Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarı
əsasında reallaşdırılan "Pilot layihə" çərçivəsində yararsız
vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən
artıq sakin köçürülməli, 1 milyon kv/metrə yaxın yaşayış sahəsi
tikilməlidir.
Report xəbər verir ki, bunu Bakı şəhəri
rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri və baş
memarları ilə keçirilən görüşdə Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri Abbas Ələsgərov deyib.
A.Ələsgərovun sözlərinə görə, Komitə tərəfindən tikintisi
nəzərdə tutulmuş 32 obyekt üzrə planlaşdırma tövsiyələri
razılaşdırılıb və bu iş gündəlik olaraq aparılır. Bu günə qədər
təqdim edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər
qalıb. Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə
söküntü işləri ilə bağlı monitorinq apardığını bildirən A.Ələsgərov
bu işin ləng getməsindən narahat olduğunu bildirib.
Komitə sədrinin sözlərinə görə, Qərar tikinti işlərinin
aparılması sahəsində rayon icra hakimiyyətlərinin bu günə qədər
mövcud olan səlahiyyətlərini və eyni zamanda məsuliyyətini artırıb:
"Bu günə qədər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata
keçirilən bir sıra işlər rayon icra hakimiyyətlərinə transfer
olunub. Bu məsuliyyəti düzgün dərk etmək və göstərilən etimadı
doğrultmaq üçün fəal işləmək lazımdır".
Şəhərsalmada əsas göstəricinin 1 hektara düşən tikinti sıxlığı
və yaşayış evləri üçün ayrılmış ərazinin tikinti əmsalı olduğunu
deyən A.Ələsgərov qeyd edib ki, bu göstəricilər hazırda Nazirlər
Kabinetinin 21 fevral 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş
"Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı
müfəssəl Qaydalar"la tənzimlənir.
Sənədə bir sıra düzəlişlərin edilməli olduğunu nəzərə çatdıran
Komitə sədri bu qaydaların müvafiq tikinti norma və qaydalarından
köçürüldüyünü və məhz sonuncu texniki-normativ sənəddəki bütün
müddəaların toplu halında nəzərə alınmalı olduğunu vurğulayıb. Bu
zaman hər bir obyekt üzrə ərazinin tikinti sıxlığı əmsalının 2,7
hesabı ilə götürülə bilməsini və bu barədə müvafiq qaydada müraciət
olunduğunu iclas iştirakçılarına bildirib.