Lənkəranda dələduzluq yolu ilə vətəndaşların pulunu və
əmlakını mənimsəyən qrup üzvləri ifşa olunub.
Report xəbər
verir ki, biri qadın olmaqla üç nəfərdən ibarət dəstə üzvləri
vətəndaşların polis şöbəsinə edilən şikayətləri nəticəsində
Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (LŞRPŞ) əməkdaşları tərəfindən
saxlanılıb.
Şöbənin istintaq bölməsinin müstəntiqi, polis kapitanı, Toğrul
Hüseynovun bildirdiyinə görə, ilk şikayət 20 iyul 2016-cı il
tarixində Parakənd sakini tərəfindən daxil olub.
"Şikayət ərizəsində bildirilir ki, tanımadığı üç nəfər, bir
qadın və iki kişi olmaqla "Azsamand" markalı 90 TE 971 dövlət
qeydiyyat nişanlı avtomobil ilə vətəndaşın yaşadığı ünvana gəlib.
Onlar özlərini Bakı şəhərindən gələn hüquq-mühafizə orqanı
əməkdaşları kimi təqdim ediblər. Onun baxıcılıq fəaliyyəti ilə
məşğul olmasını qanunsuz hesab edərək, saxlanılmasını və onlarla
getməli olduğunu bildiriblər. Kənd sakini (Məmmədov Şahvələd Səttar
oğlu, - red.) onlarla getmək istəmədikdə "işinin qaydaya qoyulması"
üçün vətəndaşdan 2 min 500 manat pul tələb ediblər. Son nəticədə
vətəndaşın 500 manatını ələ keçirərək aradan çıxıblar. Analoji
hallar Kərgəlan, Şağlakücə kəndlərində də baş verib", - deyə Toğrul
Hüseynov qeyd edib.
Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılan
əməliyyat-axtarış tədbirləri nəticəsində qrup üzvlərinin hərəkət
etdiyi "Azsamand" markalı avtomobil aşkar edilərək saxlanıldıqdan
sonra, daha maraqlı faktlar üzə çıxıb.
Məlum olub ki, avtomobili Şirvan şəhərində qeydiyyatda olan,
1978-ci il təvəllüdlü Yəhyayev Fariz Fazil oğlu idarə edib. O,
özünü "Xəbərfakt" informasiya portalının və "Presedent"
ictimai-siyasi hüquq qəzetinin baş redaktoru kimi təqdim edib.
Kəlbəcər şəhərində qeydiyyatda olan, Xırdalan şəhərində müvəqqəti
məskunlaşmış, 1975-ci il təvəllüdlü Məmmədova İpək Yunus qızı özünü
"Xəbərfakt" portalının və "Presedent" ictimai-siyasi hüquq
qəzetinin redaktoru, Hacıqabul şəhərində qeydiyyatda olan, 1993-cü
il təvəllüdlü Məmmədov İlkin Habil oğlu isə özünü həmən portalın
xüsusi müxbiri kimi təqdim ediblər. Araşdırmalar nəticəsində məlum
olub ki, İlkin Məmmədov müxtəlif vaxtlarda sakinlərdən
informasiyalar toplayaraq dəstə üzvlərinə çatdırıb. Əsasən
baxıcılıqla məşğul olan şəxsləri ifşa edəcəkləri ilə hədələyərək
onların müxtəlif məbləğlərdə pul və digər əmlaklarını
mənimsəyiblər.
Bundan başqa onlara məxsus əşyaların içərisində digər qonşu
rayonların sakinlərinə aid müxtəlif arayışlar və sənədlər də aşkar
edilərək maddi sübut kimi götürülüb. Aydın olub ki, dəstə üzvləri
vətəndaşların etibarından istifadə edərək aztəminatlı ailələrin
sosial yardım almaları üçün köməklik göstərəcəklərinə vədlər
veriblər.
Faktla bağlı zəruri tədbirlər davam etdirilir.