16:19
Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Axar.az fərmanın mətnini təqdim edir:
1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət, habelə dövlət büdcəsindən və qanunla qadağan olunmayan digər mənbələrdən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar ayrılan vəsaitin istifadəsi üzərində maliyyə nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydası” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 281-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. Müəyyən edilsin ki:
1.1. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 8-ci maddəsinin I hissəsinin birinci abzasında, IV hissəsinin birinci abzasının ikinci cümləsində və 16-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 281-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
3. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 254 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 33 (Cild I) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin I hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 20-ci maddəsinin I hissəsinin dördüncü cümləsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 13-cü maddəsinin III hissəsinin ikinci cümləsində və “Keçid müddəaları”nın III hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 8-ci maddəsinin I hissəsinin birinci abzasında, IV hissəsinin birinci abzasının ikinci cümləsində və 16-1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası nəzərdə tutulur.”.
4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 102 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 610 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
5. “Məhkəmələr və hakimlər haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Prokurorluq haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Bələdiyyə üzvünün statusu haqqında”, “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 noyabr tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 11, maddə 888 (Cild I) 2-ci hissəsindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsinin birinci cümləsində və 16-1-ci maddəsində,” sözləri çıxarılsın.