Naxçıvan Biznes Mərkəzində ABŞ Beynəlxalq İnkişaf
Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə 30 iyul -
İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunan beynəlxalq
konfrans keçirilib.
Axar.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər
Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan
abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Konfransın açılış mərasimində Beynəlxalq Miqrasiya Təşkilatının
Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış
edərək, tədbirin keçirilməsində göstərilən dəstəyə görə muxtar
respublika rəhbərliyinə minnətdarlığını bildirib.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan
Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru
Şərif Əsədullayev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər
Nazirliyinin Təşkilat İnspeksiya İdarəsinin rəisi, polis polkovniki
Əli Tağıyev çıxış edərək, konfrans iştirakçılarına uğurlar
arzulayıb.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Bakıdakı nümayəndəliyinin
rəhbəri xanım Mikaela Meredis çıxışında qeyd edib ki, Birləşmiş
Ştatlar Azərbaycanla birgə insan alverinə qarşı mübarizə aparır:
"İşimizdə uğurlar əldə edilsə də, bu sahədə yenə də problemlər
qalır. İnsan alveri ilə məşğul olanlar hələ də hüquq-mühafizə
orqanlarından yayına bilirlər. Belə olan halda dövlət və
ictimaiyyət bu cinayəti ifşa etmək üçün dəstək verməlidir. Eyni
zamanda, dünya dövlətləri bu cinayətlə mübarizədə onun
qurbanlarının ehtiyaclarını da təmin etməlidirlər".
Mikaela Meredis bildirib ki, Azərbaycana göstərilən dəstək hər
zaman tərəfdaşlıq üzərində qurulub. Bu tərəfdaşlıq Azərbaycan
hökumətinin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında müəyyənləşdirdiyi prioritetlərə əsasən davam edir.
Bu prioritetlərdən biri də insan alverinə qarşı mübarizədir.
2015-ci ilin oktyabr ayından etibarən ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyi Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə insan alverinə
qarşı mübarizə fəaliyyətini "İnsan Alverinə Qarşı Mübarizə"
layihəsi ilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri
qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi
üçün dəstək verilir. Layihə, eyni zamanda, bu sığınacaqda olan
insan alveri qurbanlarına hüquqi, sosial, psixoloji və
reabilitasiya yardımı göstərir. ABŞ Dövlət Departamentinin
Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən "Azərbaycanda
potensialların artırılması və texniki dəstək vasitəsilə insan
alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın
gücləndirilməsi" layihəsini vurğulayan Mikaela Meredis deyib ki,
layihə səhiyyə işçilərinin insan alveri qurbanlarının
müəyyənləşdirilməsi və onlara müvafiq yardımların göstərilməsi üçün
texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Layihə
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin tərəfdaşlığı
ilə birgə həyata keçirilir.
Xanım Mikaela Meredis Azərbaycan Respublikası Prezidentinin
2014-cü il iyulun 24-də imzaladığı Sərəncamla təsdiq olunan
"Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair
2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın Azərbaycanda
bütün səviyyələrdə insan alverinə qarşı mübarizənin davamlılığını
nümayiş etdirdiyini vurğulayıb, bu istiqamətdə göstərilən səylərə
görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai
30 İyul - İnsan Alverinə Qarşı Dünya Mübarizə Gününə həsr olunmuş
beynəlxalq konfransın işində göstərdiyi dəstəyə görə təşkilatçılara
minnətdarlığını bildirib, belə bir tədbirdə iştirak etməkdən
məmnunluğunu ifadə edib. Qeyd olunub ki, BMT tərəfindən iyulun
30-nun İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü elan edilməsində
məqsəd ictimaiyyətin diqqətini bu qlobal problemə yönəltmək və buna
qarşı birgə mübarizə aparmaqdan ibarətdir. Utandırıcı haldır ki,
XXI əsrdə biz hələ də insan alverinin müxtəlif növləri ilə
rastlaşırıq və hazırda dünyada insan alveri qurbanlarının sayı 20
milyondur. İnsan alveri təkcə ayrı-ayrı ölkələr üçün problem
yaratmır, eyni zamanda, transmilli cinayətkarlığa yol açır. Buna
görə də biz hamılıqla bu problemə qarşı mübarizə aparmalıyıq.
Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviç,
Beynəlxalq Miqrasiya Təşkilatının Cənub-Şərqi Avropa, Şərqi Avropa
və Mərkəzi Asiya üzrə regional direktoru xanım Argentina Szabados
çıxışlarında insan alverini müasir dövrün köləliyi adlandıraraq,
bunu insanlığa qarşı cinayət adlandırıblar. Bütün dünya dövlətləri
tərəfindən birgə mübarizənin vacibliyini vurğulayan natiqlər
Azərbaycan hökumətini bu sahədə göstərdiyi səylərə görə
dəstəklədiklərini bildiriblər.
Sonra konfrans işini panel müzakirələri ilə davam etdirib.
Konfransda yerli və xarici ekspertlər, ictimai birliklərin və
kütləvi informasiya vasitələrinin, Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Naxçıvan
Muxtar Respublika Prokurorluğunun, Daxili İşlər, Ədliyyə, Təhsil,
Səhiyyə, Mədəniyyət və Turizm nazirliklərinin, Dövlət Miqrasiya
Xidmətinin, Gömrük Komitəsinin, "Naxçıvan" Əlahiddə Sərhəd
Diviziyasının və digər müvafiq qurumların nümayəndələri iştirak
ediblər.