzusunda keçirilir.
Tədbir zamanı qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı
Səfirliyinin müşaviri Məmməd Talıbov adıçəkilən konfransın
əhəmiyyətini qeyd edərək, ölkəmizin terrorizmə qarşı mübarizədə
verdiyi töhfə və bu sahədə Azərbaycanda atılan addımlardan
danışmışdır. O, Azərbaycanın regionda daim inkişafın və qabaqcıl
düşüncənin aparıcı qüvvəsi olduğunu bildirərək, ölkəmizdə 1918-ci
ildə şərqdə ilk demokratik respublika qurulduğunu və dinindən,
etnik kimliyindən və cinsindən asılı olmayaraq hər vətəndaşına
bərabər hüquqlar verildiyini vurğulayıb. M.Talıbov müstəqillik
illərində Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı
iqtisadi layihələr barədə danışmış və həmin layihələrin regiona
yeni reallıqlar gətirdiyini qeyd edib. O, həmçinin, həyata
keçirilmə ərəfəsində olan Cənub Qaz Dəhlizi layihəsi haqqında
danışmış və layihə sayəsində Qafqaz regionunun Avropa ilə
bilavasitə təmas yaradacağını bildirib. M.Talıbov eyni zamanda,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat
verərək, ölkəmizin 20% ərazisinin indiyədək Ermənistan tərəfinin
işğalı altında olduğunu və bunun region üçün ən böyük təhlükə
olaraq qalmaqda davam etdiyini vurğulayıb.
"Minillik Layihəsi"nin direktoru Jerom Qlen çıxış edərək,
adıçəkilən layihə barədə ətraflı məlumat verdi. O, Azərbaycan
tərəfinə tədbirə verilən diqqətə görə minnətdarlığını bildirmiş,
2013-cü ildə ölkəmizə səfəri və Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevlə görüşü xatırlayaraq, həmin səfər
barədə xoş təəssüratlarını bölüşüb.
Konfransın İsraildən olan iştirakçısı Yair Şaran çıxış edərək, 3
il əvvəl ölkəmizə səfər etdiyini, Azərbaycanla İsrail arasında
yaxın dostluq əlaqələrinin mövcud olduğunu bildirmiş və iyulun
24-dən 27-nə qədər davam edəcək NATO Təkmilləşdirilmiş Elmi
Araşdırma Konfransının ilk gününün Azərbaycanın ABŞ-dakı
Səfirliyində rəsmi qəbulla başlamasının sevindirici hal olduğunu
qeyd edib.
Sonda "Minillik Layihəsi"nin fəal iştirakçılarından olan,
Azərbaycan Futuroloq Cəmiyyətinin təsisçisi və rəhbəri Reyhan
Hüseynova çıxış edərək rəhbərlik etdiyi QHT-nin fəaliyyəti,
"Minillik Layihəsi" və həmçinin, bu çərçivədə görülən işlər, ölkə
rəhbərliyinin bu sahəyə diqqəti barədə danışıb.
Qeyd edək ki, qonaqlar tədbir zamanı Azərbaycanla bağlı səslənən
məlumatları böyük maraqla qarşılamış və ölkəmizin onlara göstərdiyi
diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, "Minillik Layihəsi"nin iştirakçıları
"Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın
neft sonrası iqtisadiyyatı" mövzusunda təşkil olunan Bakı Gələcək
Forumuna qatılmaq üçün 2013-cü ildə ölkəmizə səfər ediblər.