Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı
şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal,
Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının
sürətləndirilməsi ilə bağlı həmin rayonların İcra Hakimiyyəti
başçılarının müavinləri və baş memarları ilə növbəti görüş
keçirilib.
Komitədən APA-ya verilən məlumata görə, komitə sədri
Abbas Ələsgərov iclasın keçirilməsində əsas məqsədin respublikada
ilk dəfə reallaşdırılan pilot layihənin həyata keçirilməsinə
başlanmasından ötən 4 ay ərzində görülmüş işlər, komitə və baş
memarlar arasındakı birgə fəaliyyət, meydana çıxan çətinliklərin
aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparmaqdan
ibarət olduğunu vurğulayıb.
Sədr qeyd edib ki, bu günə qədər Bakı Şəhər İcra Hakimiyyəti
tərəfindən həyata keçirilən bir sıra işlər rayon icra
hakimiyyətlərinə transfer olunub. Bu layihə çərçivəsində yararsız
vəziyyətə düşmüş 1000-ə yaxın yaşayış binası sökülməli, 30 mindən
artıq sakin köçürülməli, 1 mln. kvadratmetrə yaxın yaşayış sahəsi
tikilməlidir. Komitə tərəfindən tikinti nəzərdə tutulmuş 32 obyekt
üzrə planlaşdırma tövsiyələri razılaşdırılıb. Bu günə qədər təqdim
edilmişlərdən yalnız 1-2 obyektlə bağlı açıq məsələlər qalıb.
Komitənin müvafiq əməkdaşlarının müəyyən olunmuş ərazilərdə söküntü
işləri ilə bağlı monitorinq apardığını bildirən A. Ələsgərov bu
işin ləng getməsindən narahatlığını dilə gətirib.
Həyəcan doğuran ən başlıca məsələ bir sıra hallarda hazırlanan
eskiz layihələrinin görülmüş planlaşdırma işlərinə uyğun
gəlməməsidir. Eskiz layihəsinin heç bir hüquqi bazasının
olmadığını, qanunvericiliklə nəzərdə tutulmadığını qeyd edən A.
Ələsgərov bir neçə kobud faktlarla rastlaşdığını bildirib: "Bir
kvartal üçün yerinə yetirilmiş planlaşdırma işlərində nəzərdə
tutulmuş reqlamentlərin heç bir əsası olmadan 0,2 - 0,5 ha
ərazilərə tətbiq edilməsi, belə kiçik ərazilərdə 3-4 ədəd 16
mərtəbəli binanın yerləşdirilməsinə cəhd göstərilməsi kimi hallar
mövcuddur".
Komitə sədri eskiz layihələrini hazırlayan memarların
səriştəsizliyindən, şablon layihələrdən istifadə etməsindən geniş
bəhs edib: "Bu gün öz işinə etinasız yanaşan bu layihəçilər
standart olaraq 16 mərtəbəli binalar layihələndirməklə, bir çox
hallarda isə artıq hazır olan layihələrinə kosmetik düzəlişlər
etməklə öz işlərini bitmiş hesab edirlər. Q-şəkilli və yaxud 10-14
mərtəbəli bina layihələri bu gün demək olar ki, yox
səviyyəsindədir. 3D modellərin qurulması ilə bir sıra hallarda
tikintidə qeyri-peşəkar olan investorların gözünə kül üfürməklə
onlarda özləri barədə yüksək rəy yaratmağa çalışırlar. 3D modellər
ayrı bir binanı təsvir etməklə yekunlaşmamalı, bütün dünyada olduğu
kimi, onu şəhərsalma baxımından tam xarakterizə etməlidir. Təqdim
edilmiş eskiz layihələrindəki fasadlar isə dözülməz
vəziyyətdədir".
A. Ələsgərov bu məsələdə heç bir güzəştin mümkün olmayacağını,
fasadların estetik cəhətdən mükəmməl hazırlanmalı olduğunu və ümumi
bir ansambl yaratmalı olduğunu kəskin şəkildə diqqətə çatdırıb.
"Nöqtəvi", "pərakəndə" tikinti layihələri xroniki xəstəlik
olaraq qalır. "Pilot layihə" çərçivəsində əgər qəzalı hər hansı bir
binanın - məsələn yataqxananın, təxirəsalınmadan sökülməsinə
ehtiyac yaranmışdırsa, onun yerində təcili bir yaşayış binasının
tikintisinə razılıq verilməsi mümkündür. Lakin bu yalnız sonradan
qısa bir zamanda müvafiq ərazinin planlaşdırma işlərinin yerinə
yetirilməsi, ona qədər isə həmin ərazidə heç bir tikinti
fəaliyyətinin həyata keçirilməməsi şərti ilə mümkündür. Digər
ağrılı məsələ bir pilləkən qəfəsində 7-8 mənzil yerləşdirilən
yaşayış binalarının layihələndirilməsidir. Bu mənzillərin
əksəriyyətinin bir otaqlı olması gələcəkdə bir sıra məişət
problemlərinin yaranması gətirib çıxara bilər", - deyə sədr
bildirib.