Azərsu Açıq Səhmdar
Cəmiyyəti regionlarda rayon mərkəzləri ilə yanaşı, kənd və
qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması layihələrinin
icrasını davam etdirir.
Qurumun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə,
belə layihələrdən biri də Quba rayonunun Qəçrəş kəndində uğurla
başa çatdırılıb. Yeni su təchizatı sisteminin açılış mərasimində
çıxış edən Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla
Vəliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə genişmiqyaslı
infrastruktur layihələrinin həyata keçirildiyini bildirib, ölkə
rəhbərliyinin kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını
daim diqqətdə saxladığını vurğulayıb:
"Son illər bölgələrdə həyata keçirilən su, təbii qaz, yol
layihələri regionların inkişafına böyük təkan verib və əhalinin
sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Bu istiqamətdə
əhalinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı görülən
işlər xüsusi qiymətləndirilməlidir. Qəçrəşdə istismara verilən su
təchizatı sistemləri kəndin sosial inkişafına böyük töhfədir".
Birləşmiş Sukanal MMC-nin direktorunun birinci müavini Vəli
Həsənov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramlarına uyğun olaraq regionlarda 43 şəhər və rayon mərkəzində
su layihələrinin icrasına başlanıb və artıq 23 şəhərdə işlər başa
çatdırılıb. 2016-cı ildə daha 7 rayon mərkəzində su layihələrinin
icrası yekunlaşacaq, eyni zamanda Ağcabədi və Qazax şəhərlərində
işlərə başlanılması nəzərdə tutulur. Azərsu ASC rayon mərkəzləri
ilə yanaşı içməli sudan əziyyət çəkən kəndlərdə də təxirəsalınmaz
tədbirlər görür:
"Möhtərəm Prezident İlham Əliyevin respublikanın hər bir şəhər
və kəndinin keyfiyyətli içməli su ilə təmin edilməsi barədə
tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlər həyata keçirilir.
2013-cü ildə Quba şəhərinin su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdırılıb. Bu
gün açılışını etdiyimiz su təchizatı sistemləri turizm zonası kimi
tanınan Qəçrəş kəndinin inkişafına müsbət təsirini göstərəcəkdir.
Azərsu ASC hazırda Masallı rayonunun Muğan bölgəsində yerləşən 5
kəndinin, Yardımlı, Ağsu, İsmayıllı rayonlarının sudan əziyyət
çəkən kəndlərində, həmçinin Biləsuvar rayonu və Taxtakörpü
ərazisində məskunlaşan məcburi köçkünlərin su təchizatının
yaxşılaşdırılması məqsədilə layihələr icra edir".
Açılış mərasimində çıxış edən sakinlər kəndin ən böyük
qayğılarından olan içməli su məsələsinin həllinə göstərdiyi diqqət
və qayğıya görə ölkə rəhbərliyinə, Azərsu ASC-nin kollektivinə
minnətdarlıqlarını bildiriblər.
Quba rayonunun Qəçrəş kəndində icra olunan layihə çərçivəsində
mövcud magistral kəmərin 4,4 km-lik hissəsi yenidən qurulub, kəndin
yüksəklikdə yerləşən hissəsində ümumi tutumu 600 kubmetr olan 2 su
anbarı tikilib, kənd daxilində polietilen borularla 2 km
uzunluğunda paylayıcı şəbəkə yaradılıb. Hazırda paylayıcı şəbəkədən
evlərə çıxışların və birləşmələrin verilməsi işləri həyata
keçirilir. Layihənin icrası nəticəsində Qəçrəş kəndinin yüksəklikdə
yerləşən hissəsində yaşayan 1250 sakininin içməli su problemi öz
həllini tapıb.